22 Dekabr 2024, Bazar

Dünyamızın bəzəyi sayılan, gözlərindəki sevinc ilə ömrümüzü gözəlləşdirən uşaqların həyatı ilə birbaşa bağlı olan pediatr işi həddindən artıq savad, məsuliyyət, bacarıq və həssaslıq tələb etdiyi üçün bu sahədə uğur qazanmaq çətindir. Yazımın qəhrəmanı Turac Xudiyevanın 60 ildən artıq ömür səhifələrini vərəqlədikdə, seçdiyi peşədə keçdiyi yola qısaca nəzər saldıqda onu müvəffəqiyyət əldə edən pediatrlar arasında görmək olur.

Turac həkim haqqında oxuculara da məlumat verərək qeyd edim ki, o, 1958-ci il avqustun 25-də Şahbuz şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Atası Qulam Xudiyev tarix müəllimi olub, ömrünü xalqın gələcəyi sayılan uşaqların savadlı, dünyagörüşlü, tarixini, mədəniyyətini bilən vətəndaş kimi yetişməsi işinə həsr edib. Tale elə gətirib ki, Turacın anası Əsmər xanım cavan yaşlarından xəstəliklərə düçar olub.Tez-tez həkimlərlə ünsiyyətdə olub, onların sayəsində sağlamlığına qovuşduqca tibb işçilərinə bəslədiyi inamı çoxalıb. Bu, bir ana kimi onda övladlarından birini həkim görmək arzusunu yaradıb. Hər dəfə səhiyyə ocağına müraciət edəndən sonra qızı Turacı yanına çağıraraq deyib ki, qızım, həkim peşəsi müqəddəsdir, cəmiyyətimiz üçün ən faydalı sahələrdən biridir. Çox istəyirəm ki, böyüyəndə sən də elə bu peşənin yolçularından olasan.

Doğru deyirlər ki, övladın necə formalaşacağı, gələcəkdə hansı işi, peşəni seçəcəyi məhz, ilk növbədə, onun yetişdiyi ailə­dən, aldığı tərbiyədən çox asılıdır. Turac xanımın uşaqlıq xatirələrini dinləyəndən sonra bu qənaətə gəlirəm ki, onun tibb sahəsini seçməsi də, bu sahədə uğur qazanması da elə ailəsindən qaynaqlanıb.
1965-ci ildə Şahbuz şəhər tam orta məktəbinin birinci sinfinə qədəm qoyan Turac xanım təhsil aldığı illərdə sinif yoldaşları arasında hazırcavablığı, dərslərdə fəallığı ilə seçilib. Tibb elmlərinə olan marağını kimya, biologiya fənləri və bu sahə üzrə mütaliə etdiyi kitablar daha da artırır. 1975-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vuraraq anasının çoxdankı arzusunu reallaşdırmaq yolunda ilk inamlı addımını atır. Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə qəbul olduqdan sonra həyatının yeni bir dönəmi başlayır. Ali təhsil ocağında təhsil aldığı 7 il ərzində tibb sahəsinin incəliklərini həm nəzəri, həm də praktik şəkildə öyrənir.
Təbii ki, uşaqların böyüklərdən fərqli olaraq ağrıya az dözümlü olmaları pediatrların işini digər həkimlərə nisbətən daha məsuliyyətli və çətin edir. Necə deyərlər, əsl uşaq həkimi gərək, birinci növbədə, uşaqları sevsin ki, onlarla işləməkdən yorulub, usanmasın. Həm də uşaq həkimi balacaların “dilini” də bilməlidir. Çünki dünyanı hələ dərk etməyən balacalar hər bir sözə qarşı həssasdırlar, onlar yalnız nəvaziş, qayğı görəndə, bir xoş söz eşidəndə sevinir, həyata bağlanırlar. Turac həkim də məhz bütün bunları nəzərə alaraq ömrünü gələcəyimiz, sabaha inamımız olan uşaqların sağlam böyüməsi, xəstəliklərdən uzaq olmasına həsr edib. Çalışmağa başladığı 1982-ci ildə həm də ailə həyatı quran Turac xanımın övladları dünyaya gəldikcə onda yaranan analıq hissi, öz körpələrinə qayğıkeşliyi, həssaslığı ­zaman-zaman digər uşaqların da dünyasına daxil olmasını asanlaşdırdı. Onu yaşadığı rayonda onlarla körpə balanı sağlamlıqlarına qovuşduran bir həkim kimi tanıtdı.
Deyirlər, həkim öz ixtisasını dərindən bilməklə yanaşı, həm də nümunəvi davranışı, səlis nitqi, mehriban ünsiyyəti, yeniliyə olan marağı ilə seçilməlidir. Həkim gözəl nitq qabiliyyətinə malikdirsə, elə xəstə ilə ilk ünsiyyətində onda ümid, inam yaratmaqla müalicəyə başlamış olur. Həkimin xoş sözü, mehribanlığı xəstənin vəziyyətinə bir qayda olaraq müsbət təsir göstərən amillərdir. Bildiyimiz kimi, psixoloji cəhətdən zəif olan insan xəstələndikdə daha da həssaslaşır. Belə hallarda həkimin qayğısı, səmimiyyəti ən təsirli müalicə vasitəsi hesab olunur. Elə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında əvvəlcə sahə və stasionar həkimi kimi fəaliyyət göstərməyə başlayan Turac Xudiyeva da işində bu prinsipi əsas götürüb. Xəstələrlə daim ünsiyyətdə olan, səhiyyə barədə maarifləndirmə işlərinə xüsusi önəm verən Turac həkim qısa zaman ərzində insanların sevgisini, inamını ­qazana bilib.
2008-ci ildən xəstəxananın Pediatriya bölməsinin müdiri kimi çalışmağa başlayan Turac həkim işinə məsuliyyəti, bacarığı, uğurlu fəaliyyəti ilə dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, müxtəlif vaxtlarda bir sıra fəxri fərman və diplomlarla təltif olunan bacarıqlı səhiyyə işçisi 2014-cü ildə Azərbaycan Respublikasının “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib. Cari il isə onun üçün daha da uğurlu olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə muxtar respublikamızın sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Turac Xudiyevaya “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adı verilib.
Turac həkimlə çalışdığı səhiyyə ocağında etdiyim söhbət zamanı bildirdi ki, həkimliyin digər peşə sahələrindən əsas fərqi ondadır ki, bu iş insan həyatı ilə bağlı olduğu üçün hər bir tədbir gərək vaxtında aparılsın. Gecikmə, yubanma halları ağır nəticələr verə bilər.
Həmsöhbətim onu da qeyd edir ki, həkimin işinin uğurlu alınmasında şəxsi keyfiyyətləri ilə yanaşı, yaradılan şəraitin, əlverişli imkanların, lazımi tibbi vasitələrin də olması başlıca şərtdir. Səhiyyəmizin illər öncəki vəziyyətini yaşlı adamlar, yəqin ki, çox yaxşı xatırlayırlar. Heç uzağa getmədən, 40 ilə yaxın çalışdığım Şahbuz Rayon Mərkəzi Xəstəxanasının əvvəlki dövrünü yada salmağım kifayətdir ki, Naxçıvanda səhiyyənin keçmişini dolğun şəkildə izah etmiş olum. Yaxşı yadımdadır, o illərdə kəndlərdə ambulatoriyalar yox dərəcəsində idi. Yolların bərbadlığı üzündən uzaq kəndlərdə yaşayan uşaqların xəstələnərkən mərkəzdəki xəstəxanaya gətirilmələri müəyyən çətinliklər yaradırdı. Digər tərəfdən xəstəxanalarda vəziyyət ürəkaçan deyildi, lakin biz həkimlər əlimizdən gələni əsirgəmirdik. İşə o qədər başım qarışırdı, hətta rəfiqələrim də qınayırdılar ki, sən öz övladlarına vaxt ayırmırsan. İnanın, elə zamanlar olub ki, övladlarım da xəstələnib, palatada onları digər uşaqlar ilə birlikdə müalicə ­etmişəm.
Turac həkim deyir ki, şükürlər olsun, həmin ağrılı, acılı illər artıq keçmişdə qalıb, indi gözəl şəraitə malik xəstəxana binalarımız, bacarıqlı tibbi kadrlarımız vardır. Bütün ucqar dağ kəndlərimizdə müasir avadanlıqlarla təchiz edilmiş həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. İnsanlar daha əvvəlkitək məsafə qət etmədən öz kəndində lazımi müalicəsini alır, ehtiyac olanda mərkəzdəki xəstəxanalara müraciət edirlər. Ucqar kəndlərimizdə apardığımız maarifləndirici söhbətlər zamanı da insanların bugünkü şəraitə necə yüksək dəyər verdiklərinin şahidi oluram. Müstəqillik qazandıqdan sonra biz həkimlərin, tibb işçilərinin əməyi də lazımınca qiymətləndirilir. Fürsətdən istifadə edərək qəzetiniz vasitəsilə son 20 ildə Şahbuz rayonunda səhiyyənin inkişafı üçün yaradılan şəraitə və əməyimə verilən yüksək dəyərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə səhiyyə işçiləri adından bir daha dərin minnətdarlığımı bildirirəm.
Turac xanımla söhbətdən sonra düşünürəm ki, evdə uşağa ən yaxın anadır, xəstəxanada isə övladlarımıza bu ana nəvazişi və qayğısını qadın pediatrlar göstərirlər. Çünki onlar həm də anadırlar. Bu gün Şahbuz Rayon Mərkəzi Xəstəxanasında çalışan pediatr Turac Xudiyeva da şəfqət dolu əlləri ilə gələcəyimiz olan uşaqların sağlamlığı keşiyində böyük fədakarlıqla da­yanır.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR