22 Dekabr 2024, Bazar

Muxtar respublikada əhalinin sağlamlığının qorunması, insanların yaşayış mühitinin və həyat fəaliyyətinin sağlamlaşdırılması diqqət mərkəzində saxlanılır, yeni səhiyyə müəssisələri tikilərək istifadəyə verilir, tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir. Həyata keçirilən bu tədbirlər insanlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə hərtərəfli şərait yaratmışdır. Lakin insanların sağlamlığının qorunması yalnız müalicə-profilaktika müəssisələrinin üzərinə düşən məsələ deyil. Sağlamlaşdırıcı tədbirlər həyatımızın bütün sahələrində həyata keçirilməlidir. Əhalinin sağlamlığı onun keçirdiyi sağlam həyat tərzindən və sağlam qidalanmadan da asılıdır.

Ötən əsrin 90-cı illərində muxtar respublikada sanitar-gigiyenik tələblərə cavab verməyən çayxanaların, küçə ticarəti obyektlərinin, antisanitar vəziyyətdə ət kəsimi və satışı yerlərinin fəaliyyət göstərməsi insanların sağlamlığı üçün ciddi problemlər yaradırdı. Bu obyektlərdə çalışan işçilərin sağlamlıqlarına sahibkarlar tərəfindən nəzarət edilmə­məsi, satışı həyata keçirilən yeyinti məhsullarının normal temperatur rejiminə uyğun saxlanılmaması, küçələrdə toz-torpaq altında vaxtı keçmiş ərzaq məhsullarının sərgilənərək satılması, ət və süd məhsullarına baytar nəzarətinin olmaması kimi hallar əhalinin sağlamlığına öz mənfi təsirini göstərirdi. Ticarət-satış obyektlərinin yaxınlığında məişət tullantılarının yığılması, ət və ət məhsullarının, hətta çörəyin yuyucu-kimyəvi məhsullarla bir yerdə satılması hamının rastlaşdığı gündə­lik mənzərələr idi. Bu da bir sıra yoluxucu xəstəliklərin yayılmasına səbəb olurdu. Sosial xəstəlik olan vərəmə yoluxanların da sayı artmışdı. Əhalinin hər 10 min nəfəri arasında vərəmə yoluxmuş xəstələrin 80-90 nəfər təşkil etməsi epidemioloji vəziyyətin təhlükəli həddə çatmasından xəbər verirdi. Əgər bunun bir səbəbi sosial-iqtisadi böhran nəticəsində əhalinin həyat səviyyəsinin aşağı düşməsi və qidalanmanın qismən pisləşməsi idisə, digər səbəbi emal və satış yerlərinin yoluxucu xəstəliklər mənbəyinə çevrilməsi idi.

Sanitariya-gigiyena qaydalarının gözlənilmədiyi çayxanaların, yeməkxanaların və kafelərin çirkli və təmirsiz vəziyyətdə saxlanılması, kanalizasiya sistemlərinin olmaması, mənşəyi məlum olmayan ərzaq məhsullarından istifadə epidemioloji durumu təhlükəli hala çatdır­mış­dı. Bir çox hallarda içməli suyun, ər­zaq məhsullarının standarta cavab vermə­məsi istehlakçıların hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnirdi. Çünki belə bir antisanitar vəziyyətdə istənilən yoluxucu xəstəliyin yayılma riski kifayət qədər yüksəkdi. Digər bir tərəfdən işçi qüvvəsinə malik olan insanların öz vaxtlarını çayxanalarda keçirmələri onların təsərrüfatdan, ailə problemlərindən uzaq qalmasına, cəmiyyət üçün faydasız kütləyə çevrilməsinə səbəb olmuşdu.
Epidemioloji durumun təhlükəli hala çatmasının bir səbəbi də valideynlərin uşaqları idarəolunan yoluxucu xəstəliklərə qarşı aparılan immunizasiya tədbirlərindən kənarda saxlamaları idi. Ona görə də təhlükəli uşaq xəstəliklərindən olan difteriya, poliomielit müxtəlif yaşda uşaqların ömürlük əlil olmasına və vaxtsız ölümünə səbəb olurdu. Digər tərəfdən isə insan orqanizmində dəmir və yod mikroelementlərinin, eləcə də vitaminlərin çatışmazlığı dağ rayonlarında zob xəstəliyinin yayılmasına gətirib çıxarmışdı. Bütün bunlar insanların həyat şəraitinin və səhiyyə mədəniyyətinin aşağı səviyyədə olmasından irəli gəlirdi.
Muxtar respublikamızın ağır blokada illərini yaşadığı o dövrdə bu cür hallara qarşı mübarizə aparmaq yüksək təşkilatçılıq, əzm və iradə tələb edirdi. Buna isə 1995-ci ildən sonra nail olundu. Həmin tarixdən etibarən muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan abadlıq-quruculuq işləri, sənayenin və kənd təsərrüfatının kompleks inkişafı insanların həyat səviyyəsinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, məşğulluğun təmin edilməsinə şərait yaratdı, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlərin icrasına başlandı. Sürətli sosial-iqtisadi inkişaf, ilk növbədə, insan amilinə verilən dəyərin mahiyyətini daha da artırdı. Sosial siyasətin əsas istiqaməti olan səhiyyə islahatları insanların sağlam ətraf mühitdə yaşamasına geniş imkanlar açdı. Sanitar-gigiyenik tələblərə cavab verməyən çayxanalar, küçə ticarəti ilə məşğul olan mağazalar ləğv edildi, insanların sağlamlığına mənfi təsir göstərən amillərin qarşısı alındı. Muxtar respublika paytaxtında yol boyu düzülmüş, hər bir məhəllədə yerləşdirilmiş köşklərin yığışdırılması, Naxçıvan şəhərinin hüsnünə xələl gətirən tikililərdə ticarət xidmətinin dayandırılması insanların sağlamlığına göstərilən qayğıdan xəbər verirdi. Bu işə əhalinin dəstək göstərməsi isə ticarət şəbəkələrində nəzarət mexanizmini yaratmağa, istehlakçı hüquqlarının və insanların sağlamlığının qorunmasına təminat yaratdı.
İnsanların sosial rifah halının yaxşılaşdırılması müasir və rahat yaşayış komplekslərinin, müasir ticarət mərkəzlərinin yaradılmasını zəruri edir. Hazırda muxtar respublikanın bütün bölgələrində sanitar-gigiyenik tələblərə cavab verən ticarət şəbəkələri, yeni texnoloji avadanlıqlarla təchiz edilmiş istehsalat obyektləri, insanların istirahəti üçün ən yüksək mədəni xidmət göstərilən ictimai-iaşə obyektləri fəaliyyət göstərir. Kəndlərdə aparılan quruculuq işləri zamanı xidmət mərkəzlərinin istifadəyə verilməsi vətəndaşların rahatlığının təmin edilməsinə, onların sağlamlığının qorunmasına, göstərilən məişət xidmətinin səviyyəsinin yüksəldilməsi və keyfiyyətli məhsullarla təminata lazımi şərait yaratmışdır. Bununla yanaşı, ticarət obyektlərində ərzaqların saxlanma temperaturuna nəzarət gücləndirilmiş, vaxtı keçmiş ərzaq məhsullarının satışı qadağan edilmişdir. İctimai-iaşə obyektlərində çalışan insanların obliqat qrup kimi vaxtaşırı tibbi müayinələrə cəlb edilməsi, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi, həkim briqadaları tərəfindən müxtəlif bölgələrdə insanların kütləvi tibbi müayinələrdən keçirilməsi əhali arasında bir çox xəstəliklərin vaxtında aşkarlanmasına və aradan qaldırılmasına şərait yaratmışdır.
Son illər muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı insanların yaşayış səviyyəsinin yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına, keyfiyyətli məhsul istehsalına və satışına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə səbəb olmuşdur. “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” və “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət pro­qramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər yeni istehsal müəssisələrinin yaranmasına və insan sağlamlığı üçün təhlükəli xarakter daşımayan məhsulların istehsalına şərait yaratmışdır. Hazırda muxtar respublikada 450-dən artıq sənaye müəssisəsi fəaliyyət göstərir, 115 növdə, 335 çeşiddə ərzaq, 229 növdə, 524 çeşiddə qeyri-ərzaq məhsulları istehsal olunur, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Həmçinin muxtar respublikada əhalinin il boyu keyfiyyətli kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi məqsədilə soyuducu anbarlar və istixana kompleksləri fəaliyyət göstərir. Muxtar respublikada ümumi tutumu 11 min 720 ton olan 15 soyuducu anbar istifadəyə verilmiş, ümumi sahəsi 42 min kvadratmetrdən artıq olan 10 istixana kompleksi yaradılmışdır. Bu isə idxaldan asılılığın aradan qaldırılması və keyfiyyətli məhsul istehsal etməklə yanaşı, sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılmasına da xidmət edir.
Əhalinin keyfiyyətli məhsullarla təminatında Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı və emal sənayesi məhsullarının satışı yarmarkalarının təşkili mühüm əhəmiyyət daşıyır. Belə ki, kənd əməkçiləri istehsal etdikləri keyfiyyətli məhsulları artıq küçə və yol kənarlarında deyil, yaradılan müasir bazar komplekslərində satırlar. Bu da əhalinin ucuz və keyfiyyətli məhsullarla təminatına imkan verir. Ötən il kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında istehlakçılara 493 tondan artıq kənd təsərrüfatı və sənaye məhsullarının satışı həyata keçirilmişdir.
Ərzaq təhlükəsizliyinin təmin olunması təkcə məhsul bolluğunu yox, eyni zamanda insanların keyfiyyətli məhsulla təminatını da nəzərdə tutur. Belə ki, ərzaq məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitariya normalarına və qaydalarına əməl edilməsi vacib şərtdir. Bu mənada muxtar respublikada sanitar-gigiyenik qaydaların tənzimlənməsi, ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması insanların sağlam qidalanması istiqamətində görülən işlərin əhatə dairəsini daha da genişləndirmişdir. Ərzaq məhsullarında toksiki elementlərə, nitratlara, mikroorqanizmlərə, radioaktiv element­lərə tələb olunan standartlarda baxılması, təhlükəsizlik normalarına uyğun gəlməyən və gömrük orqanları tərəfindən saxlanılan ərzaq məhsullarının məhv edilməsi, istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı üçün sertifikatların verilməsi əhalinin keyfiyyətli məhsulla təminatına imkan verir.
Muxtar respublikada əhali arasında səhiyyə mədəniyyətinin yüksəldilməsi artıq insanların vaxtında səhiyyə ocaqlarına üz tutmalarına səbəb olmuşdur. Bu gün idarəolunan yoluxucu xəstəliklər tamamilə aradan qaldırılmışdır. Doğulan uşaqların 1 yaşına qədər 10 yoluxucu xəstəliyə qarşı peyvənd olunması poliomielit, difteriya və tetanus kimi xəstəliklərin qarşısını almışdır. Bununla yanaşı, muxtar respublikada vərəm xəstəliyinə qarşı da ardıcıl mübarizə aparılır. Belə ki, Ağciyər Xəstəlikləri Dispanserinin səyyar rentgen-flüoro­qrafik maşını vasitəsilə vaxtaşırı rayon və kəndlərdə, məktəblərdə, uşaq bağçalarında və digər işçi kollektivlərində insanlar flüoroqrafik müayinələrdən keçirilir, uşaq və yeniyetmələr arasında tuberkulin diaqnostikası aparılır, profilaktik müalicələr tətbiq edilir. Ana südünün əvəzedicilərinin reklamını və satışını tənzimləyən qanunun qəbul edilməsi isə uşaqların ana südü ilə qidalandırılmasının təbliğinə geniş imkanlar açmışdır. Yod çatışmazlığı ilə bağlı xəstəliklərin qarşısının alınmasına dair milli standartın işlənməsi, xörək duzunun yodlaşdırılması və yodlaşdırılmış duzun idxalı üzərində nəzarətin həyata keçirilməsi bu sahədə müsbət nəticələrin alınmasına səbəb olmuşdur.
Muxtar respublikada yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də ölkədə istehsal və idxal olunan məhsulların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin yoxlanması təşkil edir. Keyfiyyətə nəzarət və ekspress-diaqnostika laboratoriyalarının yaradılması ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin müasir üsullarının, bitkilərin mühafizəsi sahəsində bioloji metodların tətbiqini, karantin xidməti orqanlarının müvafiq avadanlıqla təchiz edilməsini təmin etmişdir. 2012-ci ildə Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən bu məqsədlə ticarət, xidmət, iaşə və istehsal müəssisələrində monitorinqlər aparılmışdır. Mərkəz tərəfindən aparılan tədbirlər muxtar respublikada epidemioloji vəziyyətin sabit saxlanılmasına səbəb olmuşdur.
Son 17 ildə muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər geniş miqyas almış, yoluxucu xəstəliklərin yayılma riski xeyli azalmışdır. Müqayisə üçün qeyd edək ki, 90-cı ildə muxtar respublikada 56 nəfərdə difteriya, 111 uşaqda poliomielit, 6 nəfərdə qarayara, hər il 300-dən artıq şəxsdə vərəm xəstəliyi qeydə alınmışdırsa, hazırda bu xəstəliklərə rast gəlinmir. Aparılan dezinfeksiya və dezinseksiya tədbirləri nəticəsində malyariya infeksiyasına yoluxan xəstələrin sayı azalmış, xəstə­lik ocaqları məhv edilmişdir. Sanitariya işlərinin mütəmadi aparılması, insanların kommunal-məişət şəraitinin yaxşılaşdırılması kütləvi xəstəliklərin qarşısını tamamilə almışdır. Artıq muxtar respublika əhalisi arasında 1996-cı ildən poliomielit, 1997-ci ildən difteriya, 2003-cü ildən isə malyariya xəstəliyi qeydə alınmamışdır.

Unutmamalıyıq ki, sağlamlığın qorunması yalnız dövlətin işi deyil. Bu daha çox ümumxalq işidir. Bizim hər birimiz sağlamlığımızın qədrini bilməli, səhiyyə mədəniyyətinə öz töhfəmizi verməliyik.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR