22 Dekabr 2024, Bazar

Son illər muxtar respublikamızın səhiyyə müəssisələrində müasir tibbi texnologiyaların tətbiqi xəstəliklərin erkən və düzgün diaqnostikasında mühüm rol oynamaqla yanaşı, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsində, xəstəliklərin qarşısının alınmasında, ağırlaşmaların sayının azaldılmasında da mühüm rol oynayır.
Təkcə bu ilin ötən ilk 6 ayı ərzində muxtar respublikanın tibb müəssisələrində 18651 xəstədə ultrasəslə müayinə, 11817 xəstədə elektrokardioqrafiya, 2797 xəstədə EXO-kardioqrafiya, 139510 parametr üzrə laborator müayinə, 730 nəfərdə elektroensefaloqrafiya, rentgenoloji kabinələrdə profilaktik və diaqnostika məqsədilə 13166 rentgenoloji müayinə, 7861 şəxsdə profilaktik məqsədlə flüoroqrafik müayinə aparılmışdır. Kompüter tomoqraf aparatı vasitəsilə 1942, nüvə maqnit rezonans aparatı ilə 632, mammoqrafiya aparatı ilə 389 nəfərdə diaqnostika məqsədilə müayinə aparılmışdır.

Səhiyyə müəssisələrində yeni texnologiyanın tətbiqinin sürətləndirilməsi, həmçinin mövcud maddi-texniki bazadan daha səmərəli istifadə olunması ultrasəs müayinələrinin də getdikcə artmasına şərait yaratmışdır. Ultrasəs müayinəsi əsas tibbi görüntüləmə metodlarından biri hesab olunur. Bu metod exolokasiya prinsiplərinə əsaslanmışdır. Ekranda olan təsvir bədən strukturlarından əks olunan müxtəlif ultrasəs keçiriciliyinə malik dalğaların analizi nəticəsində formalaşır. Daha informativ və praktik cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və digər orqanların müayinəsində geniş istifadə edilir. 
Hazırda muxtar respublikanın digər səhiyyə müəssisələri kimi, Onkoloji Mərkəzdə də USM-dən müasir müayinə və diaqnostika vasitəsi kimi istifadə olunur. Cari ilin ötən dövründə ultrasəslə müayinə kabinəsi yeni rəqəmli ultrasəs sistemi ilə təchiz olunmuşdur. Bu sistem unikal funksional imkanlara malikdir.
İndi bu aparat vasitəsilə qarın boşluğu orqanlarının (qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq), kiçik çanaq orqanlarının, eləcə də süd və qalxanabənzər vəzlərin, limfa düyünlərinin patologiyasının diaqnostikasında 2D və 3D rejimli müayinələr aparılır. Bu tibbi xidmət həkim-funksionalist Gülnar Məmməd­ova tərəfindən həyata keçirilir. Gülnar həkim iki il əvvəl Türkiyədə ixtisasartırma kursu keçərək USM sahəsində müasir tibbi biliklərə yiyələnmişdir. Təcrübəli mütəxəssisin bildirdiyinə görə, süd vəzinin ul­trasəslə müayinəsi süd vəzi xərçənginin, xoşxassəli süd vəzi xəstə­liklərinin erkən və düzgün diaqnostikası üçün həyati əhəmiyyət daşıyır. Bu gün bütün dünyada qadınları narahat edən ən ciddi sağlamlıq problemlərindən biri süd vəzi xərçəngidir. Vaxtında aşkar olunan süd vəzi xərçənginin müalicə olunmaq ehtimalı 95 faizdir. Ona görə də qadınların üzərinə düşən ən əhəmiyyətli vəzifə onların özlərinin bu xəstəliyə qarşı həssas olmalarından, müayinələrinə diqqət yetirmələrindən ibarətdir. Özü-özünü müayinə 20 yaşından başlayaraq ayda bir dəfə olmalı, 20-39 yaşarası qadınlar hər üç ildə bir, 40 yaşından sonra isə ildə bir dəfə klinik müayinələrdən keçməlidirlər.
Mammoqrafiya süd vəzi xərçəngi əlamətlərinin aşkar edilməsində daha spesifikdir. Lakin mammo­qrafiya ultrasəs müayinəsi ilə birgə aparılmalıdır. Belə ki, ultrasəs müayinəsi mammoqrafiyanın görə bilmədiyi dərin toxumaları görüntüləyə və dəyərləndirə bilir. Bundan başqa, ultrasəs mammoqrafiya üçün sərhəddaxili olan homogen süd vəzi toxumalarındakı quruluşları, solid, yuvarlaq kütlələri maye dolu kistalardan ayırd edə bilir.
Sözsüz ki, süd vəzlərində rast gəlinən törəmələrin erkən aşkarlanması qadınların birbaşa özlərindən asılıdır. Əgər belə müayinələrdə şübhəli hala rast gəlinərsə, dərhal həkimə müraciət olunmalıdır. Çünki erkən və dəqiq qoyulan diaqnoz düzgün müalicənin başlanğıcıdır.
Bunu da unutmaq olmaz ki, insan ən əvvəl özü-özünün həkimi olmadıqca, istər yüz cür müayinə, istərsə də yüz cür müalicə metodu olsun, bunların heç biri ona fayda verməz.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR