Həkim və tibb işçilərinin etik davranış qaydaları insan amilinə verilən dəyərin ifadəsidir
Əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. Buna görə də tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyə işçilərinə ictimai etimadı doğrultmaq üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir. Bütün bunlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2017-ci il iyunun 29-da “Həkimlərin etik davranış qaydaları”, 2019-cu ilin iyul ayında isə “Tibb işçilərinin etik davranış qaydaları” hazırlanaraq təsdiq edilib və bu qaydaların icra olunmasına nəzarəti təmin etmək üçün etika komissiyası yaradılıb. Səhiyyə nazirinin müvafiq əmrinə əsasən nazir müavini, sədr, aparat rəhbəri, kadr, elm və təhsil, maliyyə-iqtisadiyyat, ümumi işlər sektorlarının, tibbi yardımın təşkili şöbəsinin müdirləri və hüquqşünas komissiyanın üzvləri təyin olunublar. Həmçinin şəhər tibb müəssisələri və rayon mərkəzi xəstəxanalarında da etika komissiyaları fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 30 avqust 2019-cu il tarixli kollegiyasında bununla bağlı tapşırıqlar verilib.
Həkim və tibb işçilərinin etik davranış qaydaları, bütövlükdə, mülkiyyət hüququndan asılı olmayaraq, muxtar respublika ərazisində yerləşən bütün səhiyyə müəssisələrində çalışan həkim və tibb işçilərinə aid olmaqla, insan hüquqlarını, demokratik prinsipləri, deontologiya və ümumi etik davranış qaydalarını rəhbər tutur. Əsas məqsəd səhiyyənin nüfuzunun artırılmasından, səhiyyə müəssisələrinə və tibb işçilərinə ictimai etimadın yüksəldilməsindən, onların fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasından, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsindən, tibb işçilərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsindən ibarətdir.
Etik davranış qaydalarının mətni bütün səhiyyə müəssisələrinə göndərilərək tibb işçilərinin məlumatlandırılması təmin edilib. Artıq hər bir həkim və tibb işçisinin praktik fəaliyyəti yeni qaydalar çərçivəsində qiymətləndirilir. Eyni zamanda maarifləndirici tədbirlər də davam etdirilir.
Həkim-xəstə, eləcə də tibb bacısı-xəstə münasibətləri bioetikanın başlıca problemidir. Həkimin etibarlılığı, sənətinə vicdanla yanaşması, diqqətli olması, xeyirxahlığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması, xəstələrin müalicə və diaqnostikasında kliniki və deontoloji əsaslandırması, konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Səhiyyənin bu əsas prinsipləri deontologiyanın bir elm kimi daim aktual olmasına stimul verir.
Deontologiya, əslində, bütün insan cəmiyyəti yaranandan bəri aktuallığını itirməyən yeganə elm sahəsidir. Eskulapdan, Hippokratdan, İbn Sinadan üzübəri öz xoşbəxtliyini sağaltdığı xəstələrin xoşbəxtliyində tapmaq, başqalarının xoşbəxtliyi ilə xoşbəxt olmaq prinsipi özünü təbabətə həsr edən insanların əxlaqi dəyərlərinə çevrilib.
Hələ qədimdən müalicə prosesində insan (xəstə) psixikasının roluna yüksək qiymət verilib. Sokrat deyib: “Ruhu müalicə etmədən bədəni sağaltmaq mümkün deyil”. Rəssam Levitan müalicə prosesində həkim şəxsiyyətinin, diqqətinin, canıyananlığının əhəmiyyətini qiymətləndirərək sanatoriyadan tanışlarına yazır: “Burada ürəyi vannalarla müalicə etməyə çalışırlar, bu cəfəngiyyatdır, ürəyi yalnız ürəklə müalicə etmək olar”. Həkim sənətini seçən unutmamalıdır ki, xəstə zədələnmiş, kövrək psixikalı insandır.
Həkim və tibb işçiləri öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində insana ehtiramla, vicdanla, humanizm və mərhəmətlilik prinsiplərini rəhbər tutaraq peşəkarlıq səviyyəsində həyata keçirməlidirlər. Eyni zamanda öz vəzifələrini xəstənin heç bir mənsubiyyətindən asılı olmayaraq, yerinə yetirməlidirlər.
Qərəzsiz olmaq həkimin başlıca meyarıdır. Bu mənada, V.Vinnerin “Kəllə” pyesində həkim Koulu tibdə insanpərvərlik rəmzi kimi qiymətləndirmək olar. Həkim-cərrahın qəddar düşməni, arvadının və yeganə oğlunun qatili qəza nəticəsində ağır vəziyyətdə onun qəbuluna gətirilir. Həkimin intiqam hissi donur, xəstəni əməliyyat edərək sağaldır. Belə misallar onlarla, yüzlərlədir. Həkimin xidmət etdiyi humanist məqsədlər, sülh və əmin-amanlıq dövründə olduğu kimi, müharibə dövründə də, ona şəxsi ləyaqətinin qanuni müdafiəsini, professional fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılmasını tələb etməyə əsas verir. Məşhur bir kəlama görə, bir bacarıqlı həkim müharibədə çoxlu döyüşçüyə bərabərdir. Biz Sədərək döyüşlərində dəfələrlə bunun şahidi olmuşuq.1992-ci ilin sərhədyanı münaqişə zamanı Naxçıvan həkimləri yaralılar üçün mina mərmiləri altında Sədərək qəsəbəsinə döyüş zonasına getməli olurdular. Belə günlərin birində yaralını döyüş meydanından xilas etdiyi zaman Şərur rayonundan olan həkim Valid Məmmədov düşmən gülləsi ilə həyatla vidalaşıb.
Həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Xəstələrə göstərdiyi yardımın keyfiyyətinin artırılması məqsədilə həkim, tibb elminin son nailiyyətlərindən istifadə edərək öz bilik və bacarıqlarını daim təkmilləşdirməlidir. Həkimin hərəkətlərinə və qəbul etdiyi qərarlara şəxsi və maddi maraqların səbəbləri təsir etməməlidir. Eyni zamanda insanların haqlı tənqidindən nəticə çıxararaq fəaliyyətini təkmilləşdirməli və çatışmazlıqları aradan qaldırmalıdır.
Həkim vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə səhiyyənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, ləyaqətini alçaltmayan, pasiyentlərə zərər vurmayan vəzifə funksiyalarını həyata keçirməli, bütün imkanlardan istifadə etməklə, habelə kütləvi informasiya vasitələri ilə sağlam həyat tərzini təbliğ etməli, ictimai və professional etik normalara riayət edilməsində nümunə olmalıdır.
Qaydalar həkim və pasiyent münasibətlərində də mühüm rol oynayır. O, pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarığını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. Həkim hər hansı müalicə üsulunun seçimində, ilk növbədə, zərər vurmamaq prinsipini rəhbər tutmalıdır.
Yeri gəldikdə, həkimdən susmaq, hətta xəstənin xeyrinə yalan danışmaq bacarığı da tələb olunur. Bu, tibdə “müqəddəs yalan” adlanır. O yalan ki insana həyat bəxş edir, o, acı həqiqətdən üstündür. Xüsusən səhiyyə sistemində. Məsələn, xəstəliyi ölümlə nəticələnəcək bir insana ümid verərək onu sağalacağına inandırmaq.
Bəzən həkim və tibb bacısının xəstənin yanında onun doğmaları ilə asta danışığı, müəmmalı baxışları, sifətlərinin ifadəsi də xəstədə öz sağlamlığı barədə şübhələr yaradır. Azərbaycan poeziyasında özünəməxsus yeri olan şair Əli Kərimin “Vəsiyyət” şeirində olduğu kimi:
Yeri oldu-olmadı
həkim ki
girdi xəstənin qılığına,
Nəsə pıçıldadı
dostlarından birinin qulağına –
Onda həkim, salam-əleykim!
Həkim və tibb bacısının xəstə ilə ünsiyyəti onun sağlamlığına inamını artırır. Təbabətdə “yatrogen xəstəliklər” adlandırılan məfhumu vardır. Bu xəstəliklər tibb işçisinin xəstələrə düşünmədən dediyi sözlərdən əmələ gəlir və müalicəsi çətinləşir. Odur ki, əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. Buna görə də həkimlərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların ictimai etimadının yüksəldilməsi üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir.
Tibb işçisinin zahiri görünüşü, geyimi, hətta danışığı, mimikası da xəstəyə təsir edir. Təmiz, ütülü ağ xalatda, başında ləçək, çöhrəsində təbəssüm, savadlı, qabiliyyətli tibb bacılarını xəstələr daha çox sevir və onlara inanırlar. Belə görkəm xəstəyə psixoterapevtik təsir edir. Bunun əksi isə xəstədə mənfi təəssürat, tibb işçisinə inamsızlıq yaradır.
Tibb bacısı bilməlidir ki, işə gələn zaman kəskin iyli ətirlərdən istifadə etmək allergiyası olan xəstələrdə boğulma tutulmalarına və onların vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Yaxud bir də görürdün ki, tibb işçisi xəstə ilə məşğul olmaq əvəzinə smartfon telefonu ilə uzun-uzadı şəxsi söhbətlə məşğuldur, sosial şəbəkələrdədir. Başı telefon oyunlarına qarışıb, çəkilişlər aparır, səs yazır. Odur ki, belə hallar nəzərə alınaraq səhiyyə müəssisələrində iş zamanı smartfon telefonlardan istifadə qadağan edilib.
Həkim səhvlərə yol verilməsi və ya müalicə prosesində gözlənilməz ağırlaşmalar zamanı xəstəni və təcrübəli həmkarını məlumatlandırmalı, bu barədə göstərişləri gözləmədən zərərli nəticələrin aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə başlamalıdır. O, öz həmkarlarına hörmətlə yanaşmalı, digər həkimin peşəkar səriştəsini əsassız olaraq şübhə altına almamalı və onu nüfuzdan salmamalıdır. Peşəkar iradlar əsaslandırılmalı və kollegiallıq prinsiplərinə uyğun olaraq bildirilməlidir. Çətin klinik hallarda təcrübəli həkim gənc həmkarlarına məsləhətlər verməli və köməklik göstərməli, müəssisənin digər tibb və yardımçı heyətinə hörmətlə yanaşmalı və daim onların bilik və bacarıqlarının artırılmasına köməklik etməlidir. Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara və vəzifəli şəxslərə verilə bilər.
Həkim sirrinə qanuni qaydada yiyələnən şəxslər onun yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Xəstənin müalicəsində iştirak edən digər şəxslərin həkim sirrinə riayət etmələrinə müalicə həkimi tərəfindən nəzarət edilməlidir. Tibbi məlumatlardan istifadə hüququ olan şəxslər pasiyent haqqında əldə edilən bütün məlumatların məxfiliyini qorumalıdırlar. Elmi tədqiqatlar, tələbələrin təlimi və həkimlərin təkmilləşdirilməsi prosesində həkim sirrinə riayət edilməlidir.
Həkim öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayət və digər məsuliyyətə cəlb oluna bilər. Bu, ilk növbədə, etika komissiyasının qərarı ilə həyata keçirilir. Həmin qərarlar, eyni zamanda orta tibb işçilərinə də şamil edilir.
Qaydalara uyğun olaraq tibb işçisi həmişə öz həmkarları ilə hörmətlə rəftar etməli, yoldaşları ilə mehriban olmalı, hündürdən danışmamalı, lazım gələrsə, onları müdafiə etməlidir. Deontologiyanın prinsiplərinə riayət etməyən, nöqsanlara yol verən tibb işçilərinin işdə qalıb-qalmaması məsələsinə etika komissiyasında baxılacaq və bu məsələ komissiyanın qərarı ilə həll olunacaqdır. Bütün bunlar isə əhalinin sağlamlığının etibarlı təminatına xidmət edəcək.
Hüseyn Əsgərov
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi