Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci ilin yanvar ayında Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfəri zamanı səhiyyə sahəsində əlaqələrin inkişafı barədə də fikir mübadiləsi aparılmış, bu sahədə qarşılıqlı əməkdaşlığın perspektivləri nəzərdən keçirilmişdir. Ali Məclisin Sədri səhiyyə sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmiş, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı uşaqların Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunması barədə təklif razılıqla qarşılanmışdır.
Ötən il iyun ayının 2-dən 14-dək Acarıstan Muxtar Respublikasından olan və astma-bronxit xəstəliyindən əziyyət çəkən 14 uşaq Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicə kursu keçmişdir.
Bu tədbirin davamı olaraq, iyun ayının 3-də Acarıstan Muxtar Respublikasından olan daha 19 uşaq və 7 valideyn Naxçıvan Muxtar Respublikasına gəlmişdir.
“Duzdağ” otelində qonaqları Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanov qarşılamışdır.
Naxçıvanın nadir dərman bitkiləri, şəfa bulaqları və təbii müalicə mərkəzləri haqqında məlumat verən Ruslan Süleymanov bildirmişdir ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzi təbii müalicə ocağıdır. Son illər əsaslı şəkildə yenidən qurulan mərkəzdəki duz şaxtalarında bronxial astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Xəstələrə həkimlər tərəfindən müxtəlif müalicə kursları tətbiq edilir. Acarıstan Muxtar Respublikasından gələn xəstələrin də Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunması üçün hər cür şərait vardır.
Valideynlərdən Acarıstan Səhiyyə Nazirliyinin əməkdaşı Russia Yekaterina onlara yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.
Uşaqlardan qan analizi götürülmüş və onlar Duzdağ Fizioterapiya Mərkəzinin həkimləri tərəfindən müayinə olunmuşlar. Acarıstanlı uşaqlar Duzdağ Fizioterapiya Mərkəzində bronxial astma, xroniki obstruktiv bronxial və allergik renit xəstəlikləri diaqnozu ilə 14 günlük pulsuz müalicə kursu keçəcəklər.
Həmin gün acarıstanlı uşaqlar və valideynləri Naxçıvan şəhərini gəzmiş, Heydər Əliyev Muzeyində, Xalça Muzeyində, Möminə xatın məqbərəsində, Açıq Səma Altında Muzeydə və “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olmuşlar.
“Şərq qapısı”