Hər hansı ölkədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi, ilk növbədə, tibb işçilərinin bilik səviyyəsi ilə müəyyənləşir. Tibbi biliklər isə daim yenilənməli, dünyada bu sahədə əldə edilən yeni məlumatlarla, tətbiq olunan təcrübi bacarıqlarla zənginləşdirilməlidir. Səhiyyə işçilərinin ixtisas səviyyələrinin artırılması muxtar respublikamızda da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu məqsədlə cari ilin ötən 5 ayı ərzində 39 tibb bacısı Naxçıvan Tibb Kollecində, 12 həkim Bakı şəhərində həkimləri təkmilləşdirmə kursunda, 1 həkim İspaniyada, 19 həkim və orta tibb işçisi Türkiyə Respublikasında olmaqla, 27 həkim və 44 tibb bacısı təkmilləşdirmə kurslarında olmuşlar.
Naxçıvan Muxtar Respublikasının tibb müəssisələrində çalışan 7 həkim və bir orta tibb işçisi Ankara Eyitim Araşdırmalar Xəstəxanasında iyunun 1-dən 29-dək davam edəcək kardiologiya və laboratoriya üzrə ixtisaslaşdırma kurslarında iştirak edəcəklər.
Naxçıvan səhiyyəsi üçün səmərəli olan mübadilələrin həyata keçirilməsində Türkiyənin Kocaeli Universitetinin də xidmətləri böyükdür. Naxçıvan əhalisinə tibbi xidmətin daha da yaxşılaşdırılması məqsədilə 5 həkim bir və ikiaylıq ixtisasartırma kursu keçmək üçün Kocaeli Universitetinə göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti