22 Dekabr 2024, Bazar

Ötən il muxtar respublikanın səhiyyə sistemində aparılan islahatlara uyğun olaraq publik hüquqi şəxs statusunda fəaliyyət göstərən 3 səhiyyə müəssisəsinin təşkil edilməsi, cari ilin əvvəlindən həmin səhiyyə ocaqlarında yeni qaydaların tətbiqinə başlanılması bu sahənin inkişafı istiqamətində görülən uğurlu və əhəmiyyətli tədbirlərdəndir. Bu günlərdə həmin müəssisələrdən birində – Stomatoloji Mərkəzdə olub işlərin gedişi ilə maraqlandıq. Əvvəlcə onu deyək ki, ötən dövr ərzində müəssisənin kollektivi ixtisaslı tibbi kadrlarla möhkəmləndirilib, 2012-ci ildən bu mərkəzdə işləyən stomatoloq Azər Həsənov baş həkim təyin edilib. Onun rəhbərliyi ilə cari ildə görülən işlər barədə müsahibəni oxuculara təqdim edirik. 

 – Azər həkim, əvvəlcə müəssisədə aparılan islahatlar barədə məlumat verməyinizi xahiş edirəm.

– Öncə onu bildirim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 3 oktyabr tarixli Sərəncamı ilə Stomatoloji Mərkəzə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu verilmiş, yenidən təşkil edilmişdir. Müəssisənin nizamnaməsi təsdiq olunmuş, mərkəzin istifadəsində olan əmlak və avadanlıqlar publik hüquqi şəxsin balansına verilmişdir. Mərkəzin saxlanılma xərcləri tibbi xidmətlərdən əldə olunan, könüllü və icbari tibbi sığorta sistemindən daxil olan vəsaitlər, hüquqi və fiziki şəxslərin gəlirlərindən könüllü ayırmalar və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Fəaliyyətimizin əsas məqsədi muxtar respublikada stomatoloji tibbi xidmətin göstərilməsi, eləcə də bu sahədə praktik biliklərə yiyələnmənin təmin edilməsidir.
– Yeni idarəetmə mexanizmi özlüyündə həm də möhkəm maddi-texniki baza tələb edir.
– Elədir. Hazırda Naxçıvan Muxtar Respublikası “Stomatoloji Mərkəz” publik hüquqi şəxs Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının binasının 5-6-cı mərtəbələrində yerləşir. Mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunmuş və 2012-ci ilin iyul ayından etibarən fəaliyyətə başlamışdır. 5- ci mərtəbə cərrahiyyə, terapevtik və tədris, 6-cı mərtəbə isə rentgenoloji müayinə, ortopedik kabinə və texniki laboratoriya bölmələri üçün nəzərdə tutulmuşdur. Burada, həmçinin mikroskop, zoom, elexsion lazer və digər aparatlar mövcuddur.
Mərkəzdə istifadə olunan tibbi alətlərin sterilizasiyası dəqiqliklə həyata keçirilir. Bunun üçün sterilizasiya otağında nüvə istilik sterilizatoru, buxarlı avtoklavlar, paketləmə aparatından istifadə olunur. Sterilizasiya əməliyyatı təmizləmə, qablaşdırma, yığma və paylama mərhələlərini əhatə edir. Mərkəzimizdə, həmçinin vizioqraf, apikal və panaram rentgen müayinələri aparılır.
Lazer aparatı ilə diş ətinin iltihabı, şəkərli diabet xəstələrində sağalmayan ağız yaralarının müalicəsində, diş ətlərinin estetik bərpasında tam ağrısız və qansız funksiyalar yerinə yetirilir. Zoom aparatı isə tam ağrısız dişlərin ağardılmasına xidmət edən müasirtipli tibbi avadanlıqdır. Digər cihaz dişin kök kanallarının tam açılmasında, həmçinin iltihablı kanalların genişləndirilməsində və müalicə edilməsində istifadə olunur. Eyni zamanda lokator aparatı vasitəsilə kanal uzunluğunun tam, dəqiq ölçülməsi həyata keçirilir. Mərkəzdə 8 həkim və 10 tibb işçisi fəaliyyət göstərir.
– Stomatoloji Mərkəzdə əhaliyə yüksək tibbi xidmətin təşkili məqsədilə hansı prioritet vəzifələr həyata keçirilir?
– Fəaliyyət istiqamətimiz çoxşaxəlidir. Ağız boşluğunda və dişlərdə müayinə, terapevtik və cərrahi müalicələr aparmaq, müasir profilaktika, diaqnostika və müalicə üsullarının təcrübədə tətbiqi həmin vəzifələrin əsas hissəsidir. Bununla yanaşı, tibbi fəaliyyətin təşkilati forma və üsulları inkişaf etdirilir və təkmilləşdirilir. Pasiyentlərə ilkin tibbi-sanitariya yardımı göstərilir. Səhiyyədə tətbiq edilən profilaktika, diaqnostika və müalicə üsullarından, tibbi texnologiyalardan, dərman və dezinfeksiya vasitələrindən təlimata uyğun istifadə olunur. Tibbi personal tərəfindən dərman və dezinfeksiya vasitələri təyinatı üzrə işlədilir, onların saxlanılması şəraiti və yararlılıq müddəti nəzarətdə saxlanılır. Bundan başqa, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci tələbələrinin orto­pedik, ortodontik, terapevtik, cərrahi sahələrdə praktik biliklərə yiyələnmələri təmin edilir.
– Azər həkim, insan sağlamlığında dişlərin rolu barədə də istərdim oxucularımıza məlumat verəsiniz.
– Sağlam qidalanma dişlərin və ağız boşluğunun digər orqanlarının sağlamlığı ilə birbaşa əlaqəli olsa da, çox təəssüf ki, əksər hallarda dişlərimizin nə qədər əhəmiyyətli olduğunu ancaq bununla bağlı problemlər yaşadıqda və ya onları itirməklə üz-üzə qaldığımızda daha yaxşı anlayırıq.
Həyatımızın müxtəlif vaxtlarında qarşılaşdığımız diş itkiləri bir çox fizioloji funksiyalarımızı ləngidir. Fiziki və ruhi sağlamlığımıza əhəmiyyətli dərəcədə mənfi təsir edən, estetik görünüşümüzü də pozan ciddi problemlərə gətirib çıxarır. “Dişin ağrıyır, çək qurtar” kimi el deyimi yalnız acı təəssüf doğurur. Müasir tibb dişlərimizin qorunması üçün bizlərə əhəmiyyətli imkanlar təqdim edir. Hazırda bizim mərkəzdə müasir stomatologiyanın mühüm sahələrini əhatə edən ixtisaslaşdırılmış və yüksəkkeyfiyyətli stomatoloji yardım göstərilir: diş əti xəstə­liklərinin müayinə və müalicələri aparılır, plomb (sadə, kimyəvi lazer, estetik), estetik restavrasiyalar (diş daşlarının təmizlənməsi), ortopedik işlər, çəkilişlər (əməliyyatla çəkiliş), keramik dişlərin qoyulması (zirkon, vita) və digər tibbi xidmətlər icra edilir. Həmçinin mərkəzimizdə hər ayın sonuncu həftəsi implant əməliy­yatı aparılır.
Son vaxtlar dəbdə və ən çox tələbat olan estetik stomatoloji prosedurlardan dişlərin kimyəvi ağardılması səmərəli, təhlükəsiz və asan üsulla həyata keçirilir. Xidmətləri göstərərkən xəstələrlə səmimi, gülərüz və dürüst davranaraq səmimi ünsiyyət yaradırıq. Keyfiyyətli müalicə prosesi ilə pasiyenti qane edəcək nəticənin əldə olunması çox vacibdir, məhz bu cür yanaşma bizə müraciət edən insanların sevgisini qazanmağımızı mümkün edir. Biz optimal qiymətlərlə yüksək stabil keyfiyyət təklif edirik. Mərkəzin tibbi personalı buraya üz tutanları daim gülərüz qarşılamağa və əhatəli yardım göstərməyə hazırdır. Kollektivimizin məqsədi pasiyentlərimizə sağlam dişlər, məmnunluq ifadə edən təbəssüm bəxş etməkdir.
– Müsahibə üçün sağ olun!

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat və
ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR