Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər Şərurda da uğurla icra olunur. Açılışında ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi 81 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının zirzəmi ilə birlikdə dördmərtəbəli binası müasir avadanlıqlarla təchiz olunub. Bütün bunlar isə əhaliyə göstərilən tibb xidmətinin səviyyəsinin yüksəldilməsinə əsaslı şəkildə təsir edir.
Hazırda bu səhiyyə ocağında Terapiya, Nevroloji, Cərrahiyyə, Reanimasiya, Travmatologiya, Doğuş, Uşaq xəstəlikləri, Təcili yardım şöbələri fəaliyyət göstərir. Poliklinika şöbəsi xəstəxananın girişi hesab olunur. Burada rentgen kabinələri və laboratoriyalar xəstələrin xidmətindədir. Rentgenoskopiya aparatı vasitəsilə döş qəfəsi, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri müayinə olunur, diaqnoz daha dəqiq müəyyənləşdirilir. Slovakiyanın istehsalı olan daha bir aparat isə xəstəxananın əməliyyat otağında yerləşdirilmişdir. Onun köməyi ilə mərkəzləşdirilmiş qaz, oksigen və hava membranlı kompressor vasitəsilə cərrahiyyə əməliyyatları uğurla həyata keçirilir.
Mərkəzi xəstəxanada fəaliyyət göstərən hemodializ bölməsi də tibbi xidmətin daha səmərəli olmasını şərtləndirir. Bölmənin əməkdaşları Naxçıvan şəhərində ixtisasartırma kurslarında olublar.
Sevindirici haldır ki, bu yaxınlarda rayon Mərkəzi Xəstəxanasında müasirtipli yeni exokardioqrafiya aparatı quraşdırılmışdır.
Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması da dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir və son illərdə bu sahədə də mühüm tədbirlər həyata keçirilir.
Cari ilin birinci yarısında rayonda 419 nəfər uşaq doğulmuşdur. Uşaq və yeniyetmələrin sağlamlığı barədə məlumatların “Vətəndaşların elektron sağlamlıq kartı sistemi”nə daxil edilməsi istiqamətində lazımi işlər görülür. Rayonda 6 yaşadək 5850 nəfər uşaq kontingenti vardır ki, onlardan da 2880 nəfəri belə kartlarla təmin edilmişdir. Ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Hamilə qadınlara tibbi xidmətin səviyyəsi yüksəlmiş, evdə doğuşlar aradan qaldırılmışdır.
Vərəmin erkən aşkarı məqsədilə aprel ayında 17 yaşadək uşaqlar arasında mantu sınağı aparılmışdır. Şübhəli bilinən xəstələr müalicəyə cəlb edilmişdir.
2013-cü ilin birinci yarısında 817 nəfər stasionar, 41 min 350 nəfər ambulator şəraitdə müalicə olunmuş, 10 min 382 xəstəyə isə evdə baxılmışdır. Sözügedən dövrdə Mərkəzi Xəstəxanada 96 nəfər üzərində cərrahi əməliyyat aparılmış, xəstələrin hamısı sağalaraq evlərinə qayıtmışlar.
Rayon Mərkəzi Xəstəxanasının həkimləri onlara müraciət edən insanların müayinə və müalicəsi ilə məşğul olmaqla öz işlərini bitmiş hesab etmirlər. Təcrübəli həkimlərin cəlb olunduğu 4 briqada vaxtaşırı yaşayış məntəqələrində olur, maarifləndirici söhbətlər aparır, əhalini müayinədən keçirir, müalicəyə ehtiyacı olanları ambulator və ya stasionar müalicəyə cəlb edir, bir sıra profilaktik tədbirlər həyata keçirir.
Xəstəxanada təcili təxirəsalınmaz tibbi yardım xidməti fəaliyyət göstərir. Təcili yardım şöbəsi müasir avadanlıqları olan maşınlarla təmin edilmişdir. Onun xidmətindən təkcə rayon mərkəzi deyil, Şərurun kəndləri də istifadə edirlər. Bölgənin 108 mindən çox əhalisinə təkcə rayon Mərkəzi Xəstəxanası deyil, həm də 1 kənd sahə xəstəxanası, 28 həkim ambulatoriyası, 33 feldşer-mama məntəqəsi səhiyyə xidməti göstərir. Bu müəssisələrdə 79 həkim və 334 tibb işçisi çalışır.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı və bütün regionları əhatə edən sosial-iqtisadi inkişaf proqramları, sözün həqiqi mənasında, böyük inkişafa zəmin yaradır. Elə ötən il Danyeri kəndində həkim ambulatoriyası üçün ikimərtəbəli bina tikilməsi, Dərəkənd və Qorçulu kəndlərindəki feldşer-mama məntəqələrinin təzə binalara köçürülməsi də həmin dövlət proqramları çərçivəsində mümkün olub. Bu il isə Xanlıqlar, Sərxanlı və Dəmirçi kəndlərində ikimərtəbəli müasir həkim ambulatoriyası binaları ucaldılır. Şübhəsiz ki, bu işlərin həyata keçirilməsi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəlməsinə təsir edəcək.
Şərur səhiyyəsinə bu gün hərtərəfli inam, etibar var. İnsanlar həkimlərə inanır, xəstəxana və həkim ambulatoriyalarındakı şəraitdən razıdırlar. Həkimlər də özlərinə inamı hiss edir və duyurlar. Müasir tibb avadanlıqları ilə təchiz olunmuş səhiyyə müəssisələrində işləmək onlara da xoşdur. Rayon Mərkəzi Xəstəxanası Kardioloji şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının
əməkdar həkimi Telman Möhbalıyev söhbət zamanı dedi:
– Bu şəraiti bizə dövlətimiz yaradıb. Gərək elə çalışaq ki, etimadı doğruldaq. Buna bizim hər cür imkanımız var. İndi regionlarımız tədricən Bakı, Naxçıvan səviyyəsinə çatır. Mən bu gün çox sevinirəm ki, rayonumuz tibb sahəsində son vaxtlar xeyli irəli gedib. Bu inkişaf hər gün dünənkindən daha çox gözə çarpır.
Unutmayaq ki, səhiyyəyə inam tibb xidmətinin səviyyəsindən başlanır. Bu inam varsa, demək, sağlamlıq da olacaq. Ümumiyyətlə, Şərur səhiyyəsinin bugünkü durumu fərəh doğurur. Onun gələcəyi daha ümidvericidir.
Cəfər ƏLİYEV