Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunan Gürcüstanın Acarıstan Muxtar Respublikasından gələn uşaqların müalicəsi uğurla davam edir. 17 uşaq, 8 valideyn və bir nəfər Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşından ibarət qrup artıq 6-cı gündür ki, mərkəzdədir.
“Bura bizim uşaqlara çox yaxşı təsir edir. Mənim qızım bronxial-astmadan əziyyət çəkir. Hər gün bir neçə dərman qəbul edir. 6 gündür ki, burdayıq. Amma bu günədək nə kəskin ağrıları olub, nə də hansısa həbi qəbul edib”. Bunları Batumdan olan valideyn Natiya Kavazaşvili bildirib. Acarıstan Səhiyyə Nazirliyinin əməkdaşı və valideyn Yekaterina Russiya onlara göstərilən xidmətdən və qayğıdan razılığını ifadə etdi: “Mən Naxçıvan Muxtar Respublikasının rəhbərinə minnətdaram. Onun bu təşəbbüsü həm iki ölkə, həm də xalqlarımız arasında dostluğu möhkəmləndirən addımdır. Buradakı uşaqların əksəriyyəti imkansız və orta səviyyəli ailələrin uşaqlarıdır. Onları burada pulsuz olaraq müalicə etmək Naxçıvanın acarıstanlılara ən böyük hədiyyəsidir”.
Ötən il eyni məqsədlə Naxçıvana gələnlərin əksəriyyəti bu il yenə də müalicə üçün müraciət edib. Onların əksəriyyətində 60-70 faiz yaxşılaşma hiss olunur. Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanovun bildirdiyinə görə, acarıstanlı uşaqların Naxçıvanda müalicəsi iyun ayının 17-nə qədər davam edəcək.
Səməd CANBAXŞIYEV