Dünən Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında muxtar respublikada anesteziologiya və reanimatologiyanın aktual problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tədbiri giriş sözü ilə açaraq səhiyyənin hərtərəfli inkişafı sahəsində görülən işlərdən danışmışdır.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanası Anesteziologiya və reanimatologiya şöbəsinin müdiri Azər Məmmədov, şöbənin həkimlərindən Elsevər Ağayev, Bəhriyyə Əliyeva, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Anesteziologiya və reanimatologiya şöbəsinin müdiri Ənvər Şıxəliyev və həmin şöbənin həkimi Məhəbbət Məmmədova məruzələr etmişlər.
Vurğulanmışdır ki, muxtar respublikamızın səhiyyə müəssisələrində fəaliyyət göstərən anesteziologiya şöbələri tibb elminin müasir inkişafından bəhrələnərək yüksək səviyyəli anestezioloji xidmət göstərirlər. Əməliyyat otaqlarının müasir tibbi avadanlıqlarla təchiz olunması müxtəlif anesteziya növlərini həyata keçirməyə şərait yaradır. Anesteziologiya şöbəsinin həkimləri və tibb personalı ixtisas səviyyələrini artırmaq məqsədilə mütəmadi müxtəlif ölkələrin klinikalarında təcrübə kursları keçirlər.
Məruzələr slayd və videogörüntülərlə müşayiət olunmuş, verilən suallar cavablandırılmışdır.
Elmi-praktik konfransda muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən anestezioloq və reanimatoloqlar, cərrahlar, nevropatoloqlar, ginekoloqlar və təcili yardım həkimləri iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti