Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini aprel ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikamızın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. 6 həkim Türkiyə Respublikasının İzmit Kocaeli Universitetinə, 3 həkim və 1 orta tibb işçisi Ankara Qazi Universitetinə, Tibb Kollecinin 2 müəllim və 10 tələbəsi Ankara Halidə Edib Mesleki Texnik Anadolu Lisesinə təcrübə keçmək üçün göndərilib.
17 aprel – Hemofiliya Günü münasibətilə Naxçıvan Muxtar Respublika Xəstəxanası Qan bankının işçilərinin təşkilatçılığı ilə Şərur Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.
Təhsil müəssisələrində şagirdlər pediatr, oftalmoloq, stomatoloq, ortopedlər tərəfindən kütləvi müayinələrə cəlb olunublar. Aprel ayı ərzində 25 min 171 nəfər profilaktik tibbi müayinədən keçib və 6 min 350 nəfər dispanser qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadaları muxtar respublikamıza dəvət olunaraq aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinələrinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilib.
Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında və Culfa Rayon Mərkəzi Xəstəxanasında 164 nəfərdə müayinə, 2 nəfərdə katarakta əməliyyatı aparılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Babək Rayon Mərkəzi Xəstəxanasında olub, 19 nəfərdə müayinə, Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası isə 35 nəfərdə müayinə, 23 nəfərdə müxtəlif cərrahi əməliyyatlar aparıblar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən aprel ayı ərzində 30 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 15 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti