22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin səhiyyə müəssisələrindəki vakant həkim və orta tibb işçisi yerləri üzrə birgə əmək yarmarkası keçirilib.

Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq səhiyyə sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb.
Vurğulanıb ki, səhiyyə sistemində həyata keçirilən digər tədbirlər kimi muxtar respublikada tibbi kadrların hazırlanması da diqqətdə saxlanılır. Naxçıvan Dövlət Universitetində ali təhsilli, Naxçıvan Tibb Kollecində isə orta ixtisas təhsilli tibbi kadrların hazırlanması üçün lazımi şərait mövcuddur. Həmin təhsil müəssisələrindəki müvafiq ixtisasların Səhiyyə Nazirliyinə hamiliyə verilməsi nəticəsində qarşılıqlı əlaqələr daha da genişlənib, yüksək­ixtisaslı kadrların hazırlanması üçün lazımi işlər görülüb.
Qeyd olunub ki, səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatını ödəmək, eləcə də muxtar respublikada hazırlanan ali və orta ixtisas təhsilli kadrların işlə təminatı məqsədilə hər il tibb işçilərinin əmək yarmarkası keçirilir. Tibb işçiləri üçün muxtar respublikada bütün zəruri şərait yaradılıb. Kənd yerlərindəki səhiyyə müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün bir sıra güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyənləşdirilib.
Səhiyyə naziri gənc kadrların əmək yarmarkasında fəal iştirak edəcəklərinə əminliyini bildirib, onlara əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə müəssisə və təşkilatlarda mövcud olan boş iş yerlərinin hər ay toplanması, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi, buna uyğun olaraq keçirilən əmək yarmarkaları gənc kadrların işlə təminatında şəffaflığa şərait yaradıb.
Naxçıvan Dövlət Universitetinin Müalicə işi ixtisası üzrə 2019-cu il məzunu, işaxtaran Bəyim Mahmudova gənc kadrların işlə təminatında əmək yarmarkalarının əhəmiyyətindən danışıb, işəgötürənlər tərəfindən yaradılan şəraitə görə minnətdar­lığını bildirib.
Sonra işaxtaran ali və orta ixtisas təhsilli məzunlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində təşkil olunmuş əmək yarmarkasında iştirak ediblər.
Yarmarkada Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturundakı səhiyyə müəssisələri də daxil olmaqla, 630,5 vakant yer, o cümlədən 503 həkim, 127,5 orta tibb işçisi yeri təklif edilib, işaxtaranları maraqlandıran suallar cavablandırılıb.
Gün ərzində davam edən əmək yarmarkasında 18 həkim, 37 orta tibb işçisi işə göndəriş alıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR