17 iyun tibb işçilərinin peşə bayramıdır. Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikamızda səhiyyənin inkişafına daim xüsusi diqqət yetirmiş, tibb işçilərinə böyük qayğı göstərmişdir. “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”, – deyən ulu öndərin himayəsi ilə hələ ötən əsrin 70-ci illərində respublikamızın şəhər, rayon və kəndlərində səhiyyə ocaqları tikilərək istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılmışdır. Müstəqillik illərində də dahi şəxsiyyətin rəhbərliyi ilə səhiyyə sahəsində ardıcıl tədbirlər görülmüş, bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, həkimlərin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılmışdır.
Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişaf və tərəqqi səhiyyə sistemində də özünü qabarıq şəkildə göstərməkdədir. İnsanların sağlamlığının yüksək səviyyədə təmin olunması və qorunması həyata keçirilən sosial siyasətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahənin maddi-texniki bazası gücləndirilir, habelə səhiyyə infrastrukturu müasirləşdirilir. Son illər ölkəmizdə tibbi kadrların səviyyəsinin yüksəldilməsi məqsədilə yeni tədris klinikaları yaradılmış, dövlət səhiyyə müəssisələrində pullu xidmət ləğv edilmiş, səhiyyə işçilərinin sosial müdafiəsi gücləndirilmişdir. Bu sahədə aparılan genişmiqyaslı islahatlar milli səhiyyə sisteminin müasirləşməsinə, vətəndaşların tibbi xidmətdən yüksək səviyyədə yararlanmalarına səbəb olmuşdur.
Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikamızda həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsini təşkil edir. Bu gün istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir, yeni tibb müəssisələri tikilir, səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz edilir, insanlar arasında mütəmadi olaraq səhiyyə maarifi işi aparılır. Vaxtilə diqqətdən kənarda qalan ucqar dağ kəndlərində belə, bu gün həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmışdır.
Səhiyyə infrastrukturunun yeniləşdirilməsi istiqamətində görülən işlər nəticəsində təkcə ötən il muxtar respublikada Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, kəndlərdə 5 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi və 1 feldşer məntəqəsi istifadəyə verilmişdir. Bu il isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin binasının və Ordubad rayonunun Çənnəb kəndində feldşer-mama məntəqəsinin açılışı olmuşdur. Hazırda 30 çarpayılıq Babək Rayon Mərkəzi Xəstəxanası və 25 çarpayılıq Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin binalarında son tamamlama işləri aparılır. Muxtar respublikamızda yeni tibb ocaqlarının tikintisini yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Çox sevindirici haldır ki, muxtar respublikanın bütün rayonlarında gözəl, yeni tibb ocaqları tikilir. Burada quraşdırılan avadanlıqlar ən yüksək səviyyəyə layiqdir. Həm həkimlər üçün, həm də xəstələrin müalicəsi üçün bütün şərait var”.
Səhiyyə sahəsində görülən işlər yalnız quruculuq tədbirləri ilə yekunlaşmır. Yüksək ixtisaslı həkim briqadalarının muxtar respublikaya dəvət edilməsi və aztəminatlı ailələrdən olan xəstələrin dövlət vəsaiti hesabına müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili işi də diqqət mərkəzində saxlanılır. Təkcə ötən il Türkiyə Respublikasından və Bakı şəhərindən dəvət olunmuş oftalmoloqlar, kardiocərrahlar, plastik və laporoskopik cərrahlar tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müxtəlif xəstəliklər üzrə 500-ə yaxın əməliyyat keçirilmiş və müayinələr aparılmışdır. Bu ilin yanvar ayından etibarən Doğum Mərkəzində Süni mayalanma şöbəsi fəaliyyətə başlamışdır. Son illər yerli həkim kadrlarının müstəqil şəkildə xəstələr üzərində ağır cərrahi əməliyyatlar aparması isə Naxçıvan səhiyyəsi üçün əlamətdar olmuşdur. Muxtar respublikada ixtisaslı həkim kadrlarının hazırlanması nəticəsində insanların Naxçıvandan kənarda müayinə və müalicələrinə ehtiyac qalmamışdır.
Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisaslı tibb kadrları hazırlanır. Artıq muxtar respublikanın xəstəxanalarında bu təhsil ocaqlarını bitirən gənc tibb işçiləri də çalışırlar. Bununla yanaşı, həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə çoxsaylı seminarlar, konfranslar keçirilir, tibb işçiləri Bakı şəhərinə və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilirlər. Cari ilin ötən 5 ayında 39 tibb bacısı Naxçıvan Tibb Kollecində, 12 həkim Bakı şəhərindəki həkimləri təkmilləşdirmə kursunda, 1 həkim İspaniyada, 19 həkim və orta tibb işçisi isə Türkiyə Respublikasında təşkil olunan təkmilləşdirmə kurslarında iştirak etmişlər.
Muxtar respublikada ixtisaslı tibb kadrlarının hazırlanması ilə yanaşı, onların sertifikasiya işi də diqqət mərkəzində saxlanılır. 2011-ci ildən etibarən tibb işçilərinin sertifikasiyası işinə başlanmış və hazırda bu iş uğurla davam etdirilməkdədir. İndiyə kimi 420 həkim test imtahanı vermiş, onlardan 386 nəfəri müsahibə mərhələsini başa vuraraq növbəti beş il üçün sertifikat almışdır.
Müasir dövrdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən birini də səhiyyə maarifi işi təşkil edir. Həkimlərin, tibb işçilərinin üzərinə düşən vəzifələrdən biri də aparılan müayinə və müalicələrlə yanaşı, xəstəliklərə qarşı insanları məlumatlandırmaqdan ibarətdir. Muxtar respublikada səhiyyə maarifinin düzgün təşkili uşaqlara peyvəndlərin vaxtında vurulmasına səbəb olmuşdur. Əhali arasında səhiyyə maarifinin gücləndirilməsində və yerlərdə onlara tibbi xidmət göstərilməsində həkim briqadalarının böyük rolu var. Bu briqadalar qrafik əsasında kəndlərdə olur, əhaliyə xidmət göstərirlər. Bu da xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında tam müalicə edilməsi baxımından əhəmiyyətlidir. Artıq muxtar respublika əhalisi arasında 1996-cı ildən poliomielit, 1997-ci ildən difteriya, 2003-cü ildən isə malyariya xəstəliyi qeydə alınmamışdır.
Bu gün muxtar respublika əhalisinə 239 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir. Həmin tibb müəssisələrində 734 həkim, 2113 orta tibb işçisi çalışır ki, bu da hər min nəfərin 18 həkim, 51 orta tibb işçisi ilə təmin olunması deməkdir. Son illər həkim və tibb işçilərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onlardan 12-si Azərbaycan Respublikasının, 45-i Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi adına layiq görülmüş, 13 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Bu da tibb işçilərinin üzərinə insanların sağlamlığının etibarlı təminatçısı olmaq məsuliyyətini qoyur. Muxtar respublikanın tibb işçiləri bundan sonra da səylə çalışacaq, insanların sağlamlığının etibarlı təminatçısı olacaqlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti