22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin gənc kollektivi bu fikirdədir 

Səhiyyə sisteminin inkişafı, vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi dövlətin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir. Bu sahəyə əhəmiyyətli sərmayə qoyuluşu, səhiyyədə texnoloji innovasiyaların və müasir müayinə-müalicə üsullarının tətbiqi ölkəmizdə yüksəkkeyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan yaradıb. Əhalinin artmaqda olan tibbi xidmət ehtiyaclarını qarşılamaq və səhiyyənin uzunmüddətli inkişafına nail olmaq məqsədilə bu sahədə dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması və mövcud resursların daha səmərəli istifadəsi tələb olunur. Bütün bunların nəticəsi olaraq ölkədə bir neçə ildir, tətbiqinə başlanılan icbari tibbi sığorta, təbii ki, əhalinin sağlamlığına hesablanmış tədbirlər insan amilinə verilən dəyərdir.

Muxtar respublikamızda da səhiyyə sahəsi daim milli sosialyönümlü siyasətin prioritetləri arasında mühüm yer tutub. Ali Məclis Sədrinin bu sahənin inkişafı ilə bağlı yürütdüyü məqsəd­yönlü siyasət səhiyyənin keyfiyyət və kəmiyyət göstəricilərinin qürur duyulacaq dərəcədə artması ilə müşayiət olunur. 2017-ci ildən muxtar respublikada bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə istifadə edilən icbari tibbi sığortanın tətbiqinə başlanılması isə bu sahəyə göstərilən qayğının daha bir bariz nümunəsidir. Sağlam gələcəyə hesablanmış bu böyük və məsuliyyətli işin həyata keçirilməsi üçün Ali Məclis Sədrinin fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb görülən işlər, perspektiv planlar barədə söhbətləşmək üçün həmin quruma yollanıram. 

Gənc qurumun gənc işçi heyəti 

İlk tanışlıqdan bəlli olur ki, agentliyə, əsasən, gənc mütəxəssislər cəlb olunub. Bu, çox maraqlı və sevindiricidir. Təbii ki, bir millətin mövcudluğunu və inkişafını onun sağlam gəncliyinin olması şərtləndirir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclər hər bir xalqın ayıq-sayıq və ən itigörən gözü, ümumiyyətlə, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Sağlam və intellektual gənc nəslin yetişdirilməsi dövlətin, xalqın əsas strateji hədəflərindən sayılıb. “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz, müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”, – deyərək Azərbaycan gənc­liyinə etimad göstərən ümummilli lider Heydər Əliyevin bu fikirlərinə sadiq olan gənc nəsil cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib. Son illər muxtar respublikamızda təhsilin inkişafına dair yeni fərman və sərəncamların imzalanmasının, maddi-texniki bazanın möhkəmləndirilməsinin, gənclər siyasəti sahəsində görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün naxçıvanlı gənclər öz intellektual səviyyələri, bilik, bacarıqları ilə nəinki ölkədə, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı isə təhsilə fərqli yanaşma mexanizmini formalaşdırmaqla yanaşı, dövlət kadr siyasətinin də inkişafına səbəb olmuşdur. Gənclərin yüksək vəzifələrə irəli çəkilməsi, ictimai işlərdə fəallıqlarının artırılması və bunların effektiv nəticəsi bir çox ilklərə imza atan Naxçıvan modellərindən biridir.
Bu gün muxtar respublikamızda icbari tibbi sığorta kimi həyati əhəmiyyətli işin gənclərə tapşırılması onlara olan etimad və inamın göstəricisidir. Ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlaşdığımız bir dövrdə naxçıvanlı gənclərin həyata keçirdikləri işlər yaxın gələcəkdə bu sahədə də uğurlu Naxçıvan modeli yarada bilər.
Agentlikdə 2 şöbə – İcbari tibbi sığorta işinin təşkili, Səhiyyə və sosial-iqtisadi təhlil şöbələri və 1 sektor – Maliyyə-təsərrüfat sektoru fəaliyyət göstərir. 

Hər kəs iş başında

Səhərdir. İş vaxtı yenicə başlayıb. Gənclik ab-havası, təravəti, aktivliyi duyulan agentlikdə hər kəs iş başındadır. İlk olaraq buradakı gənclərin agentliyin “sütunu” adlandırdıqları İcbari tibbi sığorta işinin təşkili şöbəsi ilə tanış oluram. Şöbə müdiri Vüsal Məmmədov bildirir ki, burada çalışan işçilər ixtisasca iqtisadçıdırlar: “Əsas işimiz vətəndaşlara veriləcək icbari tibbi sığorta paketinin hazırlanması, onların analizi, monitorinqi və gələcəkdə hansı təminatları daha geniş şəkildə əhatə edə biləcəyimizi təhlil etməkdən ibarətdir. Hazırda şöbəmizdə çalışan əməkdaşların hamısı icbari tibbi sığorta sahəsində təcrübə qazanmış gənclərdir”. Vüsal müəllimin sözlərinə görə, muxtar respublikada icbari tibbi sığorta tam tətbiq olunduqdan sonra səhiyyə strukturlarının, tibb müəssisələrinin ödəniş sistemində dəyişikliklər baş verəcək. Onun rəhbərlik etdiyi şöbə də elə yeni ödəniş mexanizmlərini və onun tətbiqi imkanlarını araşdırır. Məsələlərin həlli üçün Səhiyyə Nazirliyi ilə sıx əlaqə saxlanılır. Əsas hədəflərdən biri aztəminatlı ailələrlə bağlı olan xidmətləri də sığorta paketinə daxil etməkdir. Bunun üçün maliyyə hesabatları hazırlanır.
Vüsal müəllim qeyd edir ki, tibbi sığortayla bağlı monitorinqlər aparıldıqda muxtar respublikada riski yüksək olan xəstəliklər araşdırılır. Xəstəliyin ilkin mərhələdə aşkar olunması vətəndaşlar üçün də faydalıdır. Çünki belə xəstələr müalicəyə daha tez cəlb olunacaq. Bu zaman xərclər azalacaq, vətəndaş daha effektiv müalicə alacaq. Ona görə hazırda monitorinqlər, əsasən, bu istiqamətdə aparılır.
İcbari tibbi sığortanın əsas şərtlərindən biri ilkin olaraq icbari tibbi sığorta proqramından istifadə etmək istəyən vətəndaşın tibbi sığorta müqaviləsi bağlamasıdır. Bu müqavilə bağlandıqdan sonra vətəndaşa tibbi sığorta şəhadət­naməsi təqdim olunur. Bir məsələni xüsusilə qeyd edim ki, sığorta şəhadətnaməsi şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edildikdə etibarlıdır. Vətəndaş tibb mərkəzinə müraciəti zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə şəhadətnaməni təqdim edərək icbari tibbi sığorta proqramına uyğun müayinə və müalicə oluna bilər. Agentlik tibbi xidmətin alıcısı olduğundan dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri qarşısında tələblər olacaq. Əlbəttə ki, vətəndaşlara yüksək­keyfiyyətli tibbi xidmətin göstərilməsi və operativlik əsas tələblərdir. Bu məqsədlə də agent­liyin Sədərək, Şərur və Kəngərli rayonlarının xəstəxanalarında, həmçinin icbari tibbi sığortanın tətbiqində iştirak edən digər xəstəxanalarda – “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsi, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanası və Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində qeydiyyat məntəqələri yaradılmışdır. Sığortaolunan vətəndaşların qəbulu, qeydiyyatı aparılır. İcbari tibbi sığortanın tətbiq edildiyi rayonların xəstəxanalarında həyata keçirilə bilməyən tibbi xidmətlər olduqda sığortaolunanlar göndəriş əsasında icbari tibbi sığortanın tətbiq edildiyi digər xəstəxanalara yönləndirilir. Bu zaman agentliyin müvafiq xəstəxanalardakı qeydiyyat məntəqələrinin qeydiyyatçıları xəstələri qəbul edir, göndərişə uyğun olaraq tibbi xidmətin icrası üçün müvafiq sahəyə yönləndirirlər.
Agentliyin ən böyük şöbəsi olan Səhiyyə və sosial-iqtisadi təhlil şöbəsində çalışan əməkdaşlar ölkəmizin qabaqcıl ali təhsil müəssisələrində təhsil almış gənclərdir. Şöbənin əməkdaşları səhiyyə sahəsində olan iqtisadi, sosial və tiblə bağlı bəzi statistik məlumatları toplayıb təhlil edir, icbari tibbi sığortanın tətbiqi ilə bağlı sənədlərin hazırlanması üçün araşdırma aparırlar. Şöbənin aparıcı məsləhətçisi Ülviyyə Babayeva qeyd edir ki, indiyə qədər muxtar respublikada icbari tibbi sığorta sisteminin keçmiş təcrübəsinin olmadığı üçün şöbədə, əsasən, həkim və iqtisadçıların birgə fəaliyyət göstərə bilmələri üçün şərait yaradılmışdır. Bununla da şöbə əməkdaşları tərəfindən beynəlxalq təcrübələr öyrənilir və bu təcrübələr muxtar respublika şərtlərinə uyğunlaşdırılaraq icbari tibbi sığortanın tətbiqi ilə bağlı lazımi məlumat bazası formalaşdırılır.
İcbari tibbi sığorta sahəsində qanunvericilik bazasının öyrənilməsi və araşdırılması prosesini isə agentliyin hüquqşünası həyata keçirir. Taleh Bağırov bildirir ki, onun tərəfindən qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair təkliflər təhlil edilir və bu sahədə mövcud beynəlxalq təcrübə öyrənilir. Bildiyimiz kimi, tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında” qanunlardan, digər normativ-hüquqi aktlardan və ölkəmizin tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Bu sahədə ən başlıca rolu “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu oynayır. Bu qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, eyni zamanda tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. İcbari tibbi sığortanın tətbiq edilməsi işində agentlik bu günə kimi muxtar respublika rəhbərliyinin tapşırıq və göstərişlərinə əsasən müvafiq qanunvericilik çərçivəsində fəaliyyət göstərmiş və hazırda da bu proses yüksək həssaslıqla davam etdirilməkdədir. Belə ki, bu günə kimi qanunvericiliyin tələbləri əsasında tibb təchizatçıları və sığortaolunanlarla müqavilələr bağlanılmış, eyni zamanda həmin müqavilələrdə qeyd olunan tələblərə mütəmadi əməl olunması üçün zəruri tədbirlər görülmüşdür.
Maliyyə-təsərrüfat sektoruna da baş çəkirəm. Sektor müdiri Nicat Əsgərovla maraqlı söhbətimdən sonra bu qənaətə gəlirəm ki, onlar icbari tibbi sığortanın səhiyyə sisteminin dayanıqlı inkişafı və tibbi xidmətin maliyyələşdirilməsi məqsədilə maliyyə hesabatlarının hazırlanması ilə intensiv təhlillər və müzakirələr aparırlar.
Sektorun ümumi işlər üzrə baş məsləhətçisi Çilənay Qurbanlı deyir ki, əsas fəaliyyətləri agentliyin kargüzarlığının aparılması, sənədlərin qeydiyyatı ilə yanaşı, insan resurslarını düzgün idarə­etmə siyasətinin həyata keçirilməsi, yüksək keyfiyyətin əldə edilməsi üçün ən mühüm amil olan professional heyətin seçilməsi, onların inkişaf etdirilməsi və agentlik daxilində karyeralarının qurulmasını təmin etməkdir. Şöbənin əsas məqsədi sənədləşmə və digər əməliyyatların aparılmasında təkcə xidmət təminatçısı kimi yox, agentliyin dəyərlərinə, missiyasına sadiq olaraq digər şöbələrə, eləcə də bütün heyətə strateji tərəfdaş olmaqdır. 

Muxtar respublikamızda icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə və yüksək səviyyədə davam etdirilir 

Vətəndaşların mənafeyinə yönəlmiş, onların keyfiyyətli tibbi xidmət və dərmanlarla təmin olunmasına yardım edən icbari tibbi sığortanın tətbiqi artıq bir neçə ildir ki, muxtar respublikamızda mərhələli şəkildə və yüksək səviyyədə davam etdirilir. Bu barədə agentliyin Səhiyyə və sosial-iqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Nazəni Rüstəmli ilə ətraflı söhbət edirəm. O deyir ki, muxtar respublikada icbari tibbi sığortanın ilk olaraq Sədərək rayonunda tətbiqi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 3 may tarixli Fərman və “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə dair tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 31 may tarixli Sərəncam imzalamışdır. Buna uyğun olaraq agentlik tərəfindən 1 iyul 2017-ci il tarixdən həmin rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.
İcbari tibbi sığortanın uğurlu tətbiqi məqsədilə Sədərək Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri aparılmış, ən müasir texnoloji yenilikləri özündə birləşdirən tibbi cihaz və avadanlıqlar alınaraq quraşdırılmış, “Səhiyyə İnformasiya İdarəetmə Sistemi” qurulmuş və vahid məlumat bazasının idarə edilməsi üçün server otağı təşkil edilmişdir.
Sədərəkdən sonra icbari tibbi sığortanın tətbiq edildiyi növbəti rayon Şərur olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq 1 iyun 2019-cu il tarixdən Şərur rayonunda da icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Bu istiqamətdə də bir sıra uğurlu islahatlar həyata keçirilmişdir. Həmçinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı müvafiq fərman və sərəncamların icrasına uyğun olaraq Sədərək, Şərur Rayon Mərkəzi xəstəxanalarına və Şərur Rayon Uşaq Xəstəxanasına publik hüquqi şəxs statusu verilmiş və tibb işçilərinin əməkhaqları əhəmiyyətli dərəcədə artırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 5 iyul tarixli Sərəncamına uyğun olaraq 1 avqust 2019-cu il tarixdən Kəngərli rayonu da icbari tibbi sığortanın tətbiq edildiyi rayonlar sırasına daxil olmuşdur. Keçən dövr ərzində Sədərək və Şərur rayonlarında icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar əldə olunmuş uğurlu nəticələrə əsasən icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilərək Kəngərli rayonunda da tətbiqi ilə bağlı verilən tapşırıqlara uyğun olaraq bir sıra işlər həyata keçirilmişdir. Bu məqsədlə Kəngərli Rayon Mərkəzi Xəstə­xanası da publik hüquqi şəxs statusu almış, həmçinin burada “Səhiyyə İnformasiya İdarə­etmə Sistemi” qurulmuş və agentliyin qeydiyyat məntəqəsi yaradılmışdır.
İcbari tibbi sığortanın tətbiqindən bu günə­dək agentlik tərəfindən əhali arasında icbari tibbi sığorta və səhiyyə maarifləndirilməsinin aparılması məqsədilə ehtiyac olan məlumatları özündə əks etdirən müxtəlif broşürlər, məlumat kitabçaları və qısametrajlı videoçarxlar hazırlanmışdır. Həmçinin səhiyyə işçilərinin biliyinin daha da artırılması məqsədilə müayinə və müalicə protokolları tərtib edilmişdir. 

İcbari tibbi sığortanın növbəti ünvanı – Şahbuz rayonu 

5 iyul 2019-cu il tarixdə Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə keçirilən müşavirədə Ali Məclisin Sədri əldə olunmuş uğurlu nəticələrə əsasən icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilərək Şahbuz rayonunda da tətbiq edilməsi barədə tapşırıq vermişdir. Bəli, vətəndaşların mənafeyinə yönəlmiş, onların keyfiyyətli tibbi xidmətlə təmin olunmasına yardım edən bir sistemin tətbiq olunacağı növbəti ünvan Şahbuz rayonudur. İcbari tibbi sığortanı həmrəyliyə əsaslanan tibbi xidmətlər modeli hesab edən kollektiv tərəfindən bu sahədə hazırlıq işləri başa çatıb. 

Təəssürat… 

Bir gün ərzində bu gənc kollektivin müasir və innovativ düşüncəli, rənga­rəng ideyalı üzvləri ilə söhbətim hardansa oxuduğum maraqlı fikirləri mənə xatırladır. Deyirlər, illərlə bir yerdə işləyir və yaşayırsınızsa, çalışın, işə eyni yolla getməyəsiniz. Əgər eyni yolla gedirsinizsə, deməli, hər gün beyninizdəki neyron yollardan eynisini işlədirsiniz. Yəni həmişə eyni cür etdiyimiz şeyləri başqa cür etmək çox hallarda hansısa uğurun başlanğıcı ola bilir. Bu hər sahəyə aiddir. Bəli, illər öncə muxtar respublikamızda bir çox stereotiplərin atılıb müasir innovasiyalara qədəm qoyulması, gələcək inkişaf və tərəqqiyə hesablanmış çoxşaxəli proqramların həyata keçirilməsi böyük uğurların möhürü olmaqla yanaşı, yuxarıda da qeyd etdiyim kimi, həm də Naxçıvan nümunəsi kimi formalaşmışdır. İcbari tibbi sığorta sahəsində görülən işlər də qısa zamanın böyük uğurlarındandır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması, bu sahəyə göstərilən diqqət və qayğı, tibbi sığorta sahəsində qazanılmış təcrübə, əldə edilmiş uğurlu nailiyyətlər sayəsində bu gün qürurla demək olar ki, muxtar respublikamız Ali Məclis Sədrinin 2019-cu il 18 mart tarixli Fərmanı ilə icbari tibbi sığortanın tətbiqinə tamamilə hazırdır.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR