22 Dekabr 2024, Bazar

Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. QİÇS-lə Mübarizə Gününün məqsədi dünya ictimaiyyətinin diqqətini bu problemin həllinə cəlb etməkdən, insanları maarifləndirməkdən ibarətdir.
Qazanılmış immunçatışmazlığı sindromu (QİÇS-SPİD) eyniadlı virus – insanın immunçatışmazlığı virusu (İİV) tərəfindən törədilən ən təhlükəli infeksion xəstəliklərdəndir.
Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya QİÇS-in yaranma və yayılmasının əsas səbəblərindəndir. Bundan başqa, yoxlanmamış donor qanın köçürülməsi zamanı birdəfəlik şprislərin təkrar istifadəsi, steril olmayan tibbi alətlər, döymə, qulaq və bədənin digər üzvlərinin deşilməsi, manikür, gigiyenik tələblərə cavab verməyən əşyalardan istifadə və başqa amillər də yoluxmaya gətirib çıxara bilər.

Qeyd edək ki, 1996-cı il aprelin 16-da ölkəmizdə “İnsan immun­çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” Qanun qəbul olunub. 2010-cu ildə isə qanun yenidən işlənərək bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilib.
Ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində son illər immunçatışmazlığı virusuna yoluxma səviyyəsi stabildir. Bu gün muxtar respublikamızda da yoluxma səviyyəsinin aşağı olması çox sevindirici haldır. Lakin ərazimizin 3 dövlətlə həmsərhəd olması, xarici ölkələrə gediş-gəlişin artması, əksər ölkələrdə bu xəstəliyin sürətlə çoxalması muxtar respublikada da QİÇS-in yayılmasına səbəb ola bilər. Ona görə də QİÇS-in profilaktikasına dair epidemioloji nəzarət və təbliğat gücləndirilir, xəstəliyin vaxtında aşkar edilməsi məqsədilə bütün donorlar, ümumiyyətlə, risk qrupuna aid olan bütün şəxslər laborator müayinələrə cəlb edilir. Bu gün muxtar respublikada nikaha daxil olmaq istəyən şəxslər hepatit B, hepatit C, o cümlədən QİÇS üzrə tibbi müayinələrə cəlb olunurlar. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binasında fəaliyyət göstərən QİÇS-lə mübarizə şöbəsi üçün müasir iş şəraiti yaradılmış, ən müasir laboratoriya avadanlıqları quraşdırılmışdır.
QİÇS-lə mübarizə şöbəsində ailə qurmaq istəyən gənclərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilir. Bu profilaktik tədbirlərlə yanaşı, səhiyyə maarifi, əhalinin sağlam həyat tərzi də diqqət mərkəzində saxlanılır. Belə maarifləndirici tədbirlərin həyata keçirilməsi xəstəliyin yayılması və qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.
Muxtar respublikada son illər ölkə­mizin gələcəyi olan gənclərin savadlı, dünyagörüşlü və sağlam böyüməsi məqsədilə müasir təhsil və idman infrastrukturu yaradılmış, gənclərin asudə vaxtlarının səmərəli təşkili təmin edilmişdir. Artıq muxtar respublikada zərərli vərdişlərdən uzaq, bilikli və sağlam həyat tərzi keçirən vətənpərvər gənc nəsil yetişib.
Unutmayaq ki, hər bir insanın sağlamlığı, ilk növbədə, onun özündən asılıdır. Normal həyat tərzi sürmək üçün hər kəs daim öz sağlamlığının qayğısına qalmalı, zərərli vərdişlərdən uzaq olmalı, gigiyena və sanitariya qaydalarına əməl etməli, xüsusilə də QİÇS-ə qarşı mübarizədə fəallıq göstərməlidir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR