Muxtar respublika əhalisinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Mərkəzi Uşaq Xəstəxanasının, Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Diaqnostika- Müalicə Mərkəzinin və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları ayda bir dəfə müxtəlif ucqar dağ kəndlərində, yaşayış məntəqələrində olur, əhaliyə tibbi xidmət göstərərək onları müayinədən keçirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ənənəni davam etdirərək Babək rayonunun Kərimbəyli kəndində olmuşdur. Yüksək ixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmiş həkim briqadasının kəndə gəlişi barədə əvvəlcədən məlumat verildiyindən əhalinin kütləvi tibbi profilaktikasına nail olunmuşdur. Əhalinin kütləvi profilaktik müayinələri son illərin quruculuq ünvanlarından biri olan həkim ambulatoriyasında həyata keçirilmişdir.
Gün ərzində 30 terapevtik, 34 pediatrik, 22 cərrahi, 18 ginekoloji müayinə həyata keçirilmişdir. Kütləvi profilaktik tibbi müayinələrdə kənd həkim ambulatoriyasının orta tibb işçiləri yaxından iştirak etmişlər. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. Altı hamilə qadın müayinədən keçirilərək müvafiq tibbi təyinatlar almışdır. 20-25 yaşlılar arasında dispanser işi ilə bağlı tədbirlər tamamlanmış, 110 nəfər müayinədən keçirilmişdir. Əhali arasında hipertoniya, ürək-damar, şəkərli diabet, vərəm, onkoloji, ginekoloji xəstəlikləri, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işi aparılmış, xəstəliklərin profilaktikası ilə bağlı məsləhətlər verilmişdir.
Eyni zamanda peyvəndlərin icra vəziyyəti, ambulator qəbul, evə çağırış, ailə, dispanser xəstələrin, hamilələrin və peyvəndlərin qeydiyyatı jurnalları yoxlanılmış, çatışmazlıqların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.
* * *
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının pediatr, stomatoloq, oftalmoloq, LOR, kardiorevmotoloq, ftiziatr və laborantlardan ibarət həkim briqadası isə Ordubad rayonunun Xanağa kəndindəki feldşer-mama məntəqəsində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirmişdir. Kənddə 8 nəfər 1 yaşa qədər, 201 nəfər 18 yaşa qədər uşaqlardan 82 nəfərinə tibbi xidmət göstərilmiş, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülmüşdür.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilmiş, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməkliklər göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti