Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Culfa rayonunun Boyəhməd kəndində olmuşdur. Briqada yüksəkixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmişdir. Əhalinin kütləvi profilaktik müayinəsi son illərin quruculuq ünvanlarından biri olan feldşer-mama məntəqəsində həyata keçirilmişdir. Həkim briqadası tərəfindən gün ərzində 18 terapevtik, 8 pediatrik-cərrahi, 6 cərrahi, 18 ginekoloji xəstə müayinə edilmişdir. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. Əhali arasında ürək-damar, şəkərli diabet, onkoloji, vərəm xəstəlikləri, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti barədə səhiyyə maarifi işi aparılmış, xəstəliklərin profilaktikası ilə bağlı tibbi məsləhətlər verilmişdir.
* * *
Avqust ayı üçün təsdiq edilmiş qrafikə əsasən, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Kəngərli rayonunun Çalxanqala kəndində 42, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası Şahbuz rayonunun Şada kəndində 6, Kardioloji Mərkəzin həkim briqadası isə Babək rayonunun Şıxmahmud kəndində 46 nəfəri müayinə etmiş, 2 nəfəri dispanser qeydiyyatına almışdır. Göz Xəstəlikləri Xəstəxanasının həkimləri Şıxmahmud kəndində 26, Naxçıvan şəhərindəki 1 nömrəli uşaq bağçasında işçi heyət də daxil olmaqla, bütövlükdə, 265 nəfəri profilaktik müayinələrdən keçirmişlər.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin tibb işçiləri Culfa rayonunun Dizə kəndində ilkin vərəmə şübhəli olan uşaqları səyyar flüoroqrafik maşınla müayinə etmişlər. Uşaqlar arasında bu xəstəlik qeydə alınmamışdır. Briqada Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki uşaq bağçasında da səyyar flüoroqrafik maşınla müayinələr aparmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti