Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini oktyabr ayında da davam etdirmiş, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılmışdır.
Ötən ay muxtar respublikanın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqətdə saxlanılmış, həkim, rezident və orta tibb işçiləri Türkiyə Respublikasında və Bakı şəhərində kurslara göndərilmiş, həmçinin Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 27, Naxçıvan Tibb Kollecinin isə 140 tələbəsi tibb müəssisələrinə hamiliyə verilmişdir. 81 həkim sertifikasiya imtahanında iştirak etmiş, 75-i uğurlu nəticə qazanmışdır.
Ötən ay Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Kəngərli və Sədərək rayonlarında yaşayan I qrup yataq xəstələrini evlərdə tibbi müayinədən keçirmişdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 71 müayinə, 22 cərrahiyyə əməliyyatı aparılmışdır. Həmçinin I-VI sinif şagirdləri arasında ilkin vərəmi aşkarlamaq məqsədilə 1210 uşaqda tuberkulin sınaqları aparılmış, şagirdlərə şəxsi gigiyena qaydalarının öyrədilməsi üçün məşğələ və maarifləndirici tədbirlər keçirilmişdir. Təhsil müəssisələrində 26 min 493 şagird kütləvi müayinələrə cəlb edilmiş, 3 min 470 şagird dispanser qeydiyyatına alınmışdır.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən 67 qadında süd vəzinin profilaktik müayinəsi aparılmış, patologiya aşkar edilən qadınlar Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət olunmuşlar.
Oktyabr ayında Bakı şəhərindən 120 sağlamlıq imkanı məhdud şəxs Darıdağ Arsenli Su Müalicəxanasına, Duzdağ Fizioterapiya Mərkəzinə və Diaqnostika Müalicə Mərkəzinə sanator-kurort müalicəsi üçün qəbul edilmiş, muxtar respublika üzrə 53 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 21 nəfər isə müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti