22 Dekabr 2024, Bazar

Dağınıq skleroz sinir sisteminin çoxocaqlı pozulması ilə müşayiət olunan və irəliləyən gedişli xroniki xəstəlikdir. Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq skleroz xəstəliyindən əziyyət çəkənlərin sayı bir milyon nəfərdən artıqdır. Xəstəliyin müalicəsinin çətinliyi və böyük məsrəflər tələb etməsi dağınıq skleroz problemini dünyanın bütün dövlətlərində aktual edir. Ölkəmizdə də bu problemin həlli prioritet istiqamətlərdən biridir. Bu məqsədlə ötən il martın 7-də “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Ölkə başçısının 13 noyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin həyat fəaliyyətinin yüksəlməsinə, ömürlərinin uzadılmasına, onlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin aşkar edilməsi və vaxtaşırı müayinələrinin təmin edilməsi məqsədilə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yaradılmış komissiya hazırda bu istiqamətdə fəaliyyətini davam etdirərək dağınıq skleroz xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyasını həyata keçirir. Muxtar respublikamızda da bu xəstəlikdən əziyyət çəkən insanlar var. Onların uzaq məsafə qət edərək müayinədən keçməsi maddi və mənəvi çətinliklər hesabına başa gəlir. Bu problemi aradan qaldırmaq, xəstə­liyin müalicəsi, profilaktikası üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığı ilə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yaradılmış komissiya bütün heyətlə Naxçıvana dəvət edilərək iki gün ərzində müayinələr aparmışdır. 
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində keçirilən tədbirdə çıxış edən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası baş həkiminin birinci müavini, komissiyanın sədri Mahir Babayev, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu Sinir xəstəlikləri kafedrasının əməkdaşı Rəhim Əliyev, nevropatoloqlar Mehparə Qədimova, Aytən Qasımova dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin aşkar edilməsi və vaxtaşırı müayinələrinin təmin edilməsi istiqamətində görülən işlərdən danışmış, muxtar respublikada səhiyyənin inkişafı ilə əlaqədar aparılan genişmiqyaslı quruculuq işlərindən məmnunluqlarını ifadə etmişlər.
Sonra dağınıq skleroz xəstəliyinə şübhəli bilinən 17 nəfər müayinədən keçirilmişdir. Onlardan 6 nəfəri risk qrupuna daxil edildiyindən müalicə üçün müvafiq tapşırıqlar verilmişdir. Xəstələr onlara göstərilən bu tibbi xidməti yüksək dövlət qayğısının ifadəsi kimi dəyərləndirərək öz minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR