22 Dekabr 2024, Bazar

Muxtar respublikada səhiyyənin inkişaf etdirilməsi, insanlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində son illər həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlərdən biri də Bakı şəhərindən yüksək ixtisaslı həkimlərin muxtar respublikaya dəvət olunaraq müxtəlif cərrahi əməliyyatlar aparmasının təşkil edilməsidir. Naxçıvanlılara böyük dövlət qayğısının ifadəsi olan bu xeyirxahlıq aksiyasında açıq ürək əməliyyatları başlıca yer tutur.
Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının Kardioloji Mərkəzinin rəhbəri Rəşad Mahmudovun başçılığı ilə 25 nəfərlik həkim briqadası bu məqsədlə iyul ayının 1-də Naxçıvan şəhərinə gəlib. Briqada Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində iyul ayının 2-dən açıq ürək əməliyyatlarına başlayıb. 21 xəstədə belə əməliyyatlar aparılması nəzərdə tutulub. Bu günədək 12 xəstənin əməliyyatı uğurla başa çatdırılıb. Bununla bağlı olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müalicəsi uğurla başa çatan xəstələrin yenidən həyata qaytarılmasında əməyi olan həkim briqadasının üzvləri ilə görüşdük. Yenicə açıq ürək əməliyyatını başa vuran həkim, tibb üzrə fəlsəfə doktoru Seymur Musayevlə həmsöhbət olduq. Həkim bildirdi ki, bu gün tam cəsarətlə demək olar ki, Naxçıvan səhiyyəsi böyük diqqət və qayğı ilə əhatə olunub. Bizim Bakıdan buraya gəlməyimizin təşkili də bunu sübut edir. Bu da Naxçıvanda insanlara, onların sağlamlığına böyük önəm verilməsinin ifadəsidir.

Həkim onu da bildirdi ki, 2007-ci ildən bu günədək anadangəlmə ürək qüsuru, şuntlama, qapaq xəstəlikləri, sonradan qazanılan ürək qüsurları ilə bağlı 300 xəstə üzərində əməliyyat aparılıb. Həkimlərdən İntiqam Fətullayevin, Fərid Hüseynovun, Cavid Paşayevin, Şahin Mazanovun, tibb bacısı Jalə Kərimovanın və başqalarının iştirak etdikləri əməliyyatlarda tibbin dəfələrlə sınaqdan çıxarılmış üsulları tətbiq olunub. Bu əməliyyatlarda naxçıvanlı həkimlər də yaxından iştirak ediblər. Məqsəd isə ondan ibarətdir ki, belə əməliyyatlar üçün yüksək şəraitə malik olan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlərin sərbəst surətdə açıq ürək əməliyyatları apara bilmələrinə nail olunsun. Bunun üçün bir neçə ildir ki, naxçıvanlı həkimlər həm də Bakıda təşkil olunan kurslarda iştirak edir, təcrübə qazanırlar.

Seymur Musayev əminliklə onu da vurğuladı ki, yaxın vaxtlarda yerli həkimlər bu əməliyyatları özləri apara biləcəklər.
Cərrahiyyə əməliyyatı uğurla başa çatan xəstələrlə də görüşdük. Naxçıvan şəhərindən olan Nəriman Quliyevin ürək sözləri:
– 54 yaşım var. Bir neçə ildir ki, ürəyimin, necə deyərlər, şıltaqlıq etdiyini hiss edirdim. Ancaq müayinə və müalicə olunmağa cəsarət etmirdim. Həm də eşitmişdim ki, ürək xəstəliklərinin müalicəsi yüksək qiymətə başa gəlir. Naxçıvanda belə əməliyyatların aparılmasını eşidəndə qərara gəldim ki, mən də müraciət edim. Sağ olsunlar həkimləri. Ürəyimdə aparılan açıq cərrahiyyə əməliyyatı uğurla başa çatdı. Özümü lap yaxşı hiss edirəm.
Şahbuz rayonunun Qızıl Qışlaq kəndindən Laçın Behbudova:
– 31 yaşım təzə tamam olub. Bu yaşda ürək xəstəsi olmaq qəlbimi sıxırdı. Ağrılarım da günü-gündən artırdı. Düzünü deyim ki, Bakıya və digər yerlərə gedərək müalicə almağım üçün maddi vəziyyətim imkan vermirdi. Eşidəndə ki, Bakıdan gəlib Naxçıvanda cərrahiyyə əməliyyatları aparırlar, mən də üz tutdum buraya. Əməliyyatdan sağ-salamat çıxmışam. Sevinirəm ki, gözü yolda qalan ailəm əlavə xərcdən qurtulub. Sağ olsun dövlətimizi.
Babək rayonunun Nehrəm kəndindən gəlmiş 67 yaşlı Cəfər İsmayılov:
– Bu çətin əməliyyatın başqa yerlərdə aparılması bizim üçün böyük çətinliklər yaradacaqdı. Həkimlərin muxtar respublikaya gələrək burada bizi müalicə etmələrini ən böyük qayğı kimi heç vaxt unutmayacağam. Onu da deyim ki, 25 həkimin Naxçıvana gətirilməsi, onların burada xəstələri müayinə və müalicə etməsi təkcə biz xəstələr tərəfindən deyil, həm də bütün naxçıvanlılar tərəfindən yüksək dəyərləndirilir. Bunun üçün bütün xəstələr, onların yaxınları adından belə xeyirxah tədbiri təşkil edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımızı bildiririk.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR