Muxtar respublikamızda tikinti-quraşdırma və abadlıq işlərinin həcmi ildən-ilə öz əhatə dairəsini genişləndirir. Hazırda regionun tikinti təşkilatlarında 12 min nəfərdən çox işçi çalışır. Bu göstərici tikinti sektorunun muxtar respublika iqtisadiyyatındakı rolunu və əhəmiyyətini göstərməklə yanaşı, bu sahədə əməyin təşkili və təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını da zəruri etmişdir.
İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlərlə əlaqədar 2011-ci il iyun ayının 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilən tapşırıqların icrası üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində hazırlanmış tədbirlər planı ardıcıl şəkildə həyata keçirilir.
Naxçıvan şəhərinin Atatürk küçəsindəki yaşayış binasının tikintisində çalışan 34 nəfər inşaatçı və quraşdırıcının iştirakı ilə dünən tibbi təlim təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-cərrahı, tibb üzrə fəlsəfə doktoru Sabir Novruzov tikinti obyektlərində baş verən istehsalat qəzalarında insanların sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublika Xəstəxanası Travmatologiya şöbəsinin həkim-ordinatoru Aydın Qazıbəyov, Reanimasiya şöbəsinin ordinatoru Hüseyn Abdullayev və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı-həkimi Əkrəm Məmmədli xarici və daxili, arterial, venoz, kapillyar qanaxmalar, kəllə-beyin travmaları, zədələnmə və sınıqlar, ürək, ağciyər çatışmazlığı zamanı göstərilən ilkin tibbi yardım barədə məlumat vermişlər. Bildirilmişdir ki, hər hansı zədəyə (əzilmə, sınıq və sair) məruz qalmış şəxsin həyatını xilas etmək və sağlamlığını qorumaq üçün ona göstərilmiş həkiməqədərki ilk yardımın böyük əhəmiyyəti vardır. İstehsalat qəzası keçirən insanlarda duyğu, düşüncə və davranış dəyişikliyi, yardım edənə qarşı inamsızlıq, yardım qəbul etməmək kimi hallar yaşanır. Belə halların baş verməməsi üçün inşaatçıların maariflənməsi, fövqəladə vəziyyətlərə qarşı əvvəlcədən hazırlıqlı olması vacibdir. Belə vəziyyətlərdə hər kəs özünü ələ almalı, təmkinli və bacarıqlı olmalı, təlaş və çaxnaşmaya yol verməməlidir.
Təlimdə əyani vasitələrdən geniş istifadə olunmuş, suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti