1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılmış və səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur.
Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir”.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirməsi səhiyyə sisteminin də inkişafına səbəb olub. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının icrası vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan vermişdir.
Muxtar respublikada da əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə tədbirlər 2019-cu ildə də davam etdirilmiş, Şərur Rayon Uşaq Xəstəxanası, Kərimbəyli və Muğanlı, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə, Kəngərli rayonunun Böyükdüz kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Alışar, Xələc, Babək rayonunun Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir.
Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar rayon mərkəzi xəstəxanalarında yenidənqurma işləri aparılmış, ən müasir texnoloji yenilikləri özündə birləşdirən tibbi cihaz və avadanlıqlar alınaraq quraşdırılmış, “Səhiyyə İnformasiya İdarəetmə Sistemi” qurulmuş və vahid məlumat bazasının idarə edilməsi üçün server otağı təşkil edilmişdir. Sədərək, Şərur, Kəngərli, Şahbuz, Babək, Ordubad və Culfa rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanılmış, tibb işçilərinin əməkhaqları artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq edilməyə başlanmışdır. Bu məqsədlə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına, Naxçıvan Muxtar Respublika, Əziz Əliyev adına Mərkəzi Uşaq xəstəxanalarına, Naxçıvan Muxtar Respublikası Kardioloji və Doğum mərkəzlərinə publik hüquqi şəxs statusu verilmişdir. Həmin səhiyyə müəssisələrində çalışanların aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılmışdır.
Bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində Almaniya istehsalı “SİEMENS ARTİS ZEE” markalı döşəmətipli müasir angioqrafiya aparatı quraşdırılmışdır. Ötən il “Nəxşicahan Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Doğum Mərkəzinə hamilələrdə döldə və yeni doğulmuşlarda ürək qüsurunun aşkar olunması üçün stasionar exo-kardioqraf aparatı hədiyyə edilmişdir. Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobillərinin təqdim olunması da xidmətin təşkilində keyfiyyətcə yeni mərhələ açmışdır.
Hazırda səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Səhiyyə müəssisələri Təcili yardım, Elektrokardioqrafiya, Exokardioqrafiya, EKQ-tredmil, Rentgen, Çoxprofilli diaqnostika, Hemodializ, Cərrahiyyə, Kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi mümkündür. Nəticədə, yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stent qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatları aparılmasına nail olunmuşdur. Bu da əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır. Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri onlara həm maddi, həm də mənəvi dəstək olmuşdur.
Vətəndaşların kütləvi tibbi müayinədən keçirilməsi barədə ölkə başçısının müvafiq tapşırığı, səhiyyə sistemində qəbul edilmiş dövlət proqramları hər il muxtar respublikamızda da uğurla icra olunur, tibbi müayinə zamanı aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilir. Ahıl, eləcə də torpaqlarımızın və dövlətçiliyimizin qorunması zamanı sağlamlıqlarını itirmiş vətəndaşların, müxtəlif yaş qrupuna daxil olan əhalinin kütləvi müayinələri diqqət mərkəzində saxlanılır.
Muxtar respublikada uşaqların sağlam böyüməsi üçün tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən işlərin davamıdır. Publik hüquqi şəxs statuslu Şərur və Ordubad rayon uşaq xəstəxanalarının yaradılması gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində görülən mühüm tədbirlərdəndir.
Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları fəaliyyətlərini davam etdirir, yerlərdə əhalinin müayinə-müalicə işi ilə məşğul olurlar. Süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə uşaqlar arasında tuberkulin və diaskin test sınağı, flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların, tələbələrin kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji və digər müayinələri davam etdirilir. Uşaqlara tibbi xidmət göstərən səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir tibbi avadanlıqlarla təchiz edilməsi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması nəticəsində onlar arasında bəzi yoluxucu xəstəliklərin tam ləğv olunması, somatik və irsi-genetik xəstəliklərin isə azalması körpə ölümünün minimuma endirilməsinə şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi” haqqında 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Tibb Kolleci Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin himayəsinə verilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində Səhiyyə Nazirliyi ilə bu təhsil müəssisələri arasında əlaqələr daha da genişlənmişdir.
Bu gün muxtar respublikada əhaliyə 226 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir. Həmin tibb müəssisələrində 695 həkim, 2 min 200-dən artıq orta tibb işçisi çalışır. Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün tədris kompleksinin istifadəyə verilməsi, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Hər il keçirilən səhiyyə yarmarkaları isə gənc tibbi kadrların işlə təminatında mühüm rol oynayır.
Muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Naxçıvan Muxtar Respublikasının tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər”.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti