Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ukrayna Səhiyyə Nazirliyinin Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibbi Mərkəzinin direktoru, Ukraynanın Əməkdar həkimi, professor İlya Emetsin başçılıq etdiyi heyət sentyabrın 23-də Naxçıvanda olub.
Səfər çərçivəsində naxçıvanlı kardioloq, cərrah və tibb mütəxəssisləri ilə Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzində elmi-praktik görüş keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək Ukrayna ilə qarşılıqlı əlaqələrin hazırda bir sıra istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini bildirib. Nazir deyib ki, muxtar respublikada bu sahədə savadlı mütəxəssislərin yetişdirilməsi, ürək xəstəliklərindən əziyyət çəkən insanların başqa ölkələrə üz tutmadan öz vətənində müalicə olunmasında son illər uğurlu nəticələr əldə edilib. Belə ki, muxtar respublikada bu sahədə fəaliyyət göstərən həkimlər bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün mütəmadi olaraq paytaxt Bakı şəhərində və xarici ölkələrdə təcrübə keçirlər. Belə seminarlar həkimlər arasında təcrübə mübadiləsinin aparılması baxımından çox əhəmiyyətlidir.
Professor İlya Emets çıxışında bildirib ki, Azərbaycan ilə Ukrayna arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq, bütövlükdə, hər iki ölkə əhalisinin sağlamlığının qorunmasına xidmət edir. O, həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsində, bu sahədə təhsil alan tələbələrin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində keçirilən bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra İlya Emetsin başçılıq etdiyi heyət naxçıvanlı həmkarları ilə birlikdə 20-dən çox ürək xəstəsi olan uşaqları müayinə edib. Yüksəkixtisaslı mütəxəssislər çalışdıqları sahədə toplanmış təcrübəni bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparıb və yerli mütəxəssisləri maraqlandıran sualları cavablandırıblar.
Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibbi Mərkəzinin direktoru Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi tələbələrinə mühazirə keçib. Professor gələcəyin həkim kadrlarına peşə fəaliyyətlərində elmi-tədqiqat işlərinin önəmindən, təcrübi dərslərin əhəmiyyətindən danışıb. O, yeni doğulan uşaqların üzərində aparılan açıq ürək cərrahiyyə metodlarından ətraflı məlumat verib. Hamiləliyin 18-ci həftəsində ürək problemlərinin aradan qaldırılmasının mərkəzin əsas fəaliyyəti olduğunu önə çəkən qonaq burada indiyədək 17 minə qədər əməliyyatın keçirildiyini vurğulayıb. Qeyd edilib ki, aorta klapanlarında çatışmazlıq və qüsurlar mərkəzdə müayinə və müalicə olunur. Professor, hətta bədənin heç bir yerində kəsiklər aparılmadan keçirilən əməliyyatlardan danışaraq ağciyər venasının ürəyə yox, diafraqma altına və qaraciyərə getməsi qüsurunun müayinə və müalicəsində istifadə etdikləri üsullar barədə tələbələrə məlumat verib.
İlya Emets tələbələrin suallarını cavablandırıb, gələcəyin həkimlərinə öz tövsiyələrini çatdırıb.
İlya Emets: “Naxçıvanda kardiologiya sahəsində yüksəkixtisaslı kadrlar mövcuddur”
“Muxtar respublikada 17 pasiyenti naxçıvanlı həkimlərlə birlikdə müayinə etdik. Mənim üçün naxçıvanlı kardioloqların peşəkarlıq səviyyəsinin yüksək olmasını görmək həm maraqlı, həm də xoş oldu”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvanda səfərdə olan Ukrayna Səhiyyə Nazirliyinin Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibbi Mərkəzinin direktoru, Ukraynanın Əməkdar həkimi, professor İlya Emets deyib.
Azərbaycana səfəri barədə danışan professor bildirib ki, həmkarlarımızla birlikdə Heydər Əliyev Fondunun dəvəti və Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə sentyabrın 20-dən Azərbaycandayıq. Bu, mənim ölkənizə, o cümlədən muxtar respublikaya ilk səfərimdir. Buradakı bütün sahələrdə gördüyüm inkişaf məndə xoş təəssürat yaratdı.
“Naxçıvanda müasir standartlara cavab verən xəstəxanalar və yüksəkixtisaslı həkimlərin olmasına şahidlik etdim. Bu, məni çox sevindirdi”, – deyən İlya Emets vurğulayıb ki, Ukrayna Səhiyyə Nazirliyinin Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibbi Mərkəzi gələcəkdə Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzi ilə əməkdaşlıq proqramını həyata keçirə bilər. Tanınmış kardioloq muxtar respublikanın füsunkar təbiəti barədə də danışaraq deyib ki, Naxçıvanın təmiz havası, gözəlliyi onu valeh edib.
Tural AĞAYEV