Dünən Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 dekabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək üçün əhalinin maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açıb. Bildirib ki, müvafiq sərəncama əsasən bu il yanvarın 1-dən etibarən Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. O, icbari tibbi sığortanın əhəmiyyəti barədə danışıb, rayonda bu istiqamətdə görülən işləri diqqətə çatdırıb, keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq icbari tibbi sığortanın mərhələli şəkildə ilk olaraq Sədərək, sonra isə Şərur, Kəngərli, Şahbuz və Ordubad rayonlarında tətbiqinə başlanılıb və tibb müəssisələrinə publik hüquqi şəxs statusu verilib. İcbari tibbi sığortanın tətbiqi məqsədilə rayon mərkəzi xəstəxanalarında və icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələrində agentliyin qeydiyyat məntəqələri yaradılıb və fəaliyyətləri təmin edilib.
Vurğulanıb ki, icbari tibbi sığortanın tətbiqi məqsədilə Babək Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma və təmir-bərpa işləri həyata keçirilib, mərkəzi oksigen sistemi qurulub, fiber-optik xətlər vasitəsilə internet şəbəkəsi, mərkəzi server və Medisoft “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb. Hazırda xəstələrin qeydiyyatı “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə aparılır. Xəstəxananın Təcili tibbi yardım şöbəsi yenidən təşkil edilib, maddi-texniki bazasını gücləndirmək və göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədilə müasir tibbi cihaz və avadanlıqlar quraşdırılıb. Həmçinin agentliyin qeydiyyat məntəqəsi yaradılaraq fəaliyyəti təmin edilib.
Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Vüsal Məmmədovun “İcbari tibbi sığorta nədir?”, Nazəni Rüstəmlinin “İcbari tibbi sığortada tibbi xidmətin təşkili” mövzularında çıxışları dinlənilib. Həmin mövzularla bağlı slaydlar nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi