22 Dekabr 2024, Bazar

Dünən Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında uşaqlar arasında pnevmokok infeksiyalarına qarşı 10 valentli vaksinlərin tətbiqinə dair elmi-praktik konfrans keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-epidemioloqu Zülfiyyə Həsənova açaraq xəstəliklərdən qorunmada peyvəndin ən vacib profilaktika üsulu olduğunu bildirib, vaksinləşdirmə pro­qramları sayəsində son illər muxtar respublika ərazisində qızılca, parotit, məxmərək kimi xəstəliklərin qeydə alınmadığını vurğulayıb.
“Yaxın illərdə Azərbaycanda uşaqlar üçün pnevmokok infeksiyalarına qarşı 13 valentli vaksin tətbiq ediləcək və bununla da, uşaqlar pnevmoniyanın bütün növlərindən qorunacaqlar”. Bu fikri Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva səsləndirib. Onun sözlərinə görə, bu ilin ikinci yarısından Azərbaycanda uşaqların pnevmokok infeksiyalarına qarşı peyvənd edilməsinə başlanılıb. Pnevmokok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. İndi bu vaksinin tətbiqi üçün hazırlıq işləri görülür. Hazırlıq işləri başa çatdıqdan sonra respublikaya tələb olunan sayda vaksin preparatları gətiriləcək və peyvənd işinə başlanılacaq.

Bu il ərzində uşaqlar üçün 10 valentli vaksinlər tətbiq ediləcək. Bu zaman uşaqları həmin törədicinin 10 tipinə qarşı qorumaq olacaq. Azərbaycanda 13 valentli vaksin tətbiq edildikdə isə uşaqlarımız pnevmokok bakteriyalarının 13 tipi tərəfindən törədilən infeksiyalardan, yəni pnevmaniyanın bütün növlərindən qorunacaqlar.
Konfransda vurğulanıb ki, bu vaksinin tətbiqi üçün respublika üzrə təlimat hazır­lanıb. Hazırda bölgələrdə tibb işçiləri təlimatlandırılır. Digər peyvəndlər kimi, bu vaksin də dövlət tibb müəssisələrində pulsuz vurulacaq. Hazırda Azərbaycanda 6 yaşadək uşaqlar arasında peyvənd təqvimi əsasında planlı peyvənd aparılır. Nəticədə, bu gün Azərbaycanda idarəolunan infeksiyalar, demək olar ki, yox dərəcəsindədir. Azərbaycan poliomielit xəstəliyindən azad ölkə statusunu alıb. Bu xəstəlik Azərbaycanda 1996-cı ildən qeydə alınmır. Ölkədə difteriya xəstəliyi yoxdur, göy öskürək xəstəliyinin azalması müşahidə edilir. Tetanus xəstəliyi isə uşaqlar arasında aradan qaldırılıb. Bağırsaq infeksiyalarında da artım müşahidə edilmir.
Sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Rəna Yusifli “Pnevmokok vaksininin tətbiqinə dair” treninq keçib. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ilə bağlı kitabçalar paylanılıb.
Tibb işçilərinin təlimatlandırılması üçün treninqlər həftə ərzində Ordubad və Şərur rayonlarında da keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR