Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası Culfa rayonunun Gülüstan kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.
Pediatr, endokrinoloq, stomatoloq, nevropatoloq, cərrah və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 20 nəfər uşağa tibbi xidmət göstərib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. Valideynlər arasında səhiyyə maarifi işi aparılıb, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” haqqında məlumat verilib. Uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar ambulatoriya işçilərinə metodik köməklik göstərilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti