Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksək ixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili artıq ənənə halını almışdır. Təkcə ötən yarımil ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının İntervension kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Abbasəli Abbasəliyev tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 53 xəstə üzərində angioqrafiya əməliyyatı aparılmış və 16 stend qoyulmuş, Kardiocərrahiyyə şöbəsinin həkim briqadası 28 açıq ürək əməliyyatı, 5 periferik damar əməliyyatı olmaqla, 33 nəfərdə əməliyyat, 10 nəfərdə angioqrafiya manipulyasiyası aparmışdır.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ürək-damar xəstəliklərində tətbiq edilən bütün müasir cərrahi əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi şərait yaradıldığından müayinə və müalicə işinin səmərəliliyi get-gedə artır. Cərrahi müdaxilələr peşəkar mütəxəssislər tərəfindən və ən yeni avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda aparılır. Əməliyyatların aparılmasında Mərkəzi Neftçilər Xəstəxanası Kardioloji Mərkəzinin həkim briqadasının böyük rolu vardır. Mərkəz ilə əməkdaşlığın başlandığı 2007-ci ildən bəri anadangəlmə və sonradan qazanılan ürək qüsurları ilə bağlı 390 xəstə üzərində cərrahi əməliyyatlar aparılmış, 200 xəstəyə stend qoyulmuş, minə yaxın xəstəyə isə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsulları tətbiq olunmuşdur.
Növbəti səfər isə bu il iyulun 1-dən 8-dək davam etmişdir. Həmin müddətdə Kardioloji Mərkəzin rəhbəri, ürək və damar cərrahı Rəşad Mahmudovun başçılıq etdiyi 26 nəfərlik əməliyyat briqadası Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ürəyin işemik xəstəliyi, qazanılmış ürək qüsurları, anadangəlmə ürək qüsurları, aorta və digər arteriyaların xəstəlikləri kimi mürəkkəb cərrahi əməliyyatların uğurla aparılmasına nail olmuşdur. Səfər çərçivəsində 16 kardiovaskulyar cərrahi əməliyyat aparılmışdır. Ən çox isə aorta şuntlama əməliyyatı həyata keçirilmiş, 77 yaşında xəstəyə aortik bioprotez qapaq qoyulmuş və eyni zamanda aortokoronar şuntlama əməliyyatı icra olunmuşdur.
Anadangəlmə ürək qüsurlu 4 uşaq üzərində (1,3-2 yaş) aparılan açıq ürək əməliyyatı da uğurla başa çatdırılmış, 1 xəstəyə isə aortal qapaq qoyulmuşdur. Xəstələrdən üç nəfəri artıq tam sağalma ilə evə buraxılmışdır. Digərləri isə hazırda həkim müşahidəsi altındadırlar. Əməliyyatlarla yanaşı, kardioloji ambulator müayinə və müalicələr də aparılmış, 200 xəstədə exokardioqrafiya, 9 xəstə üzərində angioqrafiya müayinəsi həyata keçirilmiş, onlara tibbi məsləhət və tövsiyələr verilmişdir.
Aksiya çərçivəsində yerli həkimlər bütün cərrahi əməliyyatlarda iştirak etmişlər. Kardiovaskulyar cərrah İntiqam Fətullayev aparılan cərrahi əməliyyatlarda birinci assistent kimi iştirak etmiş, kardioanestezioloq Şahin Mazanov, tibb bacılarından Jalə Kərimova, Laçın Səfərova, Gülnar Məmmədova, Zeynəb Hənifəyeva və Ləman Hüseynova əməliyyatların fəal iştirakçıları olmuşlar. Məqsəd ondan ibarətdir ki, yüksək şəraitə malik olan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlərin sərbəst surətdə açıq ürək əməliyyatları apara bilmələrinə nail olunsun. Bunun üçün bir neçə ildir ki, naxçıvanlı həkimlər Bakıda təşkil olunan kurslarda iştirak edir, Türkiyə Respublikasının tanınmış səhiyyə müəssisələrində təcrübə qazanırlar. Bütün bunlar tezliklə yerli həkimlərin açıq ürək əməliyyatları aparmalarına imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti