Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrin icrasına və yarım ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin ilk yarısında da muxtar respublikamızın iqtisadi və sosial həyatında dinamik inkişaf meyillərinin qorunub saxlanıldığını, bütün sahələrdə inkişafa nail olunduğunu vurğulayaraq bu inkişafın səhiyyə sistemini də əhatə etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin binası yenidən qurulmuş, Ordubad rayonunun Çənnəb və Babək rayonunun Şəkərabad kəndlərində feldşer-mama məntəqələri tikilərək istifadəyə verilmişdir. Aztəminatlı ailələrdən olan vətəndaşların Naxçıvandan başqa yerlərə getmədən cərrahi əməliyyat olunmaları üçün Bakı şəhərindən və başqa ölkələrdən çoxsaylı həkim briqadaları gətirilmişdir. Ötən 6 ay ərzində 28 nəfərdə açıq ürək, 5 nəfərdə periferik damar, 26 nəfərdə angioqrafiya, 47 nəfərdə göz əməliyyatları aparılmış, 16 nəfərin ürək damarlarına stend qoyulmuş, Ordubad rayonunda 47 nəfərdə isə müxtəlif cərrahi əməliyyatlar aparılmışdır.
Bildirilmişdir ki, muxtar respublikada istifadəyə verilən tibb ocaqları müasir avadanlıqlarla təmin olunur. Qarşıya qoyulan əsas vəzifələrdən biri də bu avadanlıqlarla işləyən tibbi kadrların bilik səviyyəsinin artırılması üçün onların ixtisasartırma kurslarına göndərilməsinin davam etdirilməsi, quraşdırılan avadanlıqların qorunmasına və onlardan səmərəli istifadəyə nail olunmasıdır. Nazirlik müvafiq qurumlarla birlikdə ictimai-iaşə obyektlərində və satış mərkəzlərində sanitar-gigiyena qaydalarına əməl olunmasına nəzarəti gücləndirməlidir.
Nazir səhiyyə sahəsində irəli sürülən bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün kəmiyyətlə yanaşı, keyfiyyət amilinə də ciddi diqqət yetiriləcəyini, əhalinin muxtar respublika səhiyyəsinə inam və etibarının artırılması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirmiş, bu yolda hər bir tibb işçisinə uğurlar arzulamışdır.
Sonra Naxçıvan Muxtar Respublikası səhiyyə müəssisələrinin 2013-cü ilin ilk 6 aylıq fəaliyyətlərinin yekunları, bu müddətdə nazirliyin iş planının icra vəziyyəti, Mərkəzi Uşaq Xəstəxanasında uşaqlara göstərilən tibbi xidmətin vəziyyəti barədə məruzələr, muxtar respublikamızda 20-25 yaşlı əhalinin dispanserizasiyası, restoran, şadlıq evlərinin sanitar-gigiyenik vəziyyəti, doğuş, kesar əməliyyatları, xroniki dispanser xəstələrinin qeydiyyatı və digər məsələlər barədə məlumatlar dinlənilmişdir.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir.
Kollegiya iclasına Niyazi Novruzov yekun vurmuşdur.
Xəbərlər şöbəsi