Övladlarının sağlam qidalanması valideynləri bir sıra hallarda narahat edir. Bəzən onlar uşaqların dəcəlliyindən çox iştahasızlıqlarından şikayətlənirlər. Bəs uşaqların sağlam qidalanmasında daha çox nəyə diqqət etmək lazımdır? Onlar üçün faydalı olan qidalar hansılardır? Yaranan iştahasızlığı aradan qaldırmaq üçün nə etmək olar? Sadalanan suallara cavab tapmaq üçün Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına üz tutduq. Xəstəxananın baş pediatrı Səkinə Tarverdiyeva ilə bu barədə söhbət etdik:
– Bildiyimiz kimi yeni doğulmuş körpə uşaqlar, əsasən, ya ana südü, ya da digər quru südlərlə qidalanır. Bu qidaların bir-birindən fərqi nədir?
– Ana südünün tərkibində yeni doğulmuş uşaqlarda maddələr mübadiləsini sürətləndirən antigen var. Bu süd vasitəsilə uşaq çoxlu miqdarda immun cisimciklər və fermentlər alır. Ana südü qidalandırıcı olub, tərkibinə görə uşağın fərdi tələbatını ödəyir.
Bəzi səbəblərə görə ana südü qəbul etməyən uşaqlara müxtəlif quru südlər verilir. 1 yaşına qədər çağaya inək südü vermək düzgün deyil. Buna səbəb onun tərkibindəki yağın faizinin yüksək olmasıdır. Bəzən o, körpələrdə allergiyanın yaranmasına səbəb ola bilər.
Ana südü körpənin gələcək inkişafında mühüm rol oynayır. Onun əsas bioloji üstünlüyü tərkibində anticisimlərin və hormonların olmasıdır. Beləliklə, anticisimlər uşağın ilk aylarında bir sıra uşaq infeksiyalarına qarşı immunitet yaradır. Hormonlar isə uşağın boy artımı və inkişafını stimullaşdırır, eyni zamanda zehni inkişaf etdirir, uşaqların çəki almasında, ətraf mühitə uyğunlaşmasında böyük əhəmiyyət daşıyır.
Ana südünü 2 yaşına qədər tövsiyə edirik. Lakin müxtəlif səbəblərdən bu mümkün olmazsa, 6 ayına kimi verilməsi vacibdir. Çünki bu zamanlarda uşağın dayaq-hərəkət sistemi inkişaf edir ki, ana südünün tərkibi onun hərəkətində, yeriməyində böyük rol oynayır.
Ana südü ilə qidalanan və qidalanmayan uşaqları müqayisə etsək, bir çox fərqliliklərlə rastlaşarıq. Bu fərqliliklər sonrakı yaşlarda özünü daha çox büruzə verir. Belə ki, ana südü uşağın xəstəliklərə tez yoluxmasının qarşısını alır. Ananın bədənində olan bütün vitaminlər, mineral maddələr onun südü vasitəsilə uşağa keçməklə bir çox xəstəliklərin qarşısını alır, yəni immuniteti gücləndirir.
– Bəzi analar qrip və ya soyuqdəymə zamanı uşağa süd verməkdən imtina edir. Bu doğru addımdırmı?
– Xeyr. Bu zaman bəzi analar məlumatsızlıqdan, bəziləri də ehtiyat edərək uşağa süd verməkdən çəkinirlər. Lakin belə halda həkimə müraciət edərək müəyyən müayinə və müalicələr tətbiq olunmaqla uşağa süd verməyə davam edə bilərlər. Amma müdaxilə etmədən, qarşısını almadan süd verməyə davam etmək də doğru deyil. Hər halda həkimə müraciət vacibdir. Analara məsləhətim odur ki, belə hallarla rastlaşdıqları zaman həkimə mümkün qədər tez müraciət etsinlər.
– Altı ayından sonra uşaqların qidalanmasında nələrə diqqət etmək lazımdır?
– Bu müddətdən sonra ana südü saxlanmaq şərtilə uşağa əlavə qidalar verilməlidir. Heç olmazsa, gündə iki dəfə olmaqla, ana südü, əlavə olaraq meyvə şirələri, pürelər də verilir. Lakin bu zaman diqqətli olmaq lazımdır. Əvvəlcə çox az miqdarda verərək uşağın həmin qidaya allergiyasının olub-olmadığını yoxlamalıyıq. Meyvələrdən ilk olaraq alma tövsiyə edilir. Həm tərkibində dəmir olduğundan, əgər uşaqda qanazlığı varsa, onu aradan qaldırır, həm də digər meyvələrlə müqayisədə alma allergiya hallarına ən az rast gəlinən meyvədir. Portağal, çiyələk isə bir yaşına kimi qəti şəkildə uşaqlara verilməməlidir.
Bundan əlavə, əvvəldə də qeyd etdiyimiz kimi uşağa inək südü vermək olmaz. 6 ayından sonra yumurtanın sarısı ilə qidalandırmaq lazımdır.
Bildiyimiz kimi, uşağın ilk ayındakı hərəkəti ilə 6 aydan sonrakı hərəkətini müqayisə etmək olmaz. Bu aylarda uşaqlar iməkləməyə başlayır, çox hərəkətdə olurlar. Bu da o deməkdir ki, onların daha çox enerjiyə, yaxşı qidalanmaya ehtiyacları var. Bunun üçün onların vitaminli qidalar qəbul etməsi vacibdir. 8-9 aydan sonra pürelər, tərəvəz və toyuq şorbaları hazırlayıb uşağa yedizdirmək məsləhət görülür. Uşaqlar üçün şorbalar xüsusi qaydayla hazırlanmalıdır. Bəzi valideynlər böyüklər üçün hazırladıqları şorbaları uşağa da yedizdirirlər. Bu, olduqca, yanlışdır. Onların yeməyi yağsız, duzsuz və buxarda bişirilməli, yeməyə şəkər və duz toz halında qatılmamalıdır. Onlar suda həll olunmalı, suya qarışmış şəkildə azca əlavə olunmalıdır.
Uşağa hər dəfə eyni qidalar yedizdirmək olmaz. Çünki uşaq həm müxtəlif vitaminlər almalıdır, həm də eyni qidaları yemək ona xoş olmayacaq. Azyaşlı uşaqları mümkün qədər qızartmalardan uzaq tutmaq lazımdır. Axşam yüngül yeməklər və yatana yaxın ana südü qəbul etməyi daha yaxşı olar. 1 yaşını tamamlamış uşaqlara əgər allergiyası yoxdursa, inək, keçi südləri də verilə bilər.
– Məktəbyaşlı uşaqların qidalanması haqqında nə deyə bilərsiniz?
– Onlarda ilk olaraq mövsümi qidalanmaya diqqət etmək lazımdır. Mövsümi xəstəliklərin rast gəlindiyi fəsil dəyişiklikləri zamanı onlar bol vitaminli qidalara yönəldilməlidirlər.
– Analar, adətən, uşaqda sancılara səbəb olacağını iddia edərək onların çox su içməsinə icazə vermirlər. Sizcə, bu cür narahatlığa əsas varmı?
– Su insan orqanizmi üçün çox faydalıdır. O, uşaqlarda immuniteti yüksəldir, eyni zamanda mədənin fəaliyyətini yaxşılaşdırır. Hətta istiliyi olan uşaqlara su içirmək məsləhət görülür. Suyu qəbul edərkən onun təmizliyinə fikir vermək lazımdır. Məsələn, ağzıaçıq şəkildə günlərlə saxlanılan su artıq faydalı yox, zərərli hesab olunur. Gün ərzində havada olan bütün mikroblar həmin suya çökür.
İndi isə keçək su qəbulunun qrafikinə. Əgər körpə uşaq ana südü qəbul edirsə və su tələb etmirsə, verildiyi zaman içməkdən imtina edirsə, içməyə bilər. Yəni burada qorxulu heç nə yoxdur. Çünki ana südünün tərkibində ona lazımlı olan hər şey var. Körpələrdə suya tələbatın olub-olmaması dəridə olan quruluqla təyin olunur. Su qəbul edən körpələrə isə valideynlər mütləq şəkərsiz su verməlidirlər. Ümumiyyətlə, yeni doğulmuşlara çay verilməsi doğru deyil. Su daha uyğundur.
Balacalara qaynadılıb soyudulmuş su verilməlidir. Bu, onların həm həzm sistemi, həm də immuniteti üçün olduqca faydalıdır. Suyu yeməkdən bir qədər əvvəl, yaxud da sonra qəbul etməkləri tövsiyə olunur. Yemək əsnasında su içən uşaq toxluq hissi duyur və yeməyindən imtina edir. Bunun üçün yeməklə su qəbulu arasında bir qədər zaman fərqi olmalıdır.
– Uşaqlar, eyni zamanda biz böyüklər də ziyanlı olduğunu bildiyimiz halda sevdiyimiz bəzi qidalardan istifadə edirik. Xüsusən uşaqları onlardan uzaq tutmaq çətindir. Bu işdə valideynlərə məsləhətləriniz.
– Əlavə qidalardan uşaqları mümkün qədər uzaq tutmaq lazımdır, 10 yaşına qədər uşaqlara isə həmin qidalar qəti şəkildə olmaz. Biz böyüklərin orqanizmi ziyanlı qidalarla, müəyyən mənada, mübarizə apara bilir, lakin uşaqlarda bu belə deyil. Həmin qidalar onlarda zəhərlənmə və qəbizlik hallarına gətirib çıxara bilər. Yaxşı olar ki, uşaqlara ev şəraitində hazırlanmış sıyıqlar, şirniyyatlar verilsin.
– İndi isə keçək valideynləri ən çox narahat edən məsələyə – iştahasızlıq hallarına. Bu problemi aradan qaldırmaq üçün valideynlər nə edə bilərlər?
– Altı aya kimi uşaqların iştahasızlıqlarına çox az rast gəlinir. Digər yaşlarda isə bəli, daha çox qarşılaşırıq. Bunun üçün C vitamini ilə zəngin meyvələr yedizdirilməlidir. C vitamini həm iştahanı artırır, həm də immuniteti gücləndirir.
Valideynlər onu da diqqətdə saxlamalıdırlar ki, uşağa zorla yemək yedirmək olmaz. Əgər uşaq xörəyi yemək istəmirsə, o zaman xörəyi ət, kəsmik, alma və giləmeyvə ilə qarışdırıb vermək, yaxud da oyunlar oynayaraq müxtəlif yollarla onda yeməyə maraq oyatmaq lazımdır, nəinki qorxudaraq. Uşağın sinir sistemini pozub ondan normal qidalanma gözləmək olmaz.
Üç yaşından böyük uşaqları isə qətiyyən məcbur etmək olmaz. Bəziləri uşağı normadan artıq yedirməyə çalışırlar. Bu isə onun mədəsinə, bağırsaqlarına əlavə yükdür. Az-az, günün müəyyən hissəsinə bölərək hər qidanı müxtəlif saatlarda yedirmək daha yaxşı olar. Bu zaman həm uşaq iştahalı olacaq, həm də orqanizmi çox yüklənməyəcək. Xüsusilə də axşam saatlarında uşağı çox yeməyə məcbur etmək olmaz. Bu, onlarda mədə ağrısı, köp hallarına gətirib çıxara bilər.
Əziz valideynlər, sizi maraqlandıran, narahat edən məsələləri Səkinə həkim mümkün qədər geniş şəkildə izah etdi. Çalışın ki, uşaqlarınız onlar üçün faydalı qidanı sevsinlər. Belə olduqda sizin də işiniz xeyli asanlaşacaq. Unutmayaq, müəyyən bir yaşa qədər onların qidalanmalarına siz nəzarət edəcəksiniz, sonrakı illərdə nə yeyəcəklərinə özləri sərbəst şəkildə qərar verəcəklər. Buna görə də onları erkən yaşlarından sağlam qidalanmaya alışdırmaq lazımdır.
Fatma BABAYEVA