17 aprel dünyanın 116 ölkəsində Hemofiliya Günü kimi qeyd olunur. Məqsəd ictimaiyyətin diqqətini belə xəstələrin problemlərinə cəlb etməkdir.
Muxtar respublikamızda hemofiliyalı və talassemiyalı xəstələr dispanser qeydiyyata alınıb, onlara əlillik qrupları təyin olunub. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematoloji şöbəsində 69 nəfər hemofiliyalı, 35 nəfər talassemiyalı xəstə qeydiyyatdadır.
Hemofiliyalı və talassemiyalı xəstələr üçün qanvermə aksiyalarının keçirilməsi bu sahədə davam etdirilən tədbirlərin tərkib hissəsi olmaqla, şəfqət və humanizmin parlaq təcəssümüdür. Belə tədbirlərdən biri aprelin 17-də Şərur Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanası Qan bankının həkim hematransfuzioloqu Əli Ələsgərov qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb.
Sonra səhiyyə işçilərindən “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında qan götürülüb. Aksiyada 22 donordan götürülən 11 litr qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda Qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti