Şərur Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Xeyrənsə Babayeva müasir dövrün yoluxucu xəstəlikləri sırasında olan “Hepatit B və C virus xəstəliklərinin müayinə, müalicə və profilaktikası” mövzusunda məruzə edib. Bildirib ki, Ümumdünya Səhiyyə Assambleyasının 2010-cu il tarixli qərarına əsasən iyulun 28-i bütün dünyada “Beynəlxalq Hepatitlə Mübarizə Günü” kimi qeyd olunur. Həmin gün hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.
Son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində muxtar respublikamızda epidemioloji sabitlik təmin edilib. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ötən əsrin sonlarından yayılmış hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Hepatitə yoluxmuş insanların çox böyük əksəriyyəti bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicəsi aparılmır. Yalnız hepatitin müxtəlif formaları, onların qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə insan həyatını xilas etmək olar.
Mərkəzin həkimləri Abbas Əliyev “Hepatit B və C xəstəliklərinin etiopatogenezi, yoluxma yolları və klinikası”, Tofiq Hacıyev “Hepatit B, C və D xəstəliklərinin müasir müayinə və müalicəsi, profilaktikası” mövzularında çıxış edərək qanla keçən infeksiyaların (QİÇS, eləcə də hepatit B və C) müayinəsinə muxtar respublikada 2006-cı ildən başlanıldığını, hazırda donorların, obliqat qrupların, bütün əməliyyat olunanlar və hamilələrin, nikaha daxil olanlar və könüllü müraciət edənlərin də müayinələrdən keçirildiyini bildiriblər. Qeyd olunub ki, əməliyyat, doğuş aparılan əksər dövlət və özəl tibb müəssisələrində hepatit B və C virusunun, eləcə də qanla keçən digər infeksiyaların ilkin olaraq ekspres metodla müayinələri icra edilir və cari ilin ötən yarım ili ərzində mərkəzdə stasionar müalicə alan bütün xəstələr yaxşılaşma ilə evə buraxılıb.
Çıxışlar videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, iştirakçıların sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti