Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan qarşılıqlı əlaqələr səhiyyə sahəsində də tərəfdaşlığın inkişafı üçün geniş imkanlar açır. Bu əməkdaşlıq çərçivəsində naxçıvanlı həkimlərdən ibarət nümayəndə heyəti aprelin 25-i və 26-da İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində səfərdə olub.
Kardiorevmotoloq Aytən Rzayeva, kardioreanimotoloqlar Xətai Əliyev, Ramin Hacıyev, anestezioloq-reanimotoloq Şahin Mazanov, həkim cərrah İsa Abdullayev, nevropatoloq Anar Səfərov, həkim fizioterapevt Fazil Fərzəliyevdən ibarət olan nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva rəhbərlik edib.
Səfərin ilk günü nümayəndə heyəti Urmiya şəhərində yerləşən İmam Xomeyni xəstəxanası və ixtisaslaşdırılmış klinikası ilə tanış olub. Məlumat verilib ki, ötən əsrin 80-ci illərində yaradılmış bu şəfa ocağı hazırda İranın Qərbi Azərbaycan əhalisinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrilib. Son illər burada yeni korpuslar tikilib, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edilib.
“Seyyid əşşühadə” ürək xəstəxanasında olarkən naxçıvanlı həkimlər həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Bildirilib ki, bu səhiyyə müəssisəsi dünya təcrübəsindən bəhrələnərək tibbi xidmətin müasir səviyyədə təşkilinə öz töhfələrini verir. Müasir avadanlıqlarla təchiz olunmuş və yüksəkixtisaslı həkimlərin çalışdığı xəstəxanada ürək-damar xəstəliklərinin müayinə və müalicəsinə geniş imkanlar vardır. Sevindirici haldır ki, belə əməliyyatlar Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir.
Daha sonra nümayəndə heyəti “Ümid” onkoloji klinikası ilə tanış olub.
Urmiya şəhərində fəaliyyət göstərən özəl “Azərbaycan” xəstəxanasında keçirilən beynəlxalq konfransda naxçıvanlı həkimlər bu tədbirdə dünya səhiyyəsinin aktual məsələləri barədə çıxışlar ediblər.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Azərbaycan” xəstəxanası ilə qarşılıqlı əlaqələri, bütövlükdə, hər iki ölkənin səhiyyə sistemi arasında münasibətlərin tərkib hissəsi kimi dəyərləndirib. O bildirib ki, bu il mart ayında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramının imzalanması, bütövlükdə, hər iki ölkə əhalisinin sağlamlığının qorunmasına xidmət edir.
Nazir müavini onu da vurğulayıb ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dərin iqtisadi, mədəni, dini və dostluq münasibətləri mövcuddur. Səhiyyə sahəsindəki elmi-təcrübi əlaqələr də hər iki ölkənin səhiyyəsi üçün mühüm və əhəmiyyətlidir. Qeyd olunub ki, Naxçıvanda dövlətin dəstəyi və qayğısı nəticəsində səhiyyə sistemi sürətli inkişaf mərhələsindədir. Burada dünya standartlarına uyğun xəstəxanalar fəaliyyət göstərir və tibbin müxtəlif sahələrində yüksəkixtisaslı kadrlar yetişmişdir. Son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlər görülüb, bir sıra qarşılıqlı səfərlər və görüşlər keçirilib. Samrat Gəncəyeva naxçıvanlı həkimlərin İrana növbəti səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb, səhiyyə sahəsində əməkdaşlığa dair fikirlərini diqqətə çatdırıb.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin gənc həkim kardioreanimotoloqu Xətai Əliyevin elmi məruzəsini konfrans iştirakçıları böyük maraqla dinləyiblər. İngilis dilində təqdim olunan bu məruzədə muxtar respublikanın səhiyyə müəssisələrində son illər qazanılmış uğurlar barədə məlumat verilib, həmin müəssisələrdə dünya səhiyyəsinin son elmi-tibbi yeniliklərinin tətbiqindən bəhs edilib. Digər məruzə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının kardiorevmotoloqu Aytən Rzayeva tərəfindən ingilis dilində təqdim olunub. “Yenidoğulmuşlarda nekrotik enterokolit və bu xəstəliyə müasir yanaşma tərzi” mövzusunda məruzə və bu sahədə apardığı elmi tədqiqatlar maraqla dinlənilib.
Nümayəndə heyəti bir sıra görüşlərdə də iştirak edib və Urmiya şəhərinin görməli yerləri ilə tanış olub.
Hüseyn ƏSGƏROV