22 Dekabr 2024, Bazar

Bir neçə gün əvvəl Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə ağır vəziyyətdə olan bir xəstə gətirildi. Culfa rayonunun Ərəfsə kənd sakini İsgəndər Nəcəfov yarımkəskin fazada olan miokard infarktı keçirmişdi. Kardioloqlar tərəfindən aparılan ilkin müalicə tədbirlərinə baxmayaraq, xəstənin ürək döyüntülərinin sayı kəskin azalaraq 30-a enmiş, ürəkdaxili keçirici yollarda tam blokada yaranmışdı. Belə hallar xəstələrin həyatı üçün təhlükə hesab edildiyindən onlara süni ürəkidarəedici kardiostimulyatorun qoyulması vacibdir. Gətirilən xəstədə də həmin hal yarandığından vəziyyət vaxtında qiymətləndirilmiş və ona süni ürəkidarəedici kardiostimulyator aparatının qoyulması zəruri hesab edilmişdir. Lakin bunu kim etməli? Çünki indiyədək belə mürəkkəb əməliyyatlar Bakı şəhərindən gəlmiş yüksək ixtisaslı kardioloq-cərrahlar tərəfindən həyata keçirilmişdi. İndi isə onları gözləmək xəstənin həyatı bahasına başa gələ bilərdi.

Belə bir anda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimi Nail Mehbalıyev bu mürəkkəb əməliyyatı öz üzərinə götürdü. Xəstənin ailəsi, qohum-əqrəbası gözlərini intizarla əməliyyat blokunun qapısına zilləmişdi. Bir neçə saat davam edən əməliyyatdan sonra, nəhayət, qapı açıldı. Gənc həkimin üzü gülürdü. Onun sevinc dolu çöhrəsi xəstənin həyatının xilas edildiyindən xəbər verirdi. Xəstəyə süni ürəkidarəedici kardiostimulyator aparatı qoyulduqdan sonra arterial təzyiq bərpa olunmuş, hemodinamik göstəricilər yaxşılaşmışdı. Sağlamlıq durumu qənaətbəxş idi. Artıq o, gələcəkdə lazım olan digər əməliyyatların davam etdirilməsinə hazır idi.

Nail Mehbalıyevi təbrik edənlər arasında onun həmkarları, çoxlu iş yoldaşları da vardı. Çünki xəstəyə kardiostimulyatorun qoyulması Naxçıvan səhiyyəsində yerli həkim tərəfindən aparılan ilk əməliyyat idi.
Əlbəttə, muxtar respublikamızın səhiyyə müəssisələrində aparılan genişmiqyaslı quruculuq işləri, yeni xəstəxanaların tikilərək, yenidən qurularaq istifadəyə verilməsi, onların ən müasir avadanlıqlarla təchiz edilməsi Nail Mehbalıyev kimi ixtisaslı gənc kadrların da yetişməsinə stimul olmuşdur. Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində onlarla belə ixtisaslı kadrlar fəaliyyət göstərir. Xəstəxanalarda yaradılmış şərait aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların başqa yerlərə getmədən, elə buradaca müayinə, müalicə və cərrahi əməliyyat olunmalarına imkan verir. Təkcə bu ilin birinci rübündə 28 xəstədə açıq ürək, 5 nəfər xəstədə periferik damar, 32 xəstədə angioqrafiya əməliyyatları aparılmış, 9 nəfər xəstənin ürək damarlarına stend qoyulmuşdur. Bu əməliyyatlarda yerli həkimlərin iştirakı onların peşə bacarıqlarının artmasında mühüm rol oynayır. Bunun nəticəsidir ki, cari ilin ötən 5 ayında çoxsaylı LOR, göz, laporaskopik, TUR, periferik damar əməliyyatları yerli həkimlər tərəfindən müstəqil şəkildə həyata keçirilmişdir. Bütün bunlar Naxçıvan səhiyyəsinin uğurlarındandır.

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR