Muxtar respublikamızda yeni səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi, onların müasir tibbi avadanlıqlarla təmin edilməsi, kadrların peşə bacarıqlarının yüksəldilməsi istiqamətində görülən işlər tibbi xidmətin xeyli yaxşılaşmasına şərait yaratmışdır. Səhiyyədə anestezioloji və reanimatoloji xidmət də belə sahələrdəndir.
Bu ixtisas digər tibbi ixtisas biliklərini özündə cəmləşdirərək dərin bilik tələb etdiyinə görə seçilir. Ona görə də bu sahədə çalışan həkim və orta tibb işçiləri mütəmadi olaraq ölkəmizin paytaxtında və Türkiyə Respublikasının tanınmış klinikalarında ixtisasartırma kursları keçməklə öz peşə bacarıqlarını artırırlar. Görülən işlər artıq yeni xidmət sahələrinin də təşkilinə imkan vermişdir. Hazırda ümumi cərrahi, neyrocərrahi, mama-ginekoloji, uroloji, terapevtik və diaqnostik invaziv müdaxilələrdə ağrısızlaşdırma və keyləşdirmənin təmin edilməsi, pasiyentin monitor nəzarəti, əməliyyatqabağı hemostazların aparılması, kritik şok, koma və digər halların aradan qaldırılması Naxçıvan səhiyyəsində müstəqil şəkildə həyata keçirilən tibbi proseslərdəndir.
Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Anesteziologiya və reanimatologiya şöbəsi 12 çarpayılıqdır. Şöbədə 13 həkim tərəfindən xəstələrə tibbi xidmət göstərilir. Bu ilin ilk 5 ayında xəstəxanada 380 xəstə üzərində cərrahi əməliyyat aparılmışdır. Həmin əməliyyatlar endotraxeal narkoz, birləşdirilmiş anesteziya, onurğa beyni anesteziyası altında icra olunmuşdur.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin 5 çarpayılıq Reanimasiya şöbəsi tam heyətlə fəaliyyət göstərir. Şöbə dünya standartlarına cavab verən tibbi aparat və avadanlıqlarla təchiz edilmişdir. Cari ilin ilk 5 ayında mərkəzdə endotraxeal, birləşdirilmiş, əzələdaxili, onurğa beyni anesteziyası altında 508 cərrahi əməliyyat aparılmışdır.
Hazırda Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində də anestezioloji və reanimatoloji xidmətin səmərəliliyi artırıldığından xəstələr başqa ünvanlara üz tutmadan burada müalicə olunmağa üstünlük verirlər. Burada təkcə ötən ilk 5 ayda 290 əməliyyat aparılmışdır ki, onların da hamısı endotraxeal, spinal anesteziya ilə icra olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında 14 çarpayılıq Anesteziologiya və reanimatologiya şöbəsi xəstələrin xidmətindədir. Burada həyata keçirilən 194 cərrahiyyə əməliyyatının hamısı birləşdirilmiş anesteziya altında aparılmışdır.
Şərur Rayon Mərkəzi Xəstəxanasında, eləcə də “Şəfa” və “Əfsanə” özəl müəssisələrində də anestezioloji və reanimatoloji xidmətin təşkili öz bəhrəsini verməkdədir. Yüksək ixtisaslı həkim briqadalarının tez-tez rayon mərkəzi xəstəxanalarında yaradılmış şəraitdən istifadə edərək müxtəlif cərrahiyyə əməliyyatları aparmaları bölgələrdə də anesteziologiya və reanimatologiya xidmətinin inkişafına stimul verir. Məsələn, Sədərək Rayon Mərkəzi Xəstəxanasında ADS tipli narkoz aparatı olduğundan yüksək ixtisaslı həkim briqadaları mütəmadi olaraq burada cərrahiyyə əməliyyatları aparırlar. Son üç ay ərzində dörd əməliyyatın epidural və daxili anesteziya ilə aparılması yaradılmış şəraitin məntiqi nəticəsidir. Əməliyyatlarda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi cərrahı Sabir Novruzov, Mərkəzi Xəstəxananın Reanimasiya şöbəsinin müdiri Azər Məmmədov, Diaqnostika-Müalicə Mərkəzinin tam əməliyyat bloku iştirak etmişdir.
Anestezioloji və reanimatoloji xidmət Kəngərli, Culfa, Ordubad rayonlarında da mütəmadi olaraq həyata keçirilir. Ordubad Rayon Mərkəzi Xəstəxanasında iki ədəd süni tənəffüs aparatı vardır. Bu ilin ötən aylarında xəstəxanada birləşdirilmiş anesteziya altında 50 əməliyyat aparılmışdır. Əməliyyatlar Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksək ixtisaslı həkimləri, eləcə də Naxçıvan şəhərindən getmiş mütəxəssislər tərəfindən icra olunmuşdur.
Belə tədbirlər anestezioloji və reanimatoloji xidmətin yeni inkişaf mərhələsində olduğunun göstəricisidir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti