Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ürək-damar xəstəliklərində tətbiq edilən bütün müasir cərrahi əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi şərait yaradıldığından müayinə və müalicə işinin səmərəliliyi get-gedə artır. Cərrahi müdaxilələr peşəkar mütəxəssislər tərəfindən və ən yeni avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda aparılır. Əməliyyatların aparılmasında Mərkəzi Neftçilər Xəstəxanasından gəlmiş həkim briqadasının böyük rolu vardır. Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin sədri, ürək və damar cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi 25 nəfərlik tam əməliyyat briqadası dünən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində növbəti humanitar aksiyaya start vermişdir. Aksiyanın ilk günü Naxçıvan şəhər sakinlərindən Muxtar Abdullayev, Nəriman Quliyev, Nehrəm kənd sakini Cəfər İsmayılov üzərində açıq ürək əməliyyatları aparılmışdır. Kardiocərrahlardan tibb üzrə fəlsəfə doktoru Seymur Musayev, Fərid Hüseynov, naxçıvanlı həkimlərdən İntiqam Fətullayev, Şahin Mazanovun birgə fəaliyyəti ilə əməliyyatlar uğurla başa çatdırılmışdır.
Aksiyanın davam edəcəyi günlərdə ürəyin işemik xəstəliyi, qazanılmış ürək qüsurları, anadangəlmə ürək qüsurları, aorta və digər arteriyaların xəstəlikləri kimi 30-a yaxın mürəkkəb cərrahi əməliyyatların aparılması, bir xəstəyə dializ fistulasının qoyulması nəzərdə tutulmuşdur.
Aksiya çərçivəsində cərrahi əməliyyatlarla yanaşı, kardioloji ambulator müayinə və müalicələr də aparılır, exokardioqrafiya, angioqrafiya müayinələri həyata keçirilir, xəstələrə tibbi məsləhət və tövsiyələr verilir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti