22 Dekabr 2024, Bazar

Muxtar respublikada stomatologiya sahəsində əldə edilən yeni nailiyyətlər bu sahənin inkişafına, ixtisaslı kadr potensialının artırılmasına lazımi diqqət yetirildiyini göstərir.
Bu fikir Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə “Müasir stomatologiyada modernləşməyə gedən yollar” mövzusunda keçirilən seminarda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbirdə Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, Azərbaycan İmplantoloq İctimai Birliyi ilə muxtar respublikanın Səhiyyə Nazirliyi arasında sıx əlaqələr qurulub. Nazir hər il Naxçıvanda oxşar tədbirin keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, muxtar respublikada səhiyyə sisteminin inkişafına dövlət qayğısının artırılması, bu sahənin maddi-texniki bazasının, infrastrukturunun yenidən qurulması, mövcud olan və tikilib istifadəyə verilən kənd həkim ambulatoriyalarında stomatoloji kabinələrin yaradılması, onların müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan verir.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, ­dosent Elbrus İsayev qeyd edib ki, bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, təhsil və səhiyyə sahələrində də ardıcıl tədbirlər həyata keçirilir, ixtisaslı kadrların yetişdirilməsi üçün bütün şərait yaradılır.
Muxtar respublikada tibb sahəsində təhsilin inkişafından danışan rektor qeyd edib ki, 1999-cu ildə universitetin Təbiətşünaslıq fakültəsinin nəzdində Pediatriya ixtisasına 25 nəfərlik tələbə qəbulunun aparılması ilə muxtar respublikada ali tibb təhsilinin təməli qoyulub. Fakültədə 2007-ci ildə Tibbi profilaktika, 2011-ci ildə Müalicə işi, 2012-ci ildə isə Əczaçılıq və Stomatologiya ixtisasları yaradılıb, fakültə üçün yeni implantologiya kabinəsi istifadəyə verilib.
Təhsil müddətində tələbələr praktik vərdişlərə yiyələnmək məqsədilə Naxçıvan Muxtar Respublikasının müasir xəstəxanalarında və Türkiyənin Kayseri Erciyes, Ərzurum Atatürk, Elazığ Fırat, Van Yüzüncü Yıl, Kars Kafkaz, Ankara universitetlərinin Tibb fakültələrinin klinik xəstəxanalarında peşə təcrübələri keçirlər.
Elbrus İsayev vurğulayıb ki, 2003-cü ildən müstəqil fəaliyyət göstərən Tibb fakültəsində hazırda 680-ə yaxın tələbə təhsil alır. Onların 300-dən çoxu xarici ölkə vətəndaşıdır. 2012-ci ildən rezidentura hazır­lığına başlanan fakültədə 23 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir, 50-dən çox həkim-rezident muxtar respublikanın xəstəxanalarından tədris-klinik baza kimi istifadə edir.
Belə tədbirlərin keçirilməsinin Naxçıvandakı tibbi kadrların təcrübəsinin və biliklərinin artırılmasına xidmət etdiyini deyən rektor seminarın işinə uğurlar arzulayıb.
Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov çıxışında Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib, bu konfransların keçirilməsinin yerli həkimlərlə təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb, təşkilatçılara minnətdarlığını bildirib.
Sonra seminarda stomatologiyanın müxtəlif sahələrini əhatə edən mövzularda çıxışlar dinlənilib, müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tural Ağayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR