Dünən keçirilən sertifikasiya imtahanlarının növbəti mərhələsində tibb bacıları öz bilik və bacarıqlarını sınayıblar.
Muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları kompüterə verilmiş proqrama uyğun aparılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalından istifadə edilib.
Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1001, müsahibə mərhələsi üzrə isə 274 sual tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60, müsahibə üçün isə 25 sual seçilərək imtahanda iştirak edən tibb bacılarına paylanılıb. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. Sualların test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissə üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb. Bu, aşkarlıq və şəffaflığı təmin edib.
İmtahanlarda 30 tibb bacısı iştirak edib. Suallardan test üzrə 40 və ya daha çox, klinik tapşırıq üzrə isə 16 və ya daha çox bal toplamış 24 nəfər sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. Tibb bacısı Xanım Kərimova yüz faizli nəticəyə nail olub. 6 nəfər isə zəruri həddi keçə bilməyib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən tibb bacıları ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.
Belə imtahanların hər beş ildən bir keçirilməsində məqsəd əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin artırılmasından ibarətdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti