22 Dekabr 2024, Bazar

Xroniki böyrək çatışmazlığı hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, qida və dərman zəhərlənmələri və bir sıra uroloji patologiyalar bu xəstəliyin baş verməsinə səbəb ola bilər. Xəstəliyin vaxtında qarşısının alınması, onların müalicəsi xüsusi proqramla tənzimlənir, böyrək xəstəliklərindən əziyyət çəkən insanlar dövlət hesabına hemodializlə və dərman preparatları ilə təmin edilirlər.
Əvvəllər xroniki böyrək çatışmazlığı olan xəstələr muxtar respublikamızda hemodializ aparatlarının məhdudluğu üzündən paytaxt Bakı şəhərinə, qonşu xarici ölkələrə gedirdilər. Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində 21 müasir hemodializ aparatı vardır. Onlardan 10 ədədi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində, 3 ədədi Naxçıvan Muxtar Respublika Xəstəxanasında, 2 ədədi Culfa, 2 ədədi Ordubad, 3 ədədi Şərur Rayon Mərkəzi xəstəxanalarındadır. Diaqnozu təsdiq olunduqdan sonra xəstələr Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində və Naxçıvan Muxtar Respublika Xəstəxanasında qeydiyyata alınır, onların müalicə alacağı tibb müəssisəsi müəyyənləşdirilir. Hazırda muxtar respublika üzrə xroniki böyrək çatışmazlığından əziyyət çəkən 76 xəstədən 52-si Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində, 7-si Naxçıvan Muxtar Respublika Xəstəxanasında, 5-i Ordubad, 6-sı Culfa, 6-sı isə Şərur Rayon Mərkəzi xəstəxanalarında dializ olunur.

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 25 xəstəyə arteriya-venoz fistula qoyulub. 8 xəstədə isə daimi qalıcı kateterdən istifadə olunur. 2009-cu ildə 31 xəstədə 3740 seans, 2010-cu ildə 57 xəstədə 5320 seans, 2011-ci ildə 60 xəstədə 5320 seans, 2012-ci ildə 72 xəstədə 5021 seans, 2013-cü ilin ilk 3 ayı ərzində 76 xəstədə 1775 seans müalicə aparılıb. Rayonlardakı dializ kabinələrində çalışan tibbi kadrların hazır­lanması Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi və Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən həyata keçirilir. Muxtar respublikada 16 böyrək, 3 qaraciyər köçürülmüş xəstə qeydiyyatda durur. Bu xəstələr də lazımi dərman preparatları ilə təmin olunurlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin bu ilin may ayında keçirilən kollegiya iclasında xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə göstərilən tibbi xidmətin vəziyyəti bir daha müzakirə olunaraq müvafiq qərar qəbul edilib. Dializ xəstələrinin vaxtlı-vaxtında tibbi materiallar və dərman preparatları ilə təchizatına diqqətin daha da artırılması üçün konkret vəzifələr müəyyənləşdirilib. Hazırda bu işlər uğurla davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR