Muxtar respublikada icbari tibbi sığortadan yararlanan daha bir nəfər üzərində pulsuz cərrahi əməliyyat aparılıb.
İcbari tibbi sığortaolunan Şərur şəhər sakini, 53 yaşlı Qafil Həsənov Şərur Rayon Mərkəzi Xəstəxanasına ürək nahiyəsində yaranan ağrı ilə müraciət edib və müayinə olunub. Müayinə nəticəsində onun ürəyində ciddi problemlər aşkar edilib. Qafil Həsənov Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə göndərilib. Aparılan elektrokardioqrafik, exokardioqrafik və laborator müayinələrindən sonra xəstəyə ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası diaqnozu qoyulub və təcili ürək əməliyyatı həyata keçirilməsinə zərurət yaranıb. Mərkəzin kardiocərrahı İntiqam Fətullayev həmkarı Firdovsi Hüseynov və kardioanestezioloq Elçin Abdullayevlə birgə açıq ürək əməliyyatını uğurla başa çatdırıb. Ürək qan dövranı tam bərpa edilib və həkim müşahidəsi altında saxlandıqdan sonra palataya köçürülüb və həkim nəzarəti altındadır.
Qafil Həsənova göstərilən bütün tibbi xidmətlərin xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti