Muxtar respublika əhalisinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları kəndlərdə kütləvi profilaktik müayinələri davam etdirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ənənəni davam etdirərək Şahbuz rayonunun Badamlı kəndində olmuşdur. Briqada yüksək ixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmişdir. Həkim briqadasının kəndə gəlişi barədə əvvəlcədən məlumat verildiyindən əhalinin kütləvi tibbi profilaktikasına nail olunmuşdur. Kütləvi profilaktik müayinələr son illərin quruculuq ünvanlarından biri olan həkim ambulatoriyasında həyata keçirilmişdir. Ambulatoriyada kabinələr zəruri tibbi avadanlıqlarla təchiz olunmuşdur. Gün ərzində 6 terapevtik, 8 pediatrik, 6 cərrahi, 8 ginekoloji xəstənin müayinəsi həyata keçirilmişdir. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. 20-25 yaşlılar arasında dispanser işi ilə bağlı tədbirlər tamamlanmış, 98 nəfər müayinədən keçirilmişdir. Əhali arasında hipertoniya, ürək-damar, şəkərli diabet, onkoloji, vərəm, ginekoloji xəstəlikləri, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılmış, xəstəliklərin profilaktikası ilə bağlı məsləhətlər verilmişdir.
Eyni zamanda peyvəndlərin icra vəziyyəti, ambulator qəbul, evə çağırış, ailə, dispanser xəstələrin, hamilələrin və peyvəndlərin qeydiyyatı jurnalları yoxlanılmış, çatışmazlıqların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.
* * *
İyul ayı üçün təsdiq edilmiş qrafikə əsasən, Naxçıvan Muxtar Respublika Xəstəxanasının kardioloq, cərrah, nevropatoloq, terapevt və laborantlardan ibarət həkim briqadası Şərur rayonunun Çəmənli kəndində 42 xəstəni müayinədən keçirmiş, aşkar edilmiş ilkin xəstələrin dispanserizasiyası aparılmışdır.
Əhalinin kütləvi profilaktik tibbi müayinələri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti