Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Babək rayonunun Kərimbəyli kəndində olmuşdur. Briqada yüksək ixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmişdir. Həkim briqadasının kəndə gəlişi barədə əvvəlcədən məlumat verildiyindən əhalinin kütləvi tibbi profilaktikasına nail olunmuşdur. Əhalinin kütləvi profilaktik müayinələri son illərin quruculuq ünvanlarından biri olan həkim ambulatoriyasında həyata keçirilmişdir.
Gün ərzində 30 terapevtik, 34 pediatrik, 22 cərrahi, 18 ginekoloji müayinə həyata keçirilmişdir. Kütləvi profilaktik tibbi müayinələrdə həkim ambulatoriyasının tibb işçiləri yaxından iştirak etmişlər. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. Əhali arasında hipertoniya, ürək-damar, şəkərli diabet, onkoloji, vərəm, ginekoloji xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılmışdır.
Eyni zamanda peyvəndlərin icra vəziyyəti, ambulator qəbul, evə çağırış, dispanser xəstələrin, hamilələrin və peyvəndlərin qeydiyyatı jurnalları yoxlanılmış, çatışmazlıqların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.
* * *
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının pediatr, stomatoloq, oftalmoloq, LOR, ftiziatr və laborantlardan ibarət həkim briqadası isə Culfa rayonundakı Gülüstan kəndinin feldşer-mama məntəqəsində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirmişdir. Kənddə 8 nəfər 1 yaşa qədər uşaqlardan, 122 nəfər 18 yaşa qədər yeniyetmələrdən 60 nəfərinə tibbi xidmət göstərilmiş, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülmüşdür. 100 nəfər valideynlə səhiyyə maarifi işi aparılmış, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilmişdir.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilmiş, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməklik göstərilmişdir.
* * *
İyun ayı üçün təsdiq edilmiş qrafikə əsasən, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin, Göz Xəstəxanasının, Dəri-Zöhrəvi Dispanserin həkim briqadası Kəngərli rayonunun Böyükdüz, Doğum Mərkəzinin həkim briqadası Ordubad rayonunun Dırnıs, Ağciyər Xəstəlikləri, Endokrinoloji, Psixi Xəstəliklər dispanserlərinin həkim briqadası Babək rayonunun Kültəpə kəndlərində, rayon mərkəzi xəstəxanalarının həkim briqadaları isə öz ərazi dairələrindəki kəndlərdə əhalini kütləvi profilaktik tibbi müayinələrdən keçirmişlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti