Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini fevral ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində Şərur rayon Ərəbyengicə kənd həkim ambulatoriyası əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə ilkin vərəm intoksikasiyasını təyin etmək üçün 800 doza tuberkulin, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan dərman preparatları, Genexpert cihazı (vərəm çöplərinin ilkin təyini) üçün reaktivlər, tibbi materiallar, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları gətirilib.
Muxtar respublikamızın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. Bir həkim və bir orta tibb işçisi Bakı şəhərindəki tibb müəssisələrində, 2 həkim Naxçıvan şəhərindəki tibb müəssisələrində iş yerində təcrübə, 1 həkim Türkiyə Respublikası 19 Mayıs Universitetinə ixtisası üzrə, 30 nəfər mama Naxçıvan Tibb Kollecində təkmilləşmə kursu keçmək üçün göndərilib.
Fevral ayında orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib, imtahanda 66 orta tibb işçisi iştirak edib, onlardan 32 nəfəri uğurlu nəticəyə nail olub. İmtahanda iştirak edən 12 nəfər orta tibb işçisindən 10 nəfəri müvafiq səhiyyə müəssisələrində işləmək hüququ qazanıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən fevral ayı ərzində 11 nəfər Bakı şəhərinin Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 18 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 25 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti