Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Bakı şəhərində fəaliyyət göstərən “Bioloji təbabət” klinikası, Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin təşkilatçılığı ilə Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Bioloji təbabətin aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayev açıb. O bildirib ki, səhiyyə sisteminin günün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial islahatların tərkib hissəsidir. Bunun nəticəsidir ki, istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir. Tibb müəssisələri üçün yeni binalar tikilir, səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz edilir. Həmçinin həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə seminar və konfransların keçirilməsi diqqət mərkəzində saxlanılır. Keçirilən növbəti seminar da həmin tədbirlərin davamıdır.
“Bioloji təbabət” klinikasının meneceri Ramin İbrahimli, Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin prezidenti, biotənzimləyici üzrə ekspert, tibb üzrə elmlər doktoru, professor Fikriyyə İbrahimova çıxış edərək müasir səhiyyə sistemində bioloji təbabətin getdikcə artan rolundan danışıblar. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən “Bioloji təbabət” klinikası ölkəmizdə bioloji üsullarla müalicənin tətbiqini qarşısına məqsəd qoyub. Bioloji təbabət orqanizmin özünüidarə və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən, baş verən həmin xəstəliklərin səbəblərinin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodudur. Bu müalicədə yalnız təbii tərkibli dərman preparatlarından istifadə olunur, müalicə zamanı digər orqan və sistemlər zədələnmir.
Sonra tədbir iştirakçıları professor Fikriyyə İbrahimovanın “Nevral terapiya” mövzusunda mühazirəsini dinləyiblər. Tədbirdə dinləyicilərin sualları cavablandırılıb, onlara bukletlər paylanıb.
Elmi-praktik seminar bu gün professor Fikriyyə İbrahimovanın “Mikrobiologiya oksidativ stress” mövzusunda mühazirəsi ilə davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti