22 Dekabr 2024, Bazar

Nehrəm Kənd Sahə Xəstəxanası muxtar respublikada nümunəvi xidməti ilə seçilir

Növbəti planlaşdırmada xəstəxanaların birindən reportaj hazırlayacağımız barədə müzakirələrdən sonra Nehrəm Kənd Sahə Xəstəxanası üzərində dayandıq. Çünki bu səhiyyə ocağı regionumuzda fəaliyyət göstərən əksər xəstəxanalardan nümunəviliyi ilə seçilir. Çünki belə olmasaydı, muxtar respublikanın digər yaşayış məntəqələrindən də buraya üz tutmazdılar. Bu gün muxtar respublikanın bütün bölgələrində müasir xəstəxanalar fəaliyyət göstərir. Ancaq vətəndaşlar öz seçimində sərbəstdir və onların Nehrəm Kənd Sahə Xəstəxanasına üz tutmaları təbiidir.

Həmin xəstəxanaya gedərkən yol boyu insan sağlamlığının cəmiyyət üçün əhəmiyyəti və bu qiymətli sərvətin qorunması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər haqqında düşünürdüm. Məlumdur ki, yalnız sağlam olan bir insan xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilər. Məhz buna görə də müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti bir sıra mühüm meyarlarla yanaşı, həm də səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Bu gün muxtar respublikamızda bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən istənilən qədər danışmaq olar. Onu da qeyd edək ki, regionumuzda vaxtilə diqqətdən kənarda qalan ucqar dağ kəndlərində belə, bu gün müasir səhiyyə müəssisələri fəaliyyət göstərir.

Diaqnostika-Müalicə, Duzdağ Fizioterapiya, Doğum, Onkoloji mərkəzlərinin, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının, Ağciyər Xəstəlikləri, Psixi Xəstəliklər dispanserlərinin, Təcili Tibb Mərkəzinin, Kəngərli, Şərur, Culfa, Şahbuz, Sədərək və Ordubad Rayon Mərkəzi xəstəxanalarının tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini yaxşılaşdırmışdır. Səhiyyəyə göstərilən belə böyük qayğıdan Nehrəm Kənd Sahə Xəstəxanasına da pay düşmüşdür. 2008-ci ildə xəstəxana üçün yeni bina tikilərək istifadəyə verilmişdir. İkimərtəbəli xəstəxana binası 20 çarpayılıqdır.

Artıq Nehrəm Kənd Sahə Xəstəxanasının önünə çatırıq. İçəri daxil oluruq. Səhiyyə ocağının dəhlizlərində adamların çoxluğu diqqətimizdən yayınmır. Ancaq bu o demək deyil ki, gördüyümüz insanların hamısı sağlamlığından şikayətçidir. Öyrənirik ki, artıq vətəndaşlar hər hansı ağır xəstəliyə düçar olanda xəstəxanaya üz tutmurlar. Onlar xəstəxanada yaradılan şərait və onlara göstərilən nümunəvi xidmətdən bəhrələnərək tez-tez ambulator müayinələrdən keçirlər. Baş həkimlə görüşmək istəyimiz hələ ki, baş tutmur. Həkimin qapısının ağzında növbəni görüb insanlarla söhbətləşirik. Onlardan birinə yaxınlaşırıq. Gənc ailə başçısı Hasil Məmmədovla tanış oluruq. Naxçıvan şəhər sakinidir. İkiaylıq körpəsini müayinə üçün buraya gətirib.
Naxçıvan şəhərinin digər bir sakini Fərhad Əliyev isə nəvələrini buraya gətirib. Deyir ki, 3 gündür, onların hərarətləri bir qədər yüksəkdir. Niyə məhz Nehrəm Kənd Sahə Xəstəxanasına üz tutduğunu soruşanda bildirir ki, istər uşaq olsun, istərsə də böyük, müayinə üçün ehtiyacımız olanda həmişə bu xəstəxanaya üz tuturuq. Burada yaradılan şəraitdən düzgün istifadə edirlər. Buradakı tibb işçilərinə inamımız sonsuzdur. Xəstəxananın baş həkimi Hüseyn Niftəliyev yaxşı həkimdir. Geydiyi ağ xalatın məsuliyyətini dərindən dərk edir.
İlkin müşahidələrimizdən sonra xəstəxananın Ümumi şöbəsinin müdiri Həmzə Əliyev səhiyyə ocağı ilə bizi tanış edir. Bildirir ki, xəstəxanada müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Yaradılan şərait imkan verir ki, əhaliyə nümunəvi səhiyyə xidməti göstərilsin.

Ginekologiya şöbəsində də uşaq və hamilə qadınlara keyfiyyətli tibbi xidmət göstərildiyinin şahidi oluruq. Hamilə qadınların vaxtında qeydiyyata alınması, onlara göstərilən patronaj xidməti doğuş fəsadlarının aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb etməklə sağlam uşaqların doğulmasına zəmin yaradır. Ginekoloq Fərqanə Mustafayeva qeydiyyat dəftərini bizə göstərir. Burada Babək rayonundan başqa, Culfa, Kəngərli, Şərur, Ordubad rayonlarından da olan xəstələrin adlarına rast gəlirik. Xəstəxanada ana ölümü sıfra enmiş, doğuşların sayı əvvəlki illərlə müqayisədə artmışdır. Onu da qeyd edək ki, xəstəxanada peyvənd işi yenidoğulmuşlardan başlanılır. Uşaqlar arasında qoruyucu peyvəndlərin vaxtında aparılması diqqət mərkəzində saxlanılır. Daim valideynlərlə maarifləndirici söhbətlər aparılır, peyvəndlərin sağlamlıq üçün nə qədər önəmli olduğu diqqətə çatdırılır.
Sonra palataları gəzirik. İşini bir az yüngülləşdirən baş həkim Hüseyn Niftəliyev də bizə qoşulur. Ordubad rayonunun Parağa kəndindən olan İlahə Cəfərli iyirmigünlük körpəsinin yüksək hərarətinə görə xəstəxanada həkim müşahidəsi altında saxlanılmışdır. Artıq körpənin sağlamlığında heç bir problem yoxdur. Ordubadın Gənzə kəndindən, Şərur şəhərindən, Culfa rayonunun Yaycı kəndindən olan xəstələrin yaxınlarının hamısı burada göstərilən nümunəvi xidmətdən ürəkdolusu danışdılar.
Xəstəxanada kiçik cərrahi əməliyyatlar da aparılır. Belə ki, Naxçıvan şəhər sakini Həbib Ələkbərov həkim Etibar Bababəyli tərəfindən cərrahi əməliyyat edilmişdir. Özünü yaxşı hiss edir. O da göstərilən belə yüksək xidmətə görə həm həkimlərə, həm də onlar üçün belə şəraiti yaradan dövlətimizə minnətdarlığını bildirir. Bu səhiyyə ocağına gəlmişkən burada çalışan gənc həkimlərlə də görüşmək istəyirik. Ultrasəslə müayinə otağına daxil olmağı məsləhət görürlər. Burada Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirmiş Araz Musayevlə görüşürük. Pediatr Gülarə Baxşıyeva da bu universitetin həmin fakültəsinin məzunudur. Üç ildir ki, bu xəstəxanada çalışır. Peyvənd olunacaq körpəni müayinə edirdi. Bizimlə bir neçə dəqiqəlik söhbətə də vaxt tapır:
– Tələbə vaxtı şəhərdə işləmək arzusunda olmuşam. Ancaq bir təsadüf nəticəsində bu xəstəxanaya yolum düşdü. Buradakı şəraiti gördükdən sonra qəti qərara gəldim ki, təyinatımı bu xəstəxanaya alım. Gözəl şəraitimiz olduğu kimi, səmimi kollektivimiz də var. Belə kollektivdə işləməyimdən qürur duyuram.

P.S. Xəstəxanadan ayrılarkən nahar vaxtı olsa da, həkimlər və tibb bacıları iş başında idilər. Bir neçə saatlıq müddət ərzində bu ağxalatlı insanların öz işlərinə necə məsuliyyətlə yanaşdıqlarını gördük. Gördük ki, onlar belə şərait müqabilində xəstələrə nümunəvi xidmət göstərməyi, qurulanlardan düzgün və səmərəli istifadə etməyi özlərinin həm peşə, həm də vətəndaşlıq borcu hesab edirlər. Hippokrat andına sadiq olan belə insanlardan bu ünvana üz tutanların minnətdarlıq etmələri də təbiidir.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR