Dünən “Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 10 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək üçün “Ordubad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində çalışan tibb işçiləri üçün maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirədə qarşıya qoyulan tapşırıqların və müvafiq sərəncamın icrası istiqamətində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, müvafiq fərman və sərəncamlara əsasən Sədərək, Şərur, Kəngərli, Şahbuz rayonlarında icbari tibbi sığorta tətbiq olunur. Qeyd edilib ki, agentlik sığortaolunanlara baza zərfinə əsasən xidmət göstərir. Baza zərfinə 18 ilkin səhiyyə, 5 təcili və təxirəsalınmaz, 471 ambulator, 285 laborator müayinə, 23 fizioterapevtik, 600 stasionar və 123 həyativacib olmaqla, ümumilikdə, 1525 tibbi xidmət daxil edilib. Agentliyin qeydiyyat məntəqələri yaradılıb və fəaliyyəti təmin olunub.
Vurğulanıb ki, Ordubad rayonunda da icbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcəkdir.
Sonra agentliyin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədov “İcbari tibbi sığorta nədir?”, Səhiyyə və sosial iqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Nazəni Rüstəmli “İcbari tibbi sığortada tibbi xidmətin təşkili” mövzularında çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi