Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmış, indiyə kimi 410 həkim şəffaf şəraitdə test imtahanlarını və müsahibə mərhələsini başa vuraraq növbəti beş il üçün sertifikat almışdır.
İyulun 6-da keçirilən növbəti test imtahanında stomatologiya, dermatovenerologiya və ftiziatriya ixtisasları üzrə həkimlər öz bilik və bacarıqlarını sınamalı olmuşlar. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında keçirilən test imtahanında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Şurasının sədri Kəmalə Qurbanova test imtahanının qaydaları haqqında məlumat vermişdir.
Sonra Sertifikasiya İmtahan Komissiyasının sədri Süleyman Cəfərov çıxış edərək bildirmişdir ki, hazırda dünya tibb elmində çox böyük inkişaf gedir, irəliləyişə nail olunur. Əvvəlki dövrdə müalicə olunmayan xəstəliklər indi artıq müalicə edilir, yeni təfəkkürə, müasir elmi biliklərə yiyələnən kadrlar yetişir. Kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri də tibb işçilərinin sertifikasiyasıdır. İndi bütün qabaqcıl ölkələrdə olduğu kimi, Azərbaycanda da beş ildən bir imtahan verib sertifikat almayan tibb işçisi praktik fəaliyyətlə məşğul ola bilməz. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmalarına, həkim sənətinin məsuliyyətini daha dərindən dərk etmələrinə imkan yaradır. Bu proseslər muxtar respublikamızda da həkimlərin bilik və peşə bacarıqlarının artırılmasını zəruri edir. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir. Bu, həkim və orta tibb işçilərinin nəzəri və təcrübi bilik və bacarıqlarını daha da artırmalarına imkan yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompyuterə yerləşdirilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 43 nəfərə paylanmış, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.
Test imtahanının yekunlarına görə, 60 və ya daha çox bal toplamış 39 mütəxəssis sertifikasiya prosesinin ilk mərhələsini başa vurmuşdur. Onlardan 10 nəfər 90-100, 14 nəfər 80-90, 14 nəfər 70-80, 1 nəfər 60-70 arası bal toplayaraq test imtahanından keçərli sayılmışdır. 4 nəfər isə zəruri həddi keçə bilməmişdir.
Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti on gün ərzində keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti