Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə İnstitutunun Uşaq Ürək Mərkəzində fəaliyyət göstərən uşaq kardioloqu Elnur İmanov mütəmadi olaraq muxtar respublikamıza dəvət olunaraq yerli həkimlərlə bərabər anadangəlmə ürək qüsurları olan uşaqların müayinə və müalicəsini aparır.
Təcrübəli mütəxəssis ötən şənbə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olmuş, muxtar respublikanın şəhər və rayonlarından gəlmiş mürəkkəb ürək qüsurlu 12 xəstəni müayinə etmişdir. Həmin xəstələrdən 3 nəfərin üzərində əvvəlki səfər zamanı ağciyər arteriyası stenozunun balon və valvuloplastikası əməliyyatı aparılmışdı. EXO və elektrokardioloji müayinələr zamanı həmin xəstələrdə tam sağalma müşahidə edilmişdir.
Dörd nəfərdə müxtəlif ürək qüsurları aşkarlanmış, müşahidə məqsədilə növbəti altı ay ərzində yoxlama müayinələri məsləhət görülmüşdür. Digər dörd nəfərdə isə ürəyin qulaqcıqarası çəpər defekti, fallo tetradası kimi ağır ürək qüsurlu xəstəliklər aşkara çıxarılaraq qısa zaman içərisində açıq ürək əməliyyatına göstəriş verilmişdir.
Xəstələrin exokardioqrafiya və elektrokardioqrafiyası Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim kardioloqu Nail Mehbalıyevlə birgə həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti