22 Dekabr 2024, Bazar

Söhbət son illər sürətlə inkişaf edən Sədərək səhiyyəsindən gedir

Son illərin sosial-iqtisadi inkişafını, tikinti-quruculuq işlərini, insanların rifah halının daha da yaxşılaşdırılmasını qələmə almaq mənim üçün həmişə xoş olub. Ancaq nədənsə yeni tikilmiş və ya əsaslı təmir edilmiş səhiyyə müəssisəsi barədə yazı hazırlamaq istəyəndə qələm daha “ürəkdən işləyir”. Desəm ki, bunun səbəbini özüm də bilmirəm, səmimiyyətimə inanın. Hansı rayonda, şəhərdə və ya hansı yaşayış məntəqəsində olursa-olsun, müasir səhiyyə ocağının tikilməsi və ya mövcud binaların yenidən qurulması ölkə vətəndaşına, daha dəqiq desək, ən qiymətli kapital olan insanın sağlamlığına xidmət edir.

Bu gün mənim yeni səhiyyə ocağı görəndə sevinməyimin təməlində, bəlkə də, SSRİ dövründən yadda qalan müəyyən psixoloji məqamlar dayanır. Çünki o dövrdə istənilən rayonda hansısa xəstənin vəziyyəti bir az ağırlaşırdısa, dərhal deyirdilər ki, Bakıya aparın. Bakıdan isə xəstələrin Mos­kvaya və ya başqa şəhərlərə göndərilməsi tendensiyası hökm sürürdü. İndi isə...
Elə götürək sərhəd bölgəsi Sədərəyi. Son illər burada həyata keçirilən irimiqyaslı işlər qədim oğuz yurdunun simasını xeyli dəyişdirmişdir. İstər rayon sakinləri, istərsə də buraya digər yerlərdən üz tutanlar Sədərəyin 10-15 il bundan qabaqkı Sədərək olmadığını açıq-aydın görür və hiss edirlər. Dövlətin sosial siyasətinin uğurları ölkə­mizin, muxtar respublikamızın bütün regionlarında olduğu kimi, bu rayonda da diqqət çəkir. Burda elə sahə yoxdur ki, inkişaf etməsin, tərəqqidən geri qalsın. Belə sahələrdən biri də məhz səhiyyədir.

Düşmənlə təmas xəttinin bir addımlığında yaşayan əhaliyə nümunəvi səhiyyə xidməti göstərilməsinin təmin olunması sərhəd bölgəsinə dövlət qayğısının əyani ifadəsidir. Rayonun Sədərək kəndində 2010-cu il oktyabrın 5-də zirzəmi ilə birlikdə üçmərtəbəli xəstəxana binası istifadəyə verilmiş, səhiyyə ocağı lazımi avadanlıqlarla təchiz edilmişdir. Xəstəxananın açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev burada görülmüş işlərdən, əhalinin sağlamlığı üçün yaradılan nümunəvi şəraitdən razı qalmış, eyni zamanda dəyərli tövsiyələrini vermişdir.
...Budur, yenidən rayon mərkəzi xəstəxanasındayam. Onların əksəriyyətini tanıyıram; həmin həkimlər, feldşerlər, tibb bacılarıdır. Sadəcə, daha inamlı, cəsarətli olublar. Bilirsiniz niyə? Çünki işlədikləri tibb müəssisəsi başdan-ayağa dəyişib. Hara baxırsan, təmizliklə, gül-çiçəklə, yaşıllıqla qarşılaşırsan. Həkimin əlinin altında tibbin son nailiyyətləri hesab olunan müasir avadanlıqlar var.
Rayon Mərkəzi Xəstəxanasının əvvəlki görkəmi hələ də gözlərim qarşısındadır, vəziyyət tamam başqa cür idi. Çürümüş taxta döşəmələr, nimdaş görkəmdə palatalar, sovet dönəmində buraxılmış avadanlıqlar, üfunətli sanitariya qovşaqları... bax, bu idi Sədərək xəstəxanasının ümumi mənzərəsi.
1991-ci ildən rayon Mərkəzi Xəstəxanasına Nəriman Seyid­ov rəhbərlik edir. O, Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə həmişə könüllülərin yanında olmuş, yaralılara, ehtiyacı olanlara tibbi yardım göstərmişdir. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, “Tərəqqi” medalına layiq görülmüşdür. Sədərəklilər Nəriman Seyidovu yaxşı həkim, səhiyyə təşkilatçısı kimi dəyərləndirirlər. Mənim isə Nəriman həkimə həm də yaxşı həmsöhbət kimi xüsusi rəğbətim var. Elə bu yazıda qələmə aldığım fikirləri də o, baş həkim kimi deyil, bir ziyalı kimi söylədi:
– Bu gün ölkəmiz öz tarixi ərzində ən yüksək inkişaf mərhələsini yaşayır. Bu sözləri deyəndə təkcə dövlətin büdcəsinin artmasını, ordunun heç zaman olmayan bir səviyyədə qüdrətlənməsini, böyük tikinti-qurucu­luq işlərini nəzərdə tutmuram. Əlbəttə, onlar da cəmiyyət həyatında xüsusi önəm kəsb edən məsələlərdəndir. Mən “ölkənin ən yüksək inkişaf mərhələsi” deyəndə, insana göstərilən qayğını və diqqəti nəzərdə tuturam. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. İndi hər şey hamının gözü qabağındadır. Bəlkə də, mən ixtisasca həkim olduğuma görə belə düşünürəm. Mənim fikrimcə, insana göstərilən qayğı və diqqətin önündə əvvəlcə onun lazımi səhiyyə xidməti ala bilməsi, sonra isə təhsillə əhatələndirilməsi getməlidir. Uşaq 6-7 yaşına kimi sağlam böyüyə bilməsə, onun normal təhsil ala bilməsi də problemə çevriləcək. Dövlət öz vətəndaşına bu iki xidməti yüksək səviyyədə göstərirsə, deməli, milli tariximiz qarşısında böyük xidmətlər göstərmiş olur.
Səhiyyə ocağında 65 nəfərlik tibb personalı çalışır. Xəstəxanada Stasionar, Profilaktika və Təcili yardım şöbələri fəaliyyət göstərir. Burada həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğuş və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-qulaq-boğaz kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya, ultrasəslə müayinə, stomatologiya, oftalmologiya, rentgen otaqları vardır. Xəstəxanada cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılmışdır.
Tapşırılan işə məsuliyyətlə, qarşıya qoyulan vəzifəyə işgüzarlıq və həssaslıqla yanaşmaq ümumi müvəffəqiyyəti təmin edən əsas amildir. Bu da fakt: 2012-ci ildə 26 çarpayılıq şəfa ocağında ambulator xəstə qəbulu 27 min 30, stasionar xəstə qəbulu isə 251 nəfər olmuşdur. Bu ilin ilk beş ayında isə 4752 ambulator, 89 stasionar xəstəyə tibbi xidmət göstərilmiş, 25 xəstə cərrahi müdaxilə sayəsində şəfa tapmışdır.
Sədərəkdə imtiyazlı xəstələrə xüsusi qayğı ilə yanaşılır. Təkcə 2012-ci ildə bu məqsədlə 14 min 500 manat dərman pulu xərclənmişdir ki, bu vəsaitin də 11 min 200 manatı şəkərli diabet xəstələrinin payına düşmüşdür.
Vərəm xəstəliyinin erkən aşkar edilməsi üçün cari ilin aprel ayında rayonda 1221 uşaqda mantu sınağı aparılmışdır. Bundan sonra əsas diqqət sınağa reaksiyası şübhəli olan şagirdlərin rentgen-flüoroqrafik müayinəsinə yönəldilmişdir. Bu məqsədlə may ayında Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim və tibb bacılarından ibarət briqadası Sədərək Rayon Mərkəzi Xəstəxanasında olmuş, səyyar flüoroqrafik maşınla 16 şagirdi müayinədən keçirmişdir. Müayinələr zamanı aktiv vərəm xəstəliyi aşkar olunmamışdır. 5 şagirdə profilaktik müalicə təyin edilmiş, tibbi məsləhətlər verilmişdir.
Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin xətti ilə həkim briqadaları tez-tez Sədərəyə gəlib burada səyyar qəbullar təşkil edir, yerli həkimlərlə bərabər müayinə və müalicələr aparır, cərrahi əməliyyatlar həyata keçirirlər. Səhiyyə Nazirliyinin həkim briqadası növbəti dəfə keçən ay xəstəxanada olmuşdur. Kütləvi profilaktik tibbi müayinələrdə sədərəkli həkim və tibb işçiləri yaxından iştirak etmişlər. Bütün bunların nəticəsidir ki, Sədərəkdə hamı səhiyyə işçilərinə inanır və öz sağlamlığını onlara etibar edir. Həkimlər və tibb işçiləri də onlara olan inamı görürlər. Baş həkim söhbətinin sonunda bunu xüsusi vurğuladı:
– Dövlətimiz bizə yüksək şərait yaratmışdır. Gərək elə çalışaq ki, etimadı doğruldaq. Sərhəd bölgəsində yaşamaq və işləmək həm çətin, həm də şərəflidir. Burada adamların bir xoş sözə, isti baxışa ehtiyacı var. Rayonumuzun səhiyyə işçiləri əhalidən öz şəfqətlərini əsirgəmir, bir xəstənin dərdinə dərman, bir yaralının yarasına məlhəm olmaqdan ötrü əllərindən gələni edirlər. Mən inanıram ki, elə bir gün gələcək, Sədərəkdən bir nəfər də olsun, xəstə müalicə və müayinə üçün başqa yerə getməyəcək. Bizim ən başlıca məqsədimiz xəstələrin inamını itirməməkdir. Qaldı ki, yüksək xidmət varsa, inam da mütləq yaranacaq.
Baş həkimin dediyi bu sözlərdə çox böyük qətiyyət, inam və nikbinlik var idi. Sədərəyin tibb işçilərinin bugünkü fəaliyyəti belə deməyə, belə düşünməyə əsas verir. Uğurlar olsun!

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR