22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda digər sahələrdə olduğu kimi, səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən islahatlar da öz bəhrəsini verir. Müasir səhiyyə sisteminin formalaşması istiqamətində bacarıqlı, yüksək­ixtisaslı tibbi kadrların hazırlanması, səhiyyə müəssisələrinin maddi-texniki ­bazasının möhkəmləndirilməsi, yeni müəssisələrin yaradılması, ən müasir tibbi avadanlıqların alınması kimi əhəmiyyətli işlər görülür. Düşmənin beşaddımlığında yerləşən Sədərək rayonunun əhalisinin nümunəvi səhiyyə xidməti ilə təmin olunması, buradakı səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi də sərhəd bölgəsinə göstərilən dövlət qayğısının əyani ifadəsidir.

Sərhəd bölgəsinə göstərilən qayğının digər bir nümunəsi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 3 may tarixli Fərmanıdır. Həmin fərmana əsasən bu il yanvar ayından etibarən icbari tibbi sığortanın muxtar respublikada ilk dəfə olaraq Sədərək rayonunda tətbiqi uğurla həyata keçirilir. Yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb. Ali Məclisin Sədri Sədərək rayon sakinləri ilə görüşü zamanı onları bu münasibətlə təbrik edib, bunu əhəmiyyətli hadisə kimi qiymətləndirərək deyib: “İcbari tibbi sığorta dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemində tətbiq olunur. Azərbaycanda bu sistemin tətbiqi ölkəmizin inkişaf göstəricisidir. Bütün bunlar Azərbaycanda uğurla davam etdirilən Heydər Əliyev yolunun bəhrələridir”.

Ötən dövrdə bu məqsədlə bir sıra tədbirlər görülüb, rayon Mərkəzi Xəstəxanasında müasir avadanlıqlar quraşdırılıb. Yeni sistem ən müasir tələblərə uyğun qurulub, onun tətbiqi üçün həkimlər təyin olunub. Ötən müddət ərzində Sədərək rayonunda bu sahədə təcrübə qazanılıb. Həm sakinlər, həm də səhiyyə işçiləri yeni sistemin tətbiqindən razıdırlar.
Qeyd edək ki, Sığortaolunanlara İcbari Tibbi Sığorta Şəhadətnaməsinin verilməsi məqsədilə 10 min ədəd plastik kart alınıb. Muxtar respublikada icbari tibbi sığortanın elektron qaydada həyata keçirilməsi üçün its.naxcivan.az internet saytı və “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb. Saytda onlayn sığortalanma, müraciət və qeydiyyat bölmələri istifadəyə verilib. Bu da əhalinin internet üzərindən birbaşa elektron qaydada sığortalanmasına, qeydiyyatdan keçməsinə və onlayn müraciətlərin aparılmasına imkan yaradır. Sığortaolunan vətəndaş İcbari Tibbi Sığorta Şəhadətnaməsinin nömrəsini daxil etməklə müayinə tarixçəsi, müayinənin gedişi və nəticələrinə dair məlumatları əldə edir. “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə icbari tibbi sığortanın tətbiqində iştirak edəcək tibb müəssisələrinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə qarşılıqlı informasiya mübadiləsi təmin edilir. Sığortaolunanlar 6 aydan bir ümumi müayinələrə cəlb olunaraq, peyvənd təqvimi və dispanser nəzarəti barədə “Naxtel 4G” mobil rabitəsi üzərindən SMS vasitəsilə məlumatlandırılır.
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər haqqında ətraflı məlumat almaq və sakinlərin buna münasibətini öyrənmək üçün rayon Mərkəzi Xəstəxanasına yollandıq.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət müasirtipli xəstəxanada çalışan tibbi personalla, onların gündə­lik iş rejimi ilə yaxından tanış olduq. Həkimlər, feldşerlər, tibb bacıları yaradılan şəraitdən bəhrələnərək rayon sakinlərinin sağlamlığı keşiyində inamla dayanırlar. Çünki işlədikləri tibb müəssisəsi tamamilə dəyişib. Burada tibbin son nailiyyətləri hesab olunan ən müasir avadanlıqlar var. Sanki həkimin də xəstələrə münasibəti başqalaşıb, dəqiq desək, doğmalaşıb. Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, rayon Mərkəzi Xəstəxanasının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və fəaliyyətin stimullaşdırılması məqsədilə Ali Məclis Sədrinin sərəncamı ilə bu səhiyyə müəssisəsinə publik hüquqi şəxs statusunun verilməsi, xəstəxana işçilərinin aylıq əməkhaqlarının 2018-ci il fevralın 1-dən 50 faiz artırılması kollektivdə böyük ruh yüksəkliyi, əzmkarlıq yaradıb.
Xəstəxananın baş həkimi Kəmalə İbrahimova ilə söhbət zamanı o qeyd etdi ki, burada 61 nəfərlik tibb personalı çalışır. Xəstəxanada üç şöbə – Stasionar, Poliklinika və Təcili yardım şöbələri fəaliyyət göstərir. Səhiyyə müəssisəsində, həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğuş və ginekoloji, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya, stomatologiya, oftalmologiya, ultra­səslə müayinə, rentgen otaqları xəstələrin xidmətindədir. Xəstəxanada cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait vardır, Təcili yardım şöbəsi müasir avadanlıqları olan üç maşınla təmin edilib. Həkimlərdən Əli Əliyev, Ərrəhman Nəcəfov, feldşer Elvin Sultanov, tibb bacıları Nazirə Zamanova, Mahirə Hacıyeva və başqaları xəstələrin şəfa tapmaları üçün səy və bacarıqlarını əsirgəmirlər.
Burada 15 mindən çox adama səhiyyə xidməti göstərildiyini bildirən baş həkim Kəmalə İbrahimova əhalinin müayinəyə cəlb edilməsində maarifləndirmə işinin əhəmiyyətini xüsusi vurğuladı. O qeyd etdi ki, insanların vaxtında həkimə müraciət etmələri və ya vaxtaşırı tibbi müayinədən keçmələri bir çox xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır. Rayon sakinlərinin bu məqsədlə kütləvi müayinəyə cəlb edilməsi yoluxucu, irsi, onkoloji xəstəliklərin vaxtında aşkar olunmasına yol açır. Onların düzgün müalicəsi üçün tibb işçiləri öz səy və bacarıqlarını əsirgəmirlər.
Xəstəxanada ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması da dövlətin sosial­yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə bu sahədə də mühüm tədbirlər həyata keçirilir.
Bu gün uşaq və yeniyetmələrin sağlamlığı barədə məlumatların “Vətəndaşların elektron sağlamlıq kartı sistemi”nə daxil edilməsi istiqamətində lazımi işlər görülür. Belə ki, rayonda yeni doğulmuş uşaqlar haqqında müvafiq məlumatlar internet vasitəsilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə ötürülür və elektron sağlamlıq kartlarının verilməsi işi sistemli şəkildə davam etdirilir. Xəstəxananın həkimləri və orta tibb işçiləri üçün səhiyyənin aktual məsələlərinə dair müntəzəm seminarlar keçirilir.
Xəstəxananı gəzdikcə müasir tələblərə cavab verən laboratoriya, biokimyəvi və yoluxucu xəstəliklərin müayinəsini aparmaq üçün müasir tibbi cihazlar, həmçinin stomatoloji qurğu, ultrasəs aparatı, rentgen, fizioterapiya avadanlıqları ilə xəstələrə yüksək tibbi xidmət göstərildiyinin şahidi olduq. Onu da öyrəndik ki, xəstəxanada iki səyyar həkim briqadası fəaliyyət göstərir. Həmin briqadalar tez-tez rayonun müxtəlif ərazilərində olur, xəstələri yerindəcə müayinədən keçirir.
Söhbət əsnasında xəstəxananın baş həkimi ilk dəfə Sədərək rayonunda tətbiq edilən icbari tibbi sığortanın sakinləri çox sevindirməsindən, artıq onların bu xidmətdən yararlanmasından ürəkdolusu danışdı. Bildirdi ki, icbari tibbi sığortanın faydaları çoxdur. Belə ki, müasir səhiyyə xidmətlərində də bahalı müalicə və dərman vasitələrinin tətbiq olunması bəzi hallarda bir çox vətəndaşın bu xidmətlərdən istifadə imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, maddi səbəblərdən göstərilməyən tibbi xidmətlər səhiyyə işçisinin itirilmiş qazancı sayılır ki, bu da səhiyyəyə investisiya qoyuluşu və tibbi kadrların marağının artırılması baxımından arzu­edilən hal deyil. Ona görə də tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və dolayısı ilə, vətəndaşların sağlamlığının qorunması baxımından icbari tibbi sığorta sisteminin tətbiqi ölkəmizdə və muxtar respublikamızda insan amilinə göstərilən böyük diqqətdir.
Baş həkim məlumat verdi ki, bu yaxınlarda Sədərək rayon Qaraağac kənd sakini 14 yaşlı İlkin Mehdiyevin müayinəsi ilə bağlı valideynləri rayon xəstəxanasına müraciət edib. Müayinə nəticəsində onda qaraciyər exinokokk kistası aşkar olunub. Xəstə Naxçıvan Muxtar Respublika Xəstəxanasına göndərilərək, onun üzərində uğurlu əməliyyat aparılıb. Göstərilən bütün tibbi xidmətlərin xərci İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb.
Burada olarkən icbari tibbi sığortaolunan, müayinə və müalicə üçün xəstəxanaya üz tutan rayon sakinləri ilə görüşüb söhbətləşdik. Onlar icbari tibbi sığorta sisteminin tətbiqi ilə xəstəxanada göstərilən tibbi xidmətlərin keyfiyyətinin də yüksəlməsindən minnətdarlıqla ­danışdılar.
Əkbər Kərimov bizimlə söhbətində bildirdi ki, xəstəxanaya tez-tez gəlir: “Biz qocalara qayğı gərəkdir, səhhətimizi nəzarətdə saxlamaq lazımdır. Həkim və tibb işçilərindən razıyam. Onların dava-dərmanından çox, şirin dilləri məni gümrah saxlayır”.
Sədərək kəndinin sayılıb-seçilən ağsaqqallarından Əli Ağayev dedi ki, xüsusilə biz yaşlı insanlar sağlamlığımızla bağlı gözlənilməz problemlərlə tez-tez rastlaşmalı oluruq. Sağlamlığımızın bərpa olunması üçün zəruri olan tibbi xidmətlərə çəkəcəyimiz xərclərin maddi durumumuzu ağırlaşdırmaması, ailə büdcəsinin qorunması üçün icbari tibbi sığorta bizə maddi dəstək verir.
Qaraağac kəndindən olan ziyalı Əmir Zamanov, Heydərabad qəsəbə sakini Cəmşid Abdullayev, həkimlərdən Əli Əliyev də söhbətimizə qoşularaq icbari tibbi sığorta sistemini sağlamlığımızın bərpası zamanı qarşılaşa biləcəyimiz maddi problemlərin həllinə kömək edən, eyni zamanda səhiyyənin maliyyələşdirilməsi məqsədilə tətbiq ­olunan mütərəqqi təcrübə kimi qiymətləndirdilər.
Xəstəxanada olduğumuz müddətdə bir daha yəqin etdik ki, muxtar respublikanın bu sərhəd bölgəsində yaradılan səhiyyə infrastrukturu, müasir tələblərə cavab verən tibbi avadanlıqlardan istifadə, ixtisaslı tibbi kadrların mövcudluğu icbari tibbi sığortanın tətbiqi üçün əlverişli zəmin yaradır. Bütün bunların nəticəsində isə Sədərəkdə hamı səhiyyə işçilərinə inanır və öz sağlamlığını onlara etibar edir. Həkimlər və tibb işçiləri isə bu işdə səy və bacarıqlarını əsirgəmirlər. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kəmalə İbrahimova söhbətinin sonunda dedi: – Bu şəraiti bizə dövlətimiz yaradıb. Gərək elə çalışaq ki, etimadı doğruldaq. Rayonumuzun səhiyyə işçiləri əhalidən öz şəfqətlərini əsirgəmir, bir xəstənin dərdinə dərman, bir yaralının yarasına məlhəm olmaqdan qürur duyurlar. Elə Hippokrat andı içəndə də bizim qayəmiz, amalımız insanların cansağlığı keşiyində dayanmaq olub.
Təbii ki, insanın əsas sağlamlıq təminatlarından biri də yaşayış səviyyəsinin yüksək olmasıdır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən dövlət proqramları məhz bu məqsədə xidmət edir. Sərhəd bölgəsində yaşayan sədərəklilər də dövlət qayğısı ilə əhatələniblər. Hər bir sakin bu diqqət və qayğıdan razıdır. Çünki Sədərəkdə iqtisadi göstəricilərlə yanaşı, insan faktoru da qorunur, müdafiə edilir.

Sərxan İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR