Duzdağ Fizioterapiya Mərkəzi dünyada unikal və analoqu olmayan sağlamlıq müəssisəsidir. Yola salmaqda olduğumuz ilin ən əlamətdar hadisələrindən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 16 may tarixli Sərəncamı ilə bu səhiyyə müəssisəsinin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi oldu. Naxçıvanımızın təbii sərvətinə, eləcə də bu sərvəti keçmişimizdən bu günümüzə daşıyan tariximizə dəyər verilən həmin Sərəncamda deyilir: “Tarixən Naxçıvan Duzdağının və duzunun əhəmiyyəti alimlərin elmi-tədqiqat obyektinə çevrilmiş, geniş arxeoloji tədqiqatlar aparılmış, duzdan səmərəli istifadənin yolları müəyyənləşdirilmişdir. Naxçıvan duzundan məişətdə, sənayedə, təbiətdə və tibbdə geniş istifadə olunur... Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Müalicə üçün mərkəzə hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın müraciət olur”.
Ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərmiş, burada nümunəvi kollektiv formalaşmışdır. Duzdağ Fizioterapiya Mərkəzi yarandığı vaxtdan bu günədək – 40 il bu müalicə müəssisəsinin fəaliyyətinin şahidi olan və səmərəli işinə görə mərkəzin 40 illik yubiley ilində “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülən Nizami Şahtaxtinski ilə görüşüb həmsöhbət olduq.
– Həkim, 40 illik yubileyini qeyd etdiyimiz bu səhiyyə ocağının uğurlu fəaliyyətində sizin də böyük zəhmətiniz olub. Əməyiniz dövlətimiz tərəfindən qiymətləndirilib və təltif olunmusunuz.
– Həqiqətən də, əməyimə dövlətimiz tərəfindən yüksək qiymət verildi və həmin unudulmaz anı bu gün də böyük sevinc və minnətdarlıq hissi ilə xatırlayıram. Ömrünün 40 ilini eyni müəssisədə insanların sağlamlığına həsr edən bir həkim üçün bundan böyük hədiyyə ola bilməzdi. Qarşıdakı illərdə də Duzdağ Fizioterapiya Mərkəzinin şöhrətinin daha da artmasına, şəfa tapmaq məqsədilə bu ünvana üz tutanların öz sağlamlıqlarına qovuşmasına çalışacağam.
– Nizami Şahtaxtinski… Soyadınızı eşidəndə xəyalımda çoxşaxəli fəaliyyətləri ilə muxtar respublikamızın ictimai həyatında əvəzsiz rolu olan, dövlət quruculuğunun və hərb sənətinin, elmin, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına böyük töhfələr verən və bununla da Azərbaycan tarixində özünəməxsus iz qoyan Şahtaxtinskiləri canlandırdım. Düşündüm ki, 40 il eyni tibb ocağında insanlara sağlamlıq bəxş edən insan məhz elə Şahtaxtinskilər nəslinə məxsus ola bilər.
– Bəli, düşündüyünüz kimidir. Mənim üçün çox qürurvericidir ki, adları tariximizlə qoşa çəkilən Şahtaxtinskilər nəslinin nümayəndəsiyəm. Muxtar respublikamıza dövlət xadimi, hüquqşünas, ədəbiyyatşünaslar bəxş edən bu nəsil böyük bir nəsil olub. Şahtaxtinskilər şəcərəsi 7 qol üzrə böyük bir nəsli təşkil edib. Babamın söylədiyinə görə, biz Şahtaxtinskilərin Cahangir ağa nəslinə mənsubuq. Babamın babası olan Cahangir ağa Almaniyada hüquq təhsili almış, uzun illər Fransada işləmişdir. Naxçıvan şəhərindəki Koroğlu heykəlinin ətrafında vaxtilə olan ucsuz-bucaqsız zəmilər babamın babasına məxsus olub.
Bu məşhur və mövcud olduqları dövrlər boyu cəmiyyətə ziyalılıq şöləsi yayan nəslin bir nümayəndəsi kimi mən də 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Tibb Universitetini) bitirib, həkimlik sənətinə yiyələnmişəm. Belarus Respublikasında allerqoloq kimi ixtisasartırma kursu keçib, 1979-cu ildən Duzdağ Fizioterapiya Mərkəzində çalışmağa başlamışam. Daha sonra isə Pulmonologiya ixtisası üzrə sertifikasiya imtahanından keçərək həm də pulmonoloq-həkim kimi fəaliyyət göstərirəm.
– 66 illik ömür yolunun 40 ili… Çox maraqlıdır və maraqlı olduğu qədər də təəccübedicidir. 40 il eyni iş yerində çalışmaq... Bu həm də nadir təsadüf edilən bir haldır.
– Bəli, eyni müəssisədə davamlı fəaliyyətim və bu il onun 40 ilə çatması çox insanların – dostların, tanışların, hətta xəstələrimin də təəccübünə səbəb olub. Düzdür, belə hallara cəmiyyətimizdə çox da təsadüf edilmir. Lakin mənə görə bu, adi haldır. İnsan bir iş yerində özünü tapa, sənəti ilə cəmiyyətə xeyir verə bilirsə, hələ, üstəlik, bir zamanlar xəstəsi olanlar sonralar onun ailə dostuna, ən yaxın yoldaşına çevrilirsə, bəli, o iş yerində zaman gəlib 40 ili də haqlayar, hələ 50, 60 ili də.
– Həkim, maraqlıdır ki, duzla əhatə olunmuş bir məkanda insan, sadəcə, nəfəs almaqla necə sağlığına qovuşur. Görəsən, duzla müalicə ilk dəfə necə müəyyənləşib?
– Dünya səhiyyə təşkilatının göstəricilərinə əsasən dünya əhalisinin 250 milyona yaxını bronxial-astma xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin müalicəsində çoxlu üsullar vardır. Onlardan biri də bu xəstələrin duz şaxtası şəraitində müalicəsidir. Buna speleoterapiya (yunanca spelation – mağara, kaha deməkdir), yəni mağara şəraitində müalicə deyirlər. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhəri yaxınlığında Toksana vilayətinin Monsumman yaşayış ərazisində stalaktit və stalaqmit şaxtalarında revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır. Maraqlı bir faktı da deyim ki, Almaniya Federativ Respublikasının Vestfal əyalətində karst şaxtası var. İkinci Dünya müharibəsi dövründə sovet qoşunları Almaniyaya hücum edərkən bombardmandan qorunmaq məqsədilə həmin ərazinin əhalisini bu şaxtaya yerləşdirmişlər. Uzun müddət şaxtada qaldıqdan sonra bronxit və bronxial-astma xəstəsi olanlar burada gərgin əsəb pozğunluğu və qorxuya baxmayaraq, özlərini yaxşı hiss etmişlər. Belə ki, boğulma tutmaları kəsilmiş, öskürək azalmışdır. Müharibədən sonra həmin şaxta tənəffüs sistemi xəstəlikləri üçün müalicə ocağına çevrilmişdir.
Qeyd edirsiniz ki, sadəcə, nəfəs almaqla xəstələr necə müalicə olunur. Bəli, burada müalicə bəzi preparatlar istisna olmaqla, sadəcə, nəfəs almaqladır. Lakin biz allerqoloqlar bu qənaətə gəlmişik ki, effekt şaxtanın xüsusi mikroklimatı, allergenlərin olmaması, havada aerozol şəklində natrium və xlor ionlarının varlığı daimi barometrik təzyiqin nəticəsində allergik iltihaba reflektorik təsir göstərərək allergik reaksiyaların zəncirini qırır və nəticədə, kliniki, biokimyəvi effektlər yaranır.
– Nizami həkim, dünyanın bir çox ölkələrində duz şaxtası şəraitində müalicə mövcuddur. Lakin bəzi tədqiqatçılar, hətta burada müalicə alan xəstələr də etiraf edirlər ki, diyarımızdakı duz şaxtası onların hər birindən effektlidir.
– Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı bronxial-astma və allergik rinit, pollinoz, xroniki bronxit və astmatik komponentli digər xəstələrin müalicəsinin səmərəliliyinə şərait yaradır. Odur ki, mərkəzdə yerli sakinlərlə yanaşı, ölkəmizin dəniz sahili və rütubətli bölgələri olan Bakı və Sumqayıt şəhərlərindən, Gəncədən və digər rayonlardan gələn xəstələr də müalicə alırlar. Şəfa ocağının sorağı ilə bura, həmçinin Rusiya Federasiyası, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin də vətəndaşları gəlirlər. Qürurverici bir faktı da deyim ki, Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı ikitərəfli əlaqələrə uyğun olaraq 2012-ci ildən başlayaraq hər il Acarıstanın aztəminatlı ailələrindən olan və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqların Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsi təşkil edilir.
– Nizami Şahtaxtinski Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik fəaliyyətinə şahid bir həkim, insan kimi müəssisənin 40 il əvvəlki və sonrakı vəziyyətini necə xarakterizə edir?
– Təbii ki, bu fərq müqayisə olunmayacaq dərəcədədir. Mərkəz 1979-cu ildə 50 çarpayılıq Naxçıvan Fizioterapiya Xəstəxanası kimi fəaliyyətə başlayıb. Yadımdadır, o zaman xəstələr burada çox çətinliklərlə üzləşirdilər. Çünki şaxtada, eyni zamanda duz da çıxarılır, tunelboyu xüsusi vasitələrlə daşınırdı. Xəstələr isə həmin daşıyıcıların yanlarında qalan dar yolla palatalara keçməli olurdular.
80-ci illərdə şəfa ocağında çarpayıların sayı 100-ə çatdırıldı. Ötən 40 il ərzində müalicəyə gələnlərin sayı artdıqca mərkəzin ərazisi də genişləndirildi. Yeraltı və yerüstü şöbələrin müasir səhiyyə müəssisəsinə çevrilməsi isə son 20 ilin payına düşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə 2004-cü ildə Duzdağ şaxtası müasir tələblərə uyğun yenidən qurulub, bir neçə il sonra yeni avadanlıqlarla təchiz edilərək çarpayıların sayı 250-yə çatdırılıb, Duzdağ Fizioterapiya Mərkəzi adlandırılıb. Hazırda mərkəzin iki bölməsində 474 yer mövcuddur ki, bunun da 127 çarpayılıq bölməsi “Duzdağ” otelinin balansındadır. Mərkəzin 4 qadın palatasında analarla yanaşı, həm də uşaqlar müalicə alırlar. Müraciət edənlərin sayı artdığından kişi palatasında təmir işləri aparılaraq genişləndirilib və 65 çarpayı artırılıb. Bununla da tələbatın daha çox artdığı yay mövsümündə bizə müraciət edən pasiyentlərin yerləşdirilməsi üçün heç bir problem olmur.
Qeyd edim ki, burada müalicə kursu böyüklər üçün 20-24, uşaqlar üçün 14-18 seansdır. Xəstələr axşam saat 6-dan səhər 8-dək şaxtada olurlar. 2-12 yaşlı uşaqlar gündüz, 12 yaşdan yuxarı uşaqlar isə gecə saatlarında müalicə alırlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə, insan səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70, uşaqlarda isə 80-85 faiz yaxşılaşma müşahidə olunur.
– Yuxarıda burada müalicə edilən xəstəliklərin adlarını da sadaladınız. Təbii ki, duz şaxtası sadalanan xəstəliklərin əlacı olmaqla yanaşı, bəzi xəstəliklərə əks-göstəriş də ola bilər.
– Doğru vurğulayırsınız. Bu, çox həssas məqamdır. Onsuz da xəstələr müayinə edildikdən sonra şaxtaya buraxılır. Lakin bunu bütün xəstələrin bilməsi vacibdir. Bronxial-astma da daxil olmaqla bütün xəstəliklərin kəskinləşmə dövrü, bronxial-astmanın I mərhələsinin ağır bazası və II mərhələ, ürək qüsurları, qan dövranının çatışmazlığı, hipertoniya, böyrəklərin kəskin və xroniki xəstəlikləri, mədənin və onikibarmaq bağırsağın yaraları, xroniki hepatit və xolesistitlər, tireotoksikoz, şəkərli diabetin orta ağırlığı və ağır fazası, burunun polipi və haymoriti, ağciyərlərin vərəmi zamanı duz şaxtasına girmək qadağandır. Çünki bu cür xəstəlik və çatışmazlıqların hər hansı birində xəstələrdə kəskin ağırlaşmalar baş verə bilər.
– Həkim, ağırlaşmalardan söhbət düşmüşkən, fəaliyyətiniz dövründə belə xəstələrlə qarşılaşmısınızmı?
– Dəfələrlə. Bu yaxınlarda mərkəzə allergiyadan əziyyət çəkən balaca bir qız gətirmişdilər. Müayinə zamanı uşağın birdən-birə vəziyyəti kəskin şəkildə pisləşdi. Mən təbii və maraqlı olan Çin təbabətini də bir qədər mənimsəmişəm. Öyrəndiklərimə əsasən tibb bacıları yardım edənədək masajla uşağı vəziyyətdən çıxardım.
Lap əvvəlki illərdə başqa bir allergik xəstənin düşdüyü vəziyyəti də həmişə xatırlayaram. O vaxtlar indiki kimi birdəfəlik şprislər yox idi, onlar işlədildikdən sonra qaynadılıb yenidən istifadə edilirdi. Bronxial-astma xəstəsi olan ortayaşlı bir kişi gəlmişdi. Otaqda onu müayinə edərkən birdən vəziyyəti tamamilə kəskinləşdi. Mən dərhal anladım ki, ona bu qaynadılan şprislərdən ətrafa yayılan dərman qoxusu pis təsir edir. Həkim yoldaşlarımın köməyi ilə onu açıq havaya çıxardıq, az sonra xəstənin vəziyyəti sabitləşdi.
Bronxial-astma, allergiya xəstələrinə çox həssaslıqla yanaşmaq lazımdır. Çünki onların vəziyyəti bəzən tək ətrafdakı qoxularla deyil, bir kəlmə sözlə də dəyişilə bilir.
– Müasir dövrümüzdə bəzi qidalar var ki, insanlar üçün tamamilə zərərlidir. Bir allerqoloq kimi sizin bunlara münasibətiniz...
– Kim sağlam olmaq istəyirsə, ilk növbədə, qidalara diqqət yetirəcəkdir. Allergiyalı xəstələr isə xüsusilə. Qazlı içkilər, keyfiyyətsiz şokolad, biskvit məhsulları, cipsilər, sitrus meyvələri bu xəstələrin “düşmənidir”. Üstəlik, təbii yeməklərə də həssaslıqla yanaşılmalıdır. İstər sağlam, istərsə də allergiyaya meyilli insanda hər hansı bir meyvə əks-göstəriş yaradırsa, o yeyilməməlidir. Həm də günlük yemək menyularına diqqət olunmalıdır. Məsələn, səhər bal yeyilərsə, həmin gün artıq balıq yemək olmaz. Allergiya xəstələri hər gün yumurta yeyə bilməzlər. Yəni bütün bunlara riayət olunarsa, təbii ki, müalicənin də effektivliyi artar.
– Duzdağ Fizioterapiya Mərkəzinin 40 ilinin şahidi olan həkim Nizami Şahtaxtinskinin bir naxçıvanlı kimi son sözü…
– Ali Məclis Sədrinin bizimlə görüşü zamanı söylədiyi fikirləri həmişə xatırlayıram: “Duzdağ Fizioterapiya Mərkəzi bu gün muxtar respublikanın tanıdılması və təbliğində mühüm rola malikdir. Çünki təbii sərvətimiz olan duzdan həm məişətimizdə geniş istifadə olunur, həm də duz şaxtalarında yaradılmış səhiyyə müəssisəsi insanlara şəfa verir. Dünyanın müxtəlif ölkələrindən mərkəzə müraciət edən insanlar hərtərəfli müalicə almaqla yanaşı, eyni zamanda Naxçıvanı da təbliğ edirlər. Bu da turizmin inkişafına töhfədir. Ölkələr, adətən, turizmin bir sahəsi üzrə ixtisaslaşırlar. Lakin bu gün Naxçıvan Muxtar Respublikasında turizmin müxtəlif növləri, o cümlədən sağlamlıq turizmi inkişaf edir”.
Bəli, Duzdağ bir möcüzədir. Ulu Yaradanın Naxçıvana bəxş etdiyi möcüzə. Mən bir naxçıvanlı, həm də bu möcüzənin ətrafa səpələdiyi şəfanın 40 illik şahidi kimi nə deyə bilərəm? Bu möcüzə ilə qürur duyuram. Neçə illər onlarla klinikalarda müalicə alıb, müsbət nəticə görməyən, daha sonra Naxçıvan Duzdağının sorağı ilə buraya gəlib, gülə-gülə ayrılan, hər il müalicə üçün yenidən bu səhiyyə ocağına qayıdan, hələ, üstəlik, öz yaşadığı yerlərdən başqa xəstələri də özü ilə gətirən insanları gördükcə qürurum da, sevincim də birə-beş artır. Bütün bunlar muxtar respublikamızda müalicə turizminin formalaşmasına, bura turistlərin axınına səbəb olan amillərdir. Bu gün hər kəsin ümdə vəzifəsi ondan ibarətdir ki, əlimizdə olan belə möcüzələri qoruyub, gələcək nəsillərə ötürə bilək. Bununla həm də sahib olduqlarımıza uzun ömür bəxş etmiş olarıq.
– Maraqlı müsahibə üçün çox sağ olun.
Mətanət MƏMMƏDOVA